bosanma

“Boşanmadan sonrakı günahkarlıq hissi” və ya “Hansı hallarda ailəni qorumağa çalışmaq mənasız, hətta həyati təhlükəlidir?”

Baxış sayı: 1. 090

Lamiyə(ad şərtidir) mənə müraciət edəndə boşanmadan sonra baxça yaşlı oğlu ilə özünə yeni həyat qurmağa çalışırdı. Boşanmasının səbəbi eks-həyat yoldaşının narkotik asılılığı və evdə gördüyü şiddət olmuşdu. O evləndiyi insanın asılılıq problemini bətnində övladı olanda öyrənmişdi. Bətnindəki uşaqla getmək qərarını vermək onun üçün nə qədər çətin olsa belə O qərarını vermişdi. Xoşbəxtlikdən ailəsi qərarında yanında olmuş və ehtiyac duyduğu dəstəyi ona göstərmişdi.

Lakin, zaman keçsə belə o hər dəfə oğluna baxanda yenə də kədərlənir, oğlunu atasız böyütdüyü üçün özünü günahlandırırdı.

Asılılıqlar və zorakılıq boşanma üçün kifayət qədər əsaslı səbəblərdir. Bəs yaxşı qəhrəmanımız qərarının doğruluğundan niyə əmin deyildi? Bizlər qərarımızın doğru olduğunu bildikdə belə niyə hələ də günahkar hiss edirik? Belə bir situasiyada Biz ümumiyyətlə gühankarıqmı?

Deyilik!

Bəzi hallarda getmək məcburiyyətdir. Həyatda qalmaq üçün, daha az zədə almağımız üçün, özümüzü və övladlarımızı qoruya bilməyimiz üçün verə biləcəyimiz, vermək məcburiyyətində olduğumuz qərar!

 

Yaxsı bəs hansı hallardır bu hallar? Hansı hallarda ailəni qorumağa çalışmaq mənasız, hətta həyati təhlükəlidir?

  • Ailədə zorakılıq var: Tərəflərdən biri digərinə və ya hər ikisi bir-birinə davamlı şəkildə əl qaldırır, onu və/və ya uşaqları öldürməklə təhdid edir, şərəf və ləyaqətini alçaldır, təklikdə, ailəsinin və digərlərinin yanında təhqir edir, qorxudur, şantaj edir, azadlığına məcburi məhdudiyyətlər qoyur, xarici aləmlə əlaqəsini tamamilə kəsir(telefonunu əlindən alır), onu ailəsindən, dostlarından, işindən təcrid edir. Yoldaş zorakılıq probleminin olduğunu etiraf etmir, özündə yanlış görmür, psixoloji dəstək almaq istəmir.
  • Yoldaş uşaq(lar)la qəddar davranır, on(lar)a zorakılıq göstərir, fiziki və psixoloji sağlamlığına zədə vurur.
  • Yoldaşlar arasında münasibət formal xarakter daşıyır, birinin və ya hər ikisinin kənarda münasibəti/ailəsi var. Evlilik “uşaqlara görə”, “qohumların təsirilə”, “qohumlara görə” formal davam etdilir(bu adətən yaxın qohumluq, ailəvi dostluqlar zəminində qurulan ailələrdə müşahidə olunur). Bu halda tərəflər sağlam deyil, ölü evlilikdədirlər.
  • Yoldaş xroniki içki, narkotik aludəçisidir və bu ailənin həyat şəklində öz əksini tapır. O dəstək almaq istəmir.
  • Yoldaşlardan biri cinayətkar qurupla bağlıdır, qeyri-qanuni işlərlə məşğuldur və bu ailə üzvləri üçün təhlükə daşıyır.

Lamiyənin oğlu üçün narahat olması, oğlunun atasız böyümək məcburiyyətində qaldığı üçün üzülməsi normaldır. O övladını çox sevən anadır! Bütün sevən analar kimi o oğlunun bütöv ailədə böyüməsini istəyərdi. Oğlunun:

“Biz niyə atamdan ayrı yaşayırıq?” sualı və bu suala cavab verə bilməməsi onun qəlbini parçalayır(İndiki/keçmiş həyat yoldaşınızın asılılıq problemlərini uşaqlarınızla müzakirə etməyin!). O oğlunun emosional sağlamlığı üçün narahat idi. Bunun altında yatan səbəb isə onun qayğıkeş ana olması idi.

Son 5 ildə birgə çalışdığım bir çox qayğıkeş valideyn mənə boşanma zamanı və sonrasında günahkarlıq hiss etdiklərini etiraf ediblər. Bunun səbəbini başa düşmək asandır. Ayrılığın və ya boşanmanın övladlarına göstərə biləcəyi emosional və psixoloji yükün və yaraların az-çox fərqində olan valideynlər tez-tez düzgün qərar verib-vermədiklərinə görə tərəddüd hissi keçirirlər. Onlar aşağıdıkıları düşünürlər:

  • Onlar doğurdanmı getməyi seçməklə eqoistlik ediblər?
  • Bu təcrübə uşaqlarını ömürlük olaraq yaralayacaqmı?
  • Uşaqlar nə vaxtsa onları boşandıqları üçün bağışlayacaqlarmı?

Valideynlər belə tərəddüdəykən aşağıdakı lazımi sualları eşitmələri tərəddüdlərinə aydınlıq gətirə bilər.

  Ailədə qalmağın nəticələri nə ola bilər/bilərdi?

  Əhəmiyyət dərəcəsinə görə hansı daha önəmlidir: təhlükəsizlikdə olmaq və həyatda qalmaq, yoxsa ailədə qalmaq?

  Valideynin əsas borcu nədir: bir valideynin əsas vəzifəsi övladlarının sağlam və təhlükəsiz bir mühitdə böyüməsini təmin etmək deyilmi?

  Uşaqların haqqı nədir: sağlam, sevgi dolu, xoşbəxt bir ailədə böyümək deyilmi?

  Fiziki-psixoloji şiddət olan ailədə sağlam, xoşbəxt və gələcəkdə uğurlu olacaq bir fərd yetişdirmək mümkündürmü?

Bu suallar valideynlərin baxış bucağını dəyişmələrinə və qərarlarının doğruluğundan əmin olmalarına yardımçı olur.

Bənzər situasiyadınızsa, bunlar sizin də özünüzə verməli olduğunuz sullardır. Bu suallara obyektiv cavab verə bilsəniz, əminəm ki, özünüz və uşaqlarınız üçün ən doğru qərarları verə biləcəksiniz. Boşanmadan əvvəl cavablarınızı ciddi şəkildə nəzərdən keçirilməlisiniz. Boşanmadan sonra bu sualları özünüzə verməklə isə qərarlarınızın doğruluğundan əminliyinizi artıra bilərsiniz.

İstənilən halda yadımızda saxlamalıyıq ki, boşanma heç bir halda dünyanını sonu deyil. Ailə birliyinin formasının dəyişdirilməsi mütləq ailənin məhv edilməsi demək deyil. Boşanma valideynlər və uşaqlar arasındakı sevgi bağını məhv etməli deyil.

Burda hər şey sizin birgə çətinliklərlə necə baş edəcəyinizdən asılıdır. Sivil şəkildə, sülhlə ayrılaraq ailə/dost olmağa davam etmək mümkündür.

Bəzən boşanma ən müdrik qərar və irəliləmək üçün ən doğru istiqamətdir. Dağıdıcı emosional vəziyyət mövcud olan bir ailə üçün bu sabitliyə və hüzura aparan yol ola bilər.

Əgər ailədə qalmaq üçün ədə biləcