bosanma

“Boşanma uşaqlar üçün çətin və həssas bir dövrdür”

Baxış sayı: 528

“Son illərdə boşanma hallarının artması cəmiyyətin sosial və psixoloji mühitində ciddi dəyişikliklərin göstəricisidir. Boşanma yalnız iki insanın ayrılması deyil, eyni zamanda uşağın həyatında emosional, sosial və davranış səviyyəsində mühüm təsirlər yaradan bir prosesdir”.

Bu sözləri psixoloq Aytən Ələkbərova deyir. Onun sözlərinə görə, uşaq üçün ailə təhlükəsizlik, sabitlik və sevgi mənbəyidir: “Valideynlərin ayrılması isə bu sabitliyin pozulması kimi qəbul edilir və bu vəziyyət onun daxili dünyasında narahatlıq yarada bilər. Boşanma prosesində uşaqlar tez-tez qorxu, kədər, günahkarlıq və tərk edilmə hissləri yaşayırlar. Xüsusilə kiçik yaşlı uşaqlar valideynlərin ayrılmasına özlərinin səbəb olduğunu düşünə bilirlər. Bu isə özünə inamın azalmasına və emosional gərginliyə səbəb olur. Məktəb yaşlı uşaqlarda diqqət dağınıqlığı, dərs göstəricilərinin aşağı düşməsi, aqressiv davranış və ya əksinə, qapanıqlıq kimi hallar müşahidə oluna bilər. Yeniyetmələrdə isə valideynlərə qarşı inciklik, etibar problemləri və gələcək münasibətlərə qarşı mənfi baxış formalaşa bilər. Lakin burada ən vacib məqam boşanmanın özü deyil, bu prosesin necə idarə olunmasıdır.”

Ayten Elekberova

Psixoloq deyir ki, əgər valideynlər qarşılıqlı hörmət çərçivəsində münasibət saxlayır, uşağı münaqişələrin mərkəzinə çəkmir və hər iki tərəf onun həyatında aktiv iştirak etməyə davam edirsə, psixoloji təsirlər minimuma endirilə bilər. Uşağın hər iki valideyn tərəfindən sevildiyini hiss etməsi, onunla açıq və yaşına uyğun şəkildə danışılması, gündəlik həyatında sabitliyin qorunması bu dövrün daha sağlam keçməsinə kömək edir.Eyni zamanda, valideynlərin uşağı tərəf seçməyə məcbur etməsi, digər valideyn haqqında mənfi fikirlər söyləməsi və ya görüşlərə mane olması uşağın emosional vəziyyətini daha da ağırlaşdırır. Belə hallarda uşağın daxili konfliktləri artır və bu, uzunmüddətli psixoloji problemlərə səbəb ola bilər.

Aytən Ələkbərova bildirir ki, zərurət yarandıqda psixoloq dəstəyi almaq uşağın hisslərini düzgün ifadə etməsinə və vəziyyətə uyğunlaşmasına kömək edir. Boşanma uşaqlar üçün çətin və həssas bir dövr olsa da, düzgün yanaşma, emosional dəstək və sağlam valideyn əməkdaşlığı sayəsində bu proses onların psixoloji inkişafına ciddi zərər vermədən idarə oluna bilər.

 

Ziya Hikmətoğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir