Aliment dedikdə latıncadan-alimentum sözündən götürülən qidalanma, saxlanılma mənasını verməklə qanunla müəyyən olunmuş hallarda ailənin bir üzvünün digər üzvlərinin xeyirinə ödəməli olduğu vəsait başa düşülür.
Aliment öhdəliyi məzmun etibarı ilə aliment ödəyicisinin onu ödəmək vəzifəsindən, aliment alanın isə onu tələb etmək hüququndan ibarətdir. Alimentin məqsədi ehtiyacı olan əmək qabiliyyəti olmayan, əmək qabiliyyətini itirmiş ailə üzvlərinin saxlanmasıdır. Yəni həm uşaqlar, həm də əmək qabiliyyətini itirmiş valideynlər aliment ala bilərlər. Aliment öhdəliyi olan şəxs bu vəzifəni şəxsən icra etməli, bu öhdəliyin icrasını başqa şəxsə həvalə edə bilməz, aliment almaq hüququna malik olan şəxs də bu hüququ başqasının xeyrinə güzəşt edə bilməz, aliment vərəsəliklə keçə bilməz, borclunun qarşılıqlı hesablaşma tələbi üzrə əvəz oluna bilməz.
Valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi digər ailə üzvlərini saxlamaq vəzifəsindən fərqli olaraq nə uşaqların buna ehtiyacının, nə də valideynlərinin imkanının olub olmamasından asılı deyildir. Ailə məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur. Bu vəzifə uşaq yetkinlik yaşına çatanadək davam edir. Uşağın saxlanmasına qida, geyim, müalicə, istirahət və s. bu kimi tələblərin ödənilməsi daxildir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Müstəsna hallarda alimentin əvvəlki vaxtlar üçün verilməsinə yol verilir.
Lakin əvvəlki dövr üçün aliment 3 illik müddət həcmində verilə bilər. Məhkəmə əvvəlki müddət üçün aliment tutulmasına yalnız iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün 3 illik müddət həddində aliment tutulması barədə qərar verə bilər.
Yəni faktiki ər arvad ayrı yaşasa və rəsmi qaydada nikahlarına xitam verməsə belə uşaqların mənafeyi naminə aliment tutula bilər, lakin bu müddət keçmiş 3 illik dövrdən daha çox zamanı əhatə edə bilməz. Məhəməyə müraciət edildiyi tarixdən isə bu cür ödənişlərin edilməsi davam etdirilir.
Vəkil Roman Qaraşov
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü