bosanma

“Boşananda uşağı əllərində oyuncaq edirlər” – PSİXOLOQ

Baxış sayı: 374

“Ailə hər bir uşağın həyatında mühüm yer tutur. Bu baxımdan, valideynlərin ayrılması uşağın həm indi, həm də gələcəkdə psixoloji vəziyyətinə əhəmiyyətli formada təsir göstərir. Ailənin dağılmasından təkcə cütlüklər deyil, həm də uşaqlar əziyyət çəkir”.

Bu fikirləri psixoloq İlhamə Musaqızı söylədi.

Boşandıqdan sonra bir-birinə olan nifrəti uşaqlara ötürürlər…

Psixoloqun sözlərinə görə, ailədə boşanmaların baş verməsi uşaqlarda bir sıra psixoloji problemlərin yaranmasına gətirib çıxardır. Bunlara misal olaraq qorxu, aqressivlik, günahkarlıq hissi, qəzəb və s. kimi dağıdıcı emosiya və hisləri misal göstərmək olar. Bu cür dağıdıcı emosiyalar nəticəsində uşaqlarda gücsüzlük yaranır, özünəinam hissi aşağı düşür, özünəqapanma baş verir. Bu isə istər-istəməz onun ətrafdakı insanlarla münasibət qurmasına, gələcəklə bağlı planlarına mənfi təsir göstərir”.

Mütəxəssis vurğuladı ki, cütlüklər arasında baş verən ən kiçik gərginlik belə, uşaqlara təsir edir. Boşandıqdan sonra bir-birinə olan nifrəti uşaqlara ötürürlər təəssüf ki, bu da uşaqların yalnız evdə deyil, kənarda da aqressiv və özünə qapalı olmalarına səbəb olur.

6-11 yaşında olanlar isə özünü aldadılmış hiss edirlər

Psixoloq boşanmaların uşaqlara təsirini yaş aralığına bölərək diqqətə çatdırdı ki, 1-3 yaşında uşaqlar əvvəlkinə baxanda daha tez-tez və çox ağlayırlar,  yuxu problemləri olur, yerini islatmaq və yenidən barmaq əmməyə başlayır, valideynlərindən ayrı qalanda qorxu və narahatlıq hiss edir, əsəb gərginliyi,  dişləmək və narahat edici hərəkətlər edir. Belə olan halda valideynlər əvvəlki kimi gündəlik yaşayışı pozmadan elə də yaşamağa davam etməlidirlər. Hər dəqiqə narahat görünməmək və uşağı inamlı ailə çərçivəsində böyütməlidirlər. Ana və ata ayrı-ayrılıqda olsa da uşağa vaxt ayırmalıdır. 3-6 yaşında olan uşaqlar isə hər şeydə özünü günahlandırırlar. Əsəb gərginliyi artır, hansı valideyniylə yaşayırsa, ona qarşı əsəbi və nadinc olurlar, yuxu problemləri və gecələri qorxulu yuxular görə bilərlər. 6-11 yaşında olanlar isə özünü aldadılmış hiss edərlər. Evdən ayrılan valideyninin qayıdacağına ümid edərlər. Ayrı qalan valideynlərinin artıq onu istəmədiyini fikirləşərlər. Dostları ilə rastlaşdıqda özünü görməzliyə vururlar. Heç kimin onu məktəbdən götürməyə gəlməyəcəyini fikirləşərlər. Baş və qarın ağrılarından şikayət edə bilərlər. Yuxu problemləri yaşayar, yuxu vaxtı pozular. Boşanmada səbəbkar bildiyi, birlikdə yaşadığı ana ya da atasını günahlandırar.

Mütəxəssis tövsiyə edir ki, valideyn olmadan öncə insanlar  bu öhdəliyin önəmini özlərində daşımalıdırlar və danışaraq gərginliyi aralarında həll etməyə çalışmalıdırlar. Uşağı əlində oyuncaq edib istifadə etmək, gələcəkdə onun yalnış davranışının, aqressivliyinin, həyatda özünü fərd kimi tapa bilməməsinin xəbərçisidir.

 

Yaqut Ağaşahqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir