Azərbaycanda nikah müqavilələrinin bağlanmaması tərəflər arasında ciddi mülkiyyət mübahisələrinə səbəb olur. Mülkiyyət hüququnun toxunulmazlığı və boşanmalardan, ümumiyyətlə, ailə-nikah münasibətləri pozulduqdan sonra yaranan mülkiyyət münasibətləri çox ciddi problemə çevrilir. Vətəndaşlar, xüsusən azyaşlı uşaqlarla birlikdə qadınlar gözləmədikləri halda bir evdə yaşamalarına baxmayaraq, mülkiyyət sahibi olmadıqlarını görürlər. Bir də məsələnin digər tərəfi, qeyri-rəsmi nikahdan yaranan hüquqi münasibətləri var. Bizə ancaq vətəndaşlara xatırlatmaq qalır ki, nikah münasibətləri rəsmiləşdirilən zaman ənənələrlə yanaşı, hüquqa söykənən addımlar atmaq lazımdır, müqavilələr imzalanmalıdır, qadının adı mənzildən çıxarışda öz əksini tapmalıdır ki, gələcəkdə mübahisələr yaranadıqda, onun yaşamaq və mülkiyyət hüquqi qorunmuş olsun.
Qanunvericilikdə də var ki, vətəndaşlar ailə qurarkən onlara nikah müqaviləsi bağlamaq təklif olunur. Mənə belə gəlir ki, həmin anda hüquqdan çox ənənələr üstünlük təşkil edir. Hamı xoşbəxtlik arzu edir, hamı ailə qurarkən gələcəkdə narahat edəcək amillər barədə düşünmür. Bu, emosiyalar əsasında baş verir, lakin sonra mübahisə yarananda məlum olur ki, ortada qadını, onun övladlarını qoruyacaq heç bir hüquqi sənəd yoxdur.
Bəs görəsən, Azərbaycan qanunvericiliyində boşanma prosesi üçün qoyulan müddətin az olması nikah münasibətlərinin pozulmasına təsir edirmi?”
Boşanma prosesi üçün qoyulan müddətin problem yaratdığını demək olmaz, çünki nikah iki şəxsin arasında olan müqavilədir. Bəzən müraciətlər daxil olur ki, hakim işə baxır və humanist mövqedən çıxış edir, çalışır ki, ailə qorunsun və saxlanılsın. Amma tərəflər israr edir və ikisi də çalışır ki, boşanma tez baş versin. Məncə problem burda deyil, hüquqi yolla, müddətlə yox, digər sosial-mədəni tədbirlərlə ailə münasibətlərinə təsir etmək olar. Bu müddətin 3 ay, 2 ay və ya 6 ay olması statistikaya ciddi təsir etməz. Çünki bu münasibətlər sosial-mədəni sektora söykənir, nəinki hüquqi məsələlərə. Məncə bu məsələyə vaxt itirməyə dəyməz.