bosanma

Boşanma sonrası hansı problemlər yaranır?

Baxış sayı: 1. 270

“… İki uşaqla necə boşanım? Boşanım, hara gedim? Evdən çıxanda, dədəm dedi ki, nə olursa-olsun, boşanıb bu qapıya qayıtma. Hər gün döyülüb-söyülməkdən, dava-qırğından boğaza yığılmışam. Amma dözməkdən, susub oturmaqdan başqa çarəm yoxdur. Taleyimlə barışmışam. Demək, mənim də bəxtim belə yazılıb. İşim, savadım yoxdur, boşanıb, bu iki uşağı necə saxlayacağam? Övladlarıma görə hər gün bu əzab-əziyyətə dözürəm. 5 ildir ki, eyni həyat tərzi ilə yaşayırıq. Neçə dəfə boşanmağa cəhd etmişəm, amma uşaqlar gəlib gözümün qarşısına, onlara görə boşanmaq fikrimdən daşınmışam”.

Bu sözləri bizimlə söhbətində Nərgiz xanım dedi. 5 ildir evli olan Nərgiz xanımın ailəsində problemlər bitib-tükənmək bilmir. Əslində, Nərgiz xanım aysberqin görünən tərəfidir. Hazırda, boşanmaq istəyib də boşana bilməyən, min bir əzab-əziyyətlə evliliyini davam etdirən yüzlərlə ailə var. Məsələnin dərinliyinə vardıqda, həmin ailələrin boşana bilməməklərinin bir çox səbəbləri ortaya çıxır. Qadının təhsilsiz, işsiz olması, iqtisadi baxımdan özünü təmin edə bilməməyi, cəmiyyətin boşanmış qadına birmənalı yanaşmamağı, uşaqların olması və s. bu səbəblərdəndir. Sadalan səbəbləri göz önünə gətirərək, bəzi münaqişəli ailələr evliliklərini davam etdirirlər. Amma təəssüf ki, bu, vəziyyətdən çıxış yolu deyil. Çünki insan nə qədər hər gün zorakılığa məruz qalaraq yaşaya bilər? Əgər qarşı tərəf zorakılıq tətbiq etməkdə davam edirsə, nəyə görə qadın buna dözüb həyatını bu cür sonlandırmalıdır? Yanlış anlaşılmasın, biz insanların boşanmağının, ailələrin dağılmağının tərəfdarı deyilik. Əksinə, ötən ilin yanvar-oktyabr aylarında 12 min 396 boşanmanın rəsmiləşdirilməsi və boşanmalara səbəb kimi də ən birinci məişət zorakılığının göstərilməsi çox üzücüdür. Demək ki, nə qədər inkişaf etsək də, hələ də insanlar arasında zorakılığın tətbiq edilməsi halı mövcuddur. Təbii ki, yuxarıda qeyd edilən statistika kifayət qədər böyükdür. Amma buna baxmayaraq, Nərgiz xanım kimi yaşadıqlarına dözən, susub evliliyini davam etdirən, boşana bilməyən xanımlar da var. Belə xanımlar boşanmamaqla düzgün addım atdıqlarını fərz edirlər, lakin bunun fəsadları haqqında heç fikirləşmirlər. Bəlkə də yazımızı oxuyan şəxslər boşanmamağın nə kimi fəsadları olacağını düşünürlər. Ona görə mütəxəssislərlə boşanmamağın səbəblərini və bu addımın gələcəkdə hansı problemləri yarada biləcəyini müzakirə etdik.

İntihar və ya cinayət hadisəsi ilə nəticələnə bilər

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova qadınların boşana bilməmə səbəblərindən danışdı: “Çox təəssüf ki, cəmiyyətdə belə bir stereotip formalaşıb ki, qadın ona edilən haqsızlığa, zorakılığa dözməlidir. Bu stereotipləri qırmaq lazımdır. Çünki qadın ilk növbədə şəxsiyyətdir və onun hüquqları var. Kimsə onun hüququnu pozub, şəxsiyyətini alçalda bilməz. Ona görə də qadınlar davamlı olaraq baş verən zorakılıq hallarına dözməməlidirlər. Digər bir səbəb isə qadınların yaşadıqları həyat tərzi ilə mübarizə aparmalarıdır. Həmin qadınlar zamanla həyat yoldaşlarını zorakılıqdan çəkindirəcəklərini, vəziyyətin düzələcəyini düşünürlər. Bu, dözmək deyil, iradə məsələsidir. Yəni qadınlar özlərinə güvənirlər ki, həyat yoldaşlarının fikirlərini, dünyagörüşlərini dəyişəcəklər. Təbii ki, öz məqsədinə nail olanlar da, ola bilməyənlər də var. Təəssüf ki, bu istəyinə çatmayanlar üçün boşanmaq bir növ çıxış yolu sayılır. Çünki qadın davamlı olaraq şiddətə məruz qalarsa, özünə olan inamını və hörmətini itirər. Bu isə intihar və ya cinayət hadisəsi ilə nəticələnə bilər. Ona görə də bu kimi ailələrdə boşanma daha labüd yol sayılır”.

