Bəzi xarici ölkələrin qanunvericiliyində, eləcə də qardaş Türkiyə Respublikasında xəyanətə görə mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət edərək təzminat almaq mümkündür. Türkiyə qanunvericiliyinə əsasən nikahın pozulması barədə məhkəməyə müraciət edərkən xəyanət olunan tərəf xəyanət edən tərəfdən kompensasiya tələb edə bilər. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu mümkün deyil. Azərbaycan Respublikasının Ailə və Mülki Məcəllələrində kankret olaraq bu halı tənzimləyən norma yoxdur. Məhkəmələrdə boşanmalar zamanı xəyanətin motivi nəzərə alınmır və boşanmalar zamanı mənəvi zərər məsələsinə baxılmır. Çünki bu qanuna görə mümkün deyil. Azərbaycan Respublikasının Ailə Məcəlləsində nəzərdə tutulsa da, tərəflər aralarında rəsmi qaydada nikah müqaviləsi bağlamırlar.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 38.1. maddəsinə əsasən nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. Nikah müqaviləsi dünyanın bir sıra ölkələrində tətbiq olunur. Nikah müqaviləsində belə bir şərt qoyula bilər ki, xəyanətə uğramış tərəf digər tərəfdən müəyyən miqdarda kompensasiya tələb edə bilər. Kompensasiyanın məbləğini tərəflər özləri azad iradə ifadəsinə əsasən müəyyən edə bilər. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Ailə Məcəlləsində nikah müqaviləsi nəzərdə tutulsa da praktiki olaraq tətbiq olunmur və tərəflər aralarında belə müqavilənin bağlanmasından çəkinirlər. Təbii ki, burada milli mentalitet, adət ənənələr, ictimai qınaq, qarşılıqlı etimadın qırılması, inamsızlıq yaranması və sair faktorlar var. Xüsusən də kişilər belə bir müqavilənin bağlanmasından çəkinirlər ki, gələcəkdə xəyanət hadisəsi baş verərsə qadınlar onlara qarşı alimentdən başqa əlavə olaraq mənəvi ziyana görə də kompensasiya tələb edərlər. Lakin çox güman ki, yaxın gələcəkdə Azərbaycanda da digər ölkələrdə olduğu kimi qanunvericiliyə dəyişiklik edilərək məsuliyyət nəzərdə tutan müvafiq normalar qəbul ediləcək ki, xəyanət halları azalsın və xəyanətə uğrayaraq mənəvi zərər çəkmiş tərəfin hüquqları kobud şəkildə pozulmasın. Bəzi ölkələrdə xəyanət cinayət və inzibati məsuliyyətə səbəb olur. Bəzi ölkələrdə isə xəyanətə görə hətta ölüm cəzası da ( İran, Birləşmiş Ərəb Əmirlikləri və s.) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası qanunvericiliyinə görə isə ər-arvadın xəyanəti cinayət və inzibati məsuliyyətə səbəb olmur. Xəyanətə görə mənəvi zərərin sübut olunması isə olduqca qəliz, hətta demək olar ki, mümkünsüz məsələdir. Bu sahədə ölkəmizdə müsbət yönümlü vahid məhkəmə praktikası formalaşmamışdır.