Keçmiş həyat yoldaşınız uşağınızla boşanmadan sonra maraqlanmır?
Cavabınız “hə”dirsə bir az yaxın əyləşin, çünki sizə deyəcəklərim var.
Boşanmadan sonra uşaqların ata üçün bitməsi təəssüflər olsun ki, Azərbaycan cəmiyyəti üçün yeni xəbər deyil. Bu hər kəsə bəlli faktdır. Bəs bunun səbəbləri və aradan qaldırmaq üsulları barədə necə, bir cəmiyyət olaraq məlumatımız nə dərəcədə var?
İki insan böyük sevgi ilə münasibət qurur və bu sevgini nigaha girməklə taclandırır. Lakin, zaman keçir, insanlar bu və ya digər səbəbdən sevgi və münasibəti tükədir və bir-birindən uzaqlaşır. Boşanma mövzusu gündəmə gəlir. Tərəflərdən biri problemlərin mövcudluğunu inkar edir. Bir tərəf günahlandırmaq, digər tərəf özünü müdafiə etmək və ya əks günahlandırmaqla məşğul olur. Bütün bu konfliktin içində ən çox əziyyət çəkən tərəf isə uşaq olur. Böyüklərdən fərqli olaraq o nə hiss etdiyini tam olaraq anlamır, onun hisslərini adlandırmağa yetəcək qədər nə lüğəti, nə də emosional zəkası formalaşmayıb…
Uşaq bir şeyi bilir: o bilir ki, o həm atasını, həm anasını çox sevir və onların biri ilə ayrılmaq onun üçün dünyanın sonuna bərabərdir.
Konflikt və boşanan cütlüyün bu konflikti və ünsiyyət problemlərini həll edə bilməməsi sonradan uşağın bir valideynini itirməsinə səbəb olur. Əslində səbəb boşanma deyil, iki yetişkinin uşağının digər valideynsiz böyüməməsi üçün bu konflikti həll edə bilməməsidir… Uşaq itki yaşayır. Əksər halda o atasız qalır…Ata yenidən ailə qurur və uşaq özünü atılmış və lazımsız hiss edir. Bu zaman başlayır-uşağın daxili sevgisizlik hissi və bəlkə də gələcək qəddarlığı… Atasız və sevgisiz böyümüş uşaqlar sonradan cinayətkarlara və quldurlara çevrilə bilir…
Atalar boşanmadan sonra övladlarını niyə tərk edir?
Əksər hallarda bu aşağıdakı səbəblərdən birinə görə baş verir:
1. Boşanmanı qəbullana bilməmək və inkar (Bu hal atanın boşanma ilə yekunlaşan evliliyini unutmaq və bəlkə də yaşadıqları ilə mübarizə şəklidir, o evliliyi olmamış kimi davranmağı və yaşamağı seçir ki, uşaq da evliliklə bərabər unudulanların sırasında daxil olur)
2. Qəzəb və inciklik (Ata ananın boşanma qərarından yaranan keçmiş həyat yoldaşına olan qəzəbini və incikliyini övladına yönləndirir)
3. İntiqam almaq istəyi (Ata uşağı atasız, ananı isə uşağı böyütməkdə maddi-mənəvi dəstəksiz qoymaqla ananı cəzalandırır, əslində isə uşaqdan başqa heç kimə heç nə olmur)
4. Ana keçmiş həyat yoldaşına olan nifrət və qəzəblə uşağı müxtəlif üsullarla digər valideyndən uzaqlaşdırır. Ata istəmədən uşağın həyatından təcrid edilir.
Boşanma evliliyin sonu olsa belə valideynliyin sonu deyil. Boşanmadan sonra övladından vaz keçmiş, onu tərk etmiş insan qəzəbinə və incikliyinə məğlub olmuş insandır.
Yaxşı bəs bu insanlar necə dəyişə bilərlər? Sevgini seçməklə!
Boşanmadan sonra sizə sevgini-övladınızı seçməyə və onun valideyni qalmağa kömək edəcək sual:
“Mənim uşağıma olan sevgim keçmiş həyat yoldaşıma olan qəzəbimdən, nifrət və incikliyimdən daha böyükdürmü?”
Uşağınızı aranızdakı keçmiş münaqişənin ömürlük qurbanına çevirməyin. Boşanmadan sonra qəzəbi deyil, sevgini, yəni uşağınızı seçin.
Kama Ahmad
Kouç, münasibətlər üzrə ekspert