Müdir müavini qeyd edir ki, məişət zorakılığına məruz qalan xanımlar arasında iqtisadi cəhətdən özünü təmin edə bilməyən, təhsilsiz qadınlar daha çoxdur. Buna görə də qadınların təhsil alması, onların məşğulluq fəaliyyətinin genişləndirilməsi çox vacibdir.

Cəmiyyətdə boşanmış qadınlara münasibət birmənalı deyil

Sosioloq Əhməd Mansurov qadınların boşana bilməməyinə bəzi sosial-iqtisadi, psixoloji amillərin təsirinin olduğunu qeyd edir: “Bəzi qadınlar fiziki, psixoloji, hətta cinsi zorakılıqla üzləşsələr belə boşanmaq üçün addım atmırlar, daha doğrusu ata bilmirlər. Buna isə ilk növbədə sosial-iqtisadi, psixoloji amillər təsir edir. Digər tərəfdən cəmiyyətin qınağı da bu işdə böyük rol oynayır. Çünki cəmiyyətdə boşanmış qadınlara münasibət birmənalı deyil, onlara qarşı ayrı-seçkilik tətbiq edilir. Qadın boşanma addımı atmaq istəyəndə, hətta öz valideynləri belə buna müsbət yanaşmır. Beləcə, qadınlar məcburi şəkildə zorakılıq hallarına dözməli olurlar. Qadınlar iqtisadi səbəblər ucbatından da zorakılığa susurlar. Çünki onların iş təcrübəsi, təhsili yoxdur, boşansalar belə, həyatlarını necə təmin edəcəklərini, övladlarını necə saxlayacaqlarını düşünürlər. Nəticə etibarı ilə qadının kişidən iqtisadi asılılığı yaranır. Onun həyat yoldaşından ayrı yaşamağı iqtisadi baxımdan imkansız olur”.

 

“Stokholm sindromu”

Sosial təsirlərdən danışan müsahibimiz onların mental dəyərlərlə qidalandığını bildirir: “Boşana bilməməyin digər səbəbləri isə sosial təsirlərdir. Hansı ki o təsirlər mental dəyərlərlə qidalanır. Qadın düşünür ki, boşanarsa, ailə üzvləri, cəmiyyət onu qəbul etməyəcək. Bəzən həlledici məsələlərdə belə, bu qadınların yerinə başqaları qərar verir. Həmin qadınlarda özünü qurban vermək hissi yaranır. Bu daha çox psixoloji zorakılıq zəminində baş verir. Qadınlar bu kimi məqamlarda sərbəst addım ata bilmirlər. Hətta özlərinin düşdükləri vəziyyətə layiq olduqlarını düşünürlər. Buna isə elmdə “Stokholm sindromu” deyirlər. Bu sindromu yaşayan qadınlar həyat yoldaşlarının onlarla kobud davranışını, zorakılığını qəbul edirlər. Beləcə, onlarda psixoloji asılılıq yaranır”.

 

Dözümlülük ölüm halı ilə nəticələnir

Sosioloq deyir ki, bəzən bu dözümlülük həmin qadınların ölümü ilə nəticələnir: “Belə qadınların səhhətində problemlər yaranır. Psixoloji baxımdan övladlarının tərbiyəsi ilə məşğul ola bilmir. Aqressivləşir, qeyri-adekvat olmağa, özünə qapanmağa başlayır. Hətta bəzən xanımlar o həddə qədər zorakılığa dözürlər ki, artıq onların həyatı üçün təhlükə yaranır, ölüm halı baş verir. Təsadüfi deyil ki, Azərbaycanda qadınların ən çox ölüm halları məişət zorakılığı nəticəsində olur. Bunun səbəbkarı isə birbaşa olaraq cəmiyyət və sosial münasibətlər sistemidir”.

Boşanma faciə, ayıb kimi qiymətləndirilir

Qadın və Uşaq Akademiyası İctimai Birliyinin sədri Sevinc Fədai qeyd edir ki, yalnız təhsilsiz, iqtisadi baxımdan özünü təmin edə bilməyənlər yox, kifayət qədər yaxşı karyerası, savadı olan xanımlar da zorakılığa məruz qalsalar da, boşana bilmirlər: “Bu qadınlar isə ictimai qınaqdan çəkinirlər. Çox təəssüf ki, bizim cəmiyyətdə boşanma faciə, ayıb kimi qiymətləndirilir. Bu cür həyat tərzi ilə yaşayan xanımlara kömək etmək üçün ilk növbədə düşüncəni dəyişmək lazımdır. Maarifləndirmə işi aparılmalıdır. Çox yaxşı haldır ki, xanımları maarifləndirmək üçün istər dövlət qurumları, istər Qeyri Hökumət Təşkilatları müxtəlif təlimlər, seminarlar keçirirlər. Amma biz gözləməməliyik ki, kimsə seminar təşkil edib, bu xanımları ora çağırsın. Çünki bu cür qadınların evdən çıxıb harasa getmək imkanı olmur. Ona görə biz bu işdə kütləvi informasiya vasitələrinin dəstəyindən istifadə etməliyik. Belə ki, televiziyalarda bu istiqamətdə verilişlər hazırlamaqla, mətbuatda bu problemi işıqlandırmaqla onları düşdükləri vəziyyətdən xilas edə bilərik. Təbii ki, sosial medianın da bu işdə rolu böyükdür. Mən təşkilat sədri olaraq fikirlərimi sosial şəbəkədə bölüşürəm. Düşünürəm ki, özgüvəni bərpa olan, hüquqlarını bilən qadınlar heç nədən çəkinməyəcək. Həyatını zorakılığa məruz qalaraq davam etdirməyəcək”.

