bosanma

Boşananların uşaqları əllərindən alınsa... – İki tanınmışdan REAKSİYA

Baxış sayı: 576

Azərbaycanda boşanmaların sayının artması artıq təkcə statistik göstərici deyil, cəmiyyətdə ciddi narahatlıq doğuran sosial məsələyə çevrilib. Məhz bu həssas fonda tanınmış simaların səsləndirdiyi təkliflər geniş müzakirə və birmənalı qarşılanmayan reaksiyalar doğurur.

Müğənni Eldəniz Məmmədov boşanmaların qarşısını almaq üçün cərimə mexanizminin tətbiqini təklif edərək bildirib ki, Türkiyədə bu sahədə sərt qaydalar var və Azərbaycanda da oxşar qanun tətbiq olunmalıdır: boşanan cütlüklər dövlətə 30–40 min dollar, hətta 50 min dollar cərimə ödəsinlər ki, ailələr dağılmasın. Onun fikrincə, sevgi azaldığı və sosial şəbəkələrdə tanışlıqlar artdığı üçün boşanmalar çoxalır və maddi sanksiya insanları “yola gətirə” bilər. Digər müğənni Elnar Xəlilov isə daha sərt təkliflə çıxış edərək qeyd edib ki, əgər boşanan ailədə yetkinlik yaşına çatmayan uşaq varsa, həmin uşaq hər iki valideyndən alınaraq sığınacağa yerləşdirilməli və valideynlərin hər birindən gəlirlərinin dörddə biri aliment kimi tutulmalıdır. Bu fikirlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə ciddi rezonans doğurub. Bir çoxları bunu insan hüquqlarının məhdudlaşdırılması, ailə institutuna inzibati təzyiq kimi qiymətləndirir. Xüsusilə uşaqların sığınacağa verilməsi ideyası ən çox tənqid olunan məqamlardan biridir. Axı uşaqlar heç bir halda valideynlərin münasibətlərinin qurbanına çevrilməməlidir. Onların psixoloji travması mümkün qədər azaldılmalı olduğu halda, belə bir yanaşma əksinə, əlavə zərbə vura bilər.

Sığınacaq həqiqətən çıxış yoludurmu? Boşanmaların qarşısını cərimə və məcburetmə ilə almaq mümkündürmü? 

Onların da amnistiyaya düşməsini istərdim” – Novella Cəfəroğlu

Tanınmış hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu müğənnilərin təklifini tənqidlə qarşılayıb:

“Bu təkliflər tamamilə absurddur. Məsələn, İranda oğurluq edənin əlinin kəsilməsi kimi sərt cəzalar var. Amma gəlin baxaq: bu, oğurluğun tamamilə aradan qalxması deməkdirmi? Xeyr. Deməli, məsələ cəzanın sərtliyində deyil, qanunların düzgün və ədalətli icrasındadır.
Vaxtilə çox az adam valideynlərinin sözünə baxmayaraq evlənirdi. Ailələr arasında böyüklər oturub danışar, razılaşar, məsləhətləşər, bir çox məsələləri öz aralarında həll edərdilər. Boşanma o dövrdə həqiqətən də qəbahət sayılırdı. Ata-analar boşanmanın qarşısını almağa çalışar, ailəni qorumağa səy göstərərdilər. Qadına deyilirdi ki, uşaqla qalacaqsa, cəmiyyət çox söz deyəcək. Bu sosial təzyiq səbəbindən bir çox qadınlar istəməsələr belə boşanmırdılar.
Bu gün isə vəziyyət dəyişib. Boşanmaq daha asanlaşıb. Çünki qadınlar artıq maddi baxımdan özlərini təmin edə bilirlər. Bu, əslində çox müsbət haldır. Qadın öz ayaqları üstündə dura bilir, uşağını da saxlaya bilir, alimentlə birlikdə həyatını davam etdirə bilir. İqtisadi müstəqillik qadına seçim imkanı verib.

Digər tərəfdən, Azərbaycanda ailə dəyərlərinin zəiflədiyi də faktdır. Məsələn, Amerikada boşanmaların çox az olduğu deyilir, çünki ailə institutuna böyük önəm verilir. Televiziyalar və sosial şəbəkələr isə ailələri tamamilə başqa istiqamətə yönəldib. Avropadan və Amerikadan yaxşı nümunələri deyil, daha çox mənfi təsirləri götürürük. O ki qaldı boşanan valideynlərin uşaqlarının sığınacağa verilməsi məsələsinə – bu, tamamilə cəfəngiyyatdır. Uşaq yalnız o halda sığınacağa yerləşdirilə bilər ki, valideynlər ona qarşı zorakılıq etsin, ona baxmaqdan imtina etsin. Əks halda, uşaqlar valideyn himayəsində böyüməlidir. Valideynlər boşana bilər, amma valideynlik hüququ və məsuliyyəti qalır”.

Əkrəm Həsənov: Texniki problem, yoxsa tamahkarlıq? - MEYDAN.TV

Hüquqşünas Əkrəm Həsənov isə səslənən hər iki fikri cəfəngiyyat adlandırıb:

“Türkiyədə boşanmaya görə dövlətə on minlərlə dollar cərimə tətbiq edilməsi ilə bağlı hər hansı qanun mövcud deyil. Ola bilər ki, kiminsə kimdənsə eşitdiyi, dəqiqləşdirilməmiş məlumat ictimai fikrə bu şəkildə təqdim olunur. Halbuki ailə qurmaq da, boşanmaq da hər bir insanın fundamental hüququdur. Üstəlik, vurğulamaq vacibdir ki, İslam dünyasında boşanma hüququ tarixən adi hüquqi mexanizm kimi qəbul olunub. Müsəlman cəmiyyətlərində bu məsələ heç vaxt tabu sayılmayıb. Əksinə, xristian dünyasında boşanma uzun müddət qadağan edilib və yalnız son iki əsrdə bu hüquq daha geniş şəkildə tanınıb. Bu baxımdan boşanmanı fövqəladə, cəmiyyət üçün qəbuledilməz hadisə kimi təqdim etmək nə dini, nə tarixi, nə də hüquqi baxımdan əsaslıdır.

Hesab edirəm ki, səsləndirilən kimi 50 min dollar cərimə tətbiq olunsa, bu boşanmaların sayını azaltmayacaq. Əksinə, nikahların bağlanmasının sayını azaldacaq. Onsuz da hazırda rəsmi nikahların sayı azalmaqda davam edir. İnsanlar rəsmi nikaha daxil olmaqdan çəkinir, qeyri-rəsmi münasibətlərə və qeyri-rəsmi birlikdə yaşamağa üstünlük verirlər”.

Əkrəm Həsənovun fikrincə, belə bir cərimə mexanizmi tətbiq olunsa, insanlar ümumiyyətlə rəsmi nikahdan qaçacaq, nəticədə nikah institutu daha da zəifləyəcək:

“Halbuki nikah institutu hazırda təkcə Azərbaycanda deyil, əksər ölkələrdə ciddi tənəzzül mərhələsini yaşayır. Bunun qarşısını inzibati təzyiq, cərimə və məcburetmə yolu ilə almaq mümkün deyil”

.

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir