BOSANMA

Boşanma: problemin sonu, yoxsa yeni başlanğıc?

Baxış sayı: 1. 402

28 yaşlı Gülnar Mehdiyeva 2016-cı ildə 32 yaşlı Ruslan Muradovla rəsmi nikaha daxil olub. Amma bu cütlüyün evlilik həyatı cəmi 3 il sürüb və bu ilin yanvarında tərəflər nikah münasibətlərinə rəsmən son veriblər. Lakin cütlük boşanarkən nə Gülnara, nə də onun iki yaşlı oğlu Uğura ailənin vaxtilə bir yerdə yaşadığı 3 otaqlı mənzildən heç bir pay verilməyib. Hazırda isə Gülnar oğlu ilə bərabər ata evinə qayıdaraq valideynlərinin kirayədə qaldığı birotaqlı mənzildə yaşamaq məcburiyyətindədir.

Qeyd edək ki, mövcud təcrübə də nikahın pozulmasından sonra yaranan ən böyük problemin əmlak bölgüsü zamanı meydana gəldiyini göstərir. Elə bu səbəbdəndir ki, bu gün məhkəmələrdə araşdırılan işlərin böyük qismi məhz boşanma zamanı yaranan əmlak mübahisələri ilə əlaqədardır.

Bəs görəsən, nikahın pozulması zamanı əmlak mübahisəsinin ortaya çıxmasının səbəbi nədir? Ümumiyyətlə, yerli qanunvericilik boşanma zamanı və yaxud boşanmadan sonra yaranmış əmlak mübahisələrinin həllini necə tənzimləyir?

«Təmiz Dünya» Qadınlara Yardım  İctimai Birliyin sədri Mehriban Zeynalova hesab edir ki, ailələrin dağılması zamanı daha çox qadınların hüquqlarının pozulması onlara ikinci dərəcəli şəxs kimi baxılmasından irəli gəlir. Ekspertin sözlərinə görə, adətən qadınlar öz hüquqlarını bilmədiyindən boşanma prosesində ciddi problemlərlə üzləşirlər: «Bizə də boşanma prosesindən sonra yaranan problemlərlə bağlı çoxsaylı müraciətlər daxil olur. Məsələni araşdırarkən məlum olur ki, ya əmlak bölgüsü zamanı qadına pay düşməyib, ya da uşağa aliment kəsilməyib. Sözsüz ki, bütün problemlərin əsas qaynağı qadınların öz hüquqlarını bilməməsidir. Əgər qadınlar öz hüquqları barədə məlumatlı olarsa, o zaman onlar ailə qurarkən daha tədbirli davranarlar».

 

Şərti şumda kəsmək lazımdır ki…

Mehriban Zeynalova problemdən çıxış yolu kimi nikaha daxil olan cütlüklərin nikah müqaviləsi bağlamasını vacib sayıb. Onun sözlərinə görə, yeni ailə quran cütlüklər mütləq nikah müqaviləsi bağlamalıdırlar: «Düzdür, ailə qurarkən heç kim boşanacağını düşünmür və ailəsinin əbədi olacağına ümid edir. Amma bu danılmaz faktdır ki, hər qurulan ailə uğurlu alınmır. Ona görə də gənclər ailə qurarkən ağılla hərəkət etməlidirlər. Əgər yeni cütlüklər nikah müqaviləsi bağlayarlarsa, boşanma prosesində əmlak və digər məsələlərin bölgüsü zamanı problem də ortaya çıxmaz. Necə deyirlər şərti şumda kəsmək lazımdır ki, sonradan tərəflər arasında münaqişə yaranmasın».

 

Qazancı olmayanların əmlak hüququ

Yerli qanunvericilikdə boşanma zamanı və yaxud boşanmadan sonra yaranmış əmlak mübahisələri həllinin necə tənzimlənməsinə aydınlıq gətirən Azərbaycan Hüquq İslahatları Mərkəzi” (AHİM) ictimai birliyin sədri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov isə bildirir ki, məhkəmə təcrübəsində tərəflər arasında boşanma zamanı və yaxud boşanmadan sonra yaranmış əmlak mübahisəsi qüvvədə olan Mülki və Ailə Məcəllələrinin tələblərinə uyğun öz həllini tapır: “Hər iki Məcəllədə qeyd olunur ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyətidir. Burada istisna hal ondan ibarətdir ki, tərəflər arasında bağlanmış nikah müqaviləsində və ya onların arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmasın”.

Vəkil bildirir ki, nikaha girməzdən əvvəl tərəflərin hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun öz mülkiyyətidir: “Məsələn, ərə babasından vərəsəlik qaydasında verilmiş mənzil və ya arvada toy hədiyyəsi kimi verilmiş müxtəlif zinət əşyası onların öz mülkiyyətidir və birgə mülkiyyət sayıla bilməz. Həmçinin fərdi istifadə olunan əşyalar – geyim, ayaqqabı və s. əşyalar ümumi vəsait hesabına əldə edilsə də belə həmin əşyadan istifadə edən şəxsin öz mülkiyyəti hesab edilir”.