Münaqişəli ailə şəraitində böyüyən uşaqlarda davranış pozğunluğu

Bu da danılmaz faktdır ki, ailə vəziyyətinin bu cür davam etdirilməsi ən çox uşaqların sosial, psixoloji inkişafına mənfi təsir edir. Uşaq psixoloqu Nərgiz Süleymanlı deyir ki, evlilikdə qadına şiddət, zorakılıq hökm sürürsə, ayrılmaq yeganə çarə olsa belə, “övladlarını düşünərək” boşanmırlarsa, ən böyük haqsızlığı övladlarına edirlər: “Onlar uşaqlarının normal, sakit ortamda yaşamaq hüququnu əlindən alırlar. Tərəflər anlamalıdırlar ki, onlar valideyn olduqdan sonra əsas vəzifələri övladlarının xoşbəxtliyi üçün çalışmaq olmalıdır. Amma təəssüf ki, günümüzdə münaqişəli ailələrdə böyüyən, sosial, psixoloji travmalar alan kifayət qədər uşaqlar var. Bir ailədə ana-ata arasındakı münasibətin uşağın tərbiyəsində, psixologiyasında, yaşam səviyyəsində nə dərəcədə önəmli olduğu dəfələrlə vurğulanıb, müzakirə edilib. Uşaqlar atalarını nə qədər sevsələr də, analarına istər mənəvi, istər fiziki zorakılıq göstərən ataya qarşı aqressivləşirlər. Dava-dalaş, gərgin ailə şəraitində böyüyən uşaqlarda dırnaq yemə, alt islatmaları və s. kimi davranış pozğunluğu, diqqət və özgüvən əksikliyi, yuxu və qidalanma problemləri, məktəbdə uğursuzluq və bir sıra psixoloji problemlər müşahidə edilir. Digər tərəfdən, uşaq üçün ata modelinin mənfi yöndə dəyişməsi onun insanlara qarşı güvənsiz və inamsız baxış tərzini formalaşdırır. Bu baxış tərzi zamanla nifrətə çevrilir, onu ailədən, evdən uzaqlaşdırır. Onu qeyd edim ki, zorakılığa məruz qalan qadının da psixoloji vəziyyəti övladlarına yetəri qədər müsbət təsir etmir. Gərgin, aqressiv, özünü bədbəxt hiss edən qadının övladına rahat şəkildə diqqət ayırması və sevgi verməsi heç də asan olmur”.

Uşaqlıqda alınan travmalar

Psixoloq qeyd edir ki, hansısa uşağın belə ailədə böyüməsi yalnız onun və ailəsinin deyil, ümumilikdə cəmiyyətin problemi olur: “Cəmiyyət bu cür məsələlərdə laqeyd qalmamalıdır. Valideynlər arasında yaşanan gərginliklər uşaqların şüuraltına ciddi təsir edir, travma alırlar. Uşaqlıqda alınan travmalar da gələcəkdə onların sosial, psixoloji inkişaflarına, xüsusilə də ailə həyatlarına mənfi təsir edir. Bu işdə müəllimlərin, məktəb psixoloqlarının rolu böyükdür. Onlar daim uşaqları nəzarətdə saxlamalı, onların istər dərslərinə hazırlıqlarında, istər psixoloji vəziyyətində dəyişiklik müşahidə edərlərsə, mütləq şəkildə müdaxilə etməlidirlər. Uşaqda baş verən dəyişikliklə bağlı dərhal ailəyə xəbər verib, onları mütəxəssisə yönləndirməlidirlər”.

Mütəxəssislərin fikirlərindən aydın oldu ki, qadınların məişət zorakılığına məruz qalmalarına baxmayaraq, boşanmama səbəbləri təhsilsiz və işsiz olmalarıdır. Təhsil insanın, xüsusilə də qadının həyatında böyük rol oynayır. Təhsilli qadın təhsilli uşaq, sağlam gələcək və cəmiyyət deməkdir. Ona görə də sağlam cəmiyyət və gələcək naminə qadınların təhsil almasına xüsusi diqqət yetirilməlidir.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir