Son günlər boşanmış şəxslər arasında qətllər çoxalıb. Əksər vaxtlarda qadın ərindən boşanır, amma keçmiş əri qadını təqib edir. Onu günlərlə izləyir, güdür, dəfələrlə incidir və nəticədə bir gün vurub öldürür. Bəzən bu qətllərdə başqa insanlar da qurban gedir. Məsələn, qadının anası, atası, bacısı, bəzən övladlar da… Bu cür durumların qarşısını almaq niyə mümkün olmur? Azərbaycanda ən ciddi faciələr boşandıqdan sonra yaşanır.
Bir neçə gün öncə isə Suraxanıda ərini öldürən qadın hakim qarşısına çıxarılıb. O, qətli ərinin işgəncələrindən, ona etdiyi əziyyətlərdən bezərək törətdiyini deyib. 1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İşlə bağlı məhkəmədə qadının 16 yaşı tamam olmayan oğlu dindirilib. O deyib ki, atası hər gün evə içkili gəlirdi: “Əsassız yerə söyüş söyürdü, dava salırdı. Sonuncu dəfə də evə içkili gəldi, anamı döydü. Yumruq vuran zaman qabağa keçdim. Zərbə mənə dəydi, yerə yıxıldım. Adətən yerində uzanıb meyxanaya qulaq asırdı. Yerə tüpürürdü, anamı çağırırdı ki, gəlib təmizləsin”.
Bu cür faktların sayını artıra da bilərik. Ümumiyyətlə, ölkəmizdə boşanma mədəniyyəti yoxdur. Bu cür qətllər əsasən də qısqanclıq zəminində baş verir. Boşanan qadını hüquq-mühafizə orqanları nəzarətə götürməlidirmi?
Bizimlə söhbətdə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, bu, güclə həll olunan məsələ deyil: “Kiminsə ailəsində problemlərin yaşanması hüquq-mühafizə orqanının işi deyil. Bir neçə gün öncə ”Mediasiya haqqında” qanuna əlavələr edildi. Orada boşanmaq istəyən şəxslər arasında mediasiya prosesinin aparılması barədə qərar qəbul edildi. Və bunun tətbiqinə başlanacaq. Söhbət ondan gedir ki, əksər vaxtlarda problem yalnız tərəflər arasında olmur. Ətrafda da təzyiqlər, atmosferi gərginləşdirən hadisələr baş verir. Amma mediatorla danışılsa vəziyyət bu həddə çatmaz. İkinci tərəfdən, bizdə boşanma mədəniyyəti olmadığına görə mediasiya prosesində də çətinliklər olacaq. Bizdə bir-birindən sülh yolu ilə ayrılmaq, yaxud hansısa məsələləri birgə müzakirə etmək çox çətindir. Çünki bu prosesdə iştirakçılar çoxdur. Hər iki tərəfdə qayınata, qayınana və digər amillər.
Üçüncü problem isə qadına əmlak kimi, namus daşıyıcısı kimi baxılmasıdır. Ən pisi isə odur ki, cəmiyyətdə öldürülən qadınların ölüdürülməsi belə dəstəklənir. Bu çox pis haldır. İnsanlarda belə fikir formalaşıb ki, öldürəndə onlar hansısa məsuliyyətdən azad olacaqlar. Qadına bilərəkdən zərbə vurulursa, yüngülləşdirici cəza verilməməlidir. Bəzən bunu uşaqlarla əlaqələndirirlər ki, bu cinayəti “uşaqlarıma görə edirəm”. Bu heç də belə deyil, uşağın taleyi onları narahat etsəydi, özləri tərbiyə edərdilər. Əksər vaxt kiminsə öhdəliyinə buraxırlar. Uşaq ikinci dəfə travma alır. Vəziyyət heç də yaxşı deyil. Son günlər belə hadisələri çox eşidirik. Düşünürəm ki, çox ciddi şəkildə tədbirlərə keçmək lazımdır. Burada hüquq-mühafizə orqanlarının rolu olmalıdır. Artıq “niyə döyübsən sualı” ilə sorğu-sual edilməməlidir. Dərhal uzaqlaşdırılmalı, təhlükəsizlik təmin edilməlidir”.
Sosioloq Sahib Altay isə hesab edir ki, əksər halda qadın və qadının valideynləri, qohumları kişini narkomanlıqda, qumarbazlıqda, kişi və kişi tərəfin valideynləri, qohumları da qadını xəyanətdə, əxlaqsızlıqda günahlandırır: “Azərbaycan insanı sanki ictimaiyyət qarşısında müsahibə vermək, özünü hansı yolla olur, olsun təsdiq etmək ehtiyacı duyur özündə. ”Mənim ailəm dağılıb, camaatın qarşısında çıxıb, yalandan nə gəldi danışmalıyam, bircə günahı qarşı tərəfin üzərinə yıxa bilim” düşüncəsi. Baxmayaraq ki, anlaşılmazlıq iki nəfərin arasında olur, bunlar isə içindəki kini, nifrəti uşaq vasitəsilə soyutmağa çalışır. Səbəbkarın kim olmasından asılı olmayaraq heç bir ananın, heç bir atanın haqqı yoxdur ki, bu məsələyə uşaqları da qarışdırsın. Əksər boşanma aktlarında uşaqlar anada qaldığı üçün əksər hallarda bu bəndin icrasını qadınlarda-analarda müşahidə edirik. Uşağın yanında atanı söyürlər, təhqir edirlər, onu mənfi obraz kimi təqdim etməyə çalışırlar. Uşaq da müəyyən yaş həddinə kimi ananın ata haqqında danışdıqlarına inanır, xeyli travma alır. Müəyyən yaşa kimi atasına nifrət edir, müəyyən yaşdan sonra deyilənlərin yalan olduğunu görüb, anasına nifrət etməyə başlayır”.
Sosioloqun fikrincə, Azərbaycanda əksər boşanma aktından sonra uşaq anadadırsa ana, atadırsa ata, uşaqla atanın və ananın az ünsiyyətdə olmasına çalışır: “Əksər aktlarda uşaq anada qaldığı üçün ana uşağın atayla görüşməsinə narazı olur. Atasıyla görüşüb, yüksək əhval-ruhiyyə ilə evə qayıdan uşağı ana atasına qısqanır. Qorxur ki, ata uşaqda sevgi yaradıb, onu anasının əlindən alar. Ölkədə hökm sürən məişət və mentalitet qaydalarına görə boşanan tərəflər, əsasən də qadın yenidən ailə qura bilmir. Boşanıb, yenidən ailə qurmaq istəyən qadınlara da ya gedib, Rusiyada 40-45 yaşına kimi kef çəkib, birdən ailə qurmaq eşqinə düşən, ya həyat yoldaşı vəfat edən, ya boşanan, ya da birinci həyat yoldaşından övladı olmayan kişilər ailə qurmaq təklif edir”.
Afaq MİRAYİQ