AHİM sədri qeyd edir ki, bəzi hallarda ailədə arvadın müstəqil qazancının olmaması, bütün əmlakların ər tərəfindən alınması səbəbindən onların birgə mülkiyyəti hesab edilə bilməməsi barədə cəmiyyətimizdə yalnış mövqe mövcuddur. Lakin qeyd edilməlidir ki, nikah dövründə ev təsərüffatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan arvad da belə ümumi əmlak üzərində eyni hüquqa malikdir.

Anar Bağırovun sözlərinə görə, Ailə Məcəlləsində boşanma zamanı ərlə arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsi məhkəmə tərəfindən həll edilməli olan məsələ kimi nəzərdə tutulmuşdu: “Ər-arvad birgə nikah dövründə əldə etdikləri ümumi əmlakı öz aralarında bağlanmış notariat qaydasında təsdiq edilmiş sazişə əsasən bölə bilərlər. Mübahisə yarandığı təqdirdə tərəflər ümumi əmlakın bölünməsini və yə həmin əmlakda payının müəyyən olunmasını məhkəmə qaydasında tələb edə bilərlər. Təcrübədə bir qayda olaraq ər-arvadın birgə nikah dövründə əldə etdikləri ümumi əmlak bölündükdə onların payları bərabər müəyyən olunur. Bəzi hallarda yetkinlik yaşına çatmayan uşağın mənafeyi-nəzərə alınaraq ümumi əmlakdakı paylar bərabər bölünməyə də bilər”.

Vəkil əlavə edir ki, tərəflər arasındakı nikah münasibətlərinə xitam verildikdən sonra arvadın və ərin birgə yaşadığı mənzildə yaşayış hüququnun mövcud olub-olmaması da aktual problemlərdəndir: “Məhkəmə təcrübəsinə əsaslanaraq qeyd etmək istəyirəm ki, arvadın ərlə birlikdə nikah zamanı yaşadıqları mənzildə boşanmadan sonra yaşayış və istifadə hüququnun mövcud olması barədə mübahisə həll edilərkən ilk öncə mənzilin hüquqi vəziyyəti qimətləndirilməlidir. Mülki Məcəllənin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə bağlanmış, notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma zəruridir. Məsələn, gəlinin qayınatasının mülkiyyətçisi olduğu evdə yaşaması üçün qayınatası ilə aralarında notarial qaydada təsdiq olunmuş razılaşma olmalıdır. Bu müddəa ilə bağlı Konstitusiya Məhkəməsi tərəfindən bir neçə Plenum qərarı qəbul edilib. Bəzi hallarda məhkəmələr öz qərarlarında bu növ mübahisələrə qiymət verərkən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün tərəflər arasındakı etibarlı ailə əlaqələrinin əsas rol oynadığını göstərirlər. Məsələn, mülkiyyətçi ər olarsa, bu halda arvadın onlar arasında etibarlı ailə əlaqələrinin olması məhkəmələr tərəfindən əsas kimi qəbul edilir”.

 

Qanunvericilikdə ziddiyyət

Yaşayış sahəsindən istifadə hüququna gəlincə isə Anar Bağırov bildirir ki, yaşayış sahəsindən istifadə hüququ olan mənzil mülkiyyətçisinin hər bir ailə üzvü, hətta boşanmadan sonra mənzildən sərbəst surətdə istifadə edə bilər: “Ailə üzvünün mənzildən istifadə hüququna xitam vermək üçün Mülki Məcəllədə kompensasiya institutu nəzərdə tutulub. Kompensasiya institutu dedikdə cəmiyyətimizdə mənzildən istifadə hüququ olan şəxsə mənzilin bölünməsini və dəyərindən ona pay ödənilməsini tələb etmək hüququ kimi anlaşılır. Bunun yanlış mövqe olduğunu bildirməklə qeyd etməliyəm ki, kompensasiya – istifadəçiyə mülkiyyətçinin hesabına müəyyən müddət daxilində əvvəlki mənzildə olan şəraitlə müqayisədə başqa yaşayış yerində oxşar yaşamaq imkanını verən bir institutdur”.

Onun sözlərinə görə, 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsində nəzərdə tutulub ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır: “Zənnimcə, bu müddəa ilə Mülki Məcəllənin şərh olunan müddəası arasında ziddiyyət vardır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun göstərişini rəhbər tutaraq qeyd edilməlidir ki, Mülki Məcəllə mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə, Mülki Məcəllə tətbiq edilir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir