Adətən çox hallarda müşahidə edirik ki, valideynlərdən birinin (ər və yaxud arvad) istər boşanmamışdan öncə, istərsə də, boşanmadan sonra qarşı tərəfin qohumları ilə uşaq (uşaqların) görüşünə maneələr yaradır və bu görüşün həyata keçirilməsini istəmir.
Bu halda, qarşı tərəfin bunu tələb etməsi doğrudurmu?
Bu məsələni Azərbaycan Respublikasının qüvvədə olan Ailə Məcəlləsi tənzimləyir.
Belə ki, Ailə Məcəlləsinə əsasən, baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər.
Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.
Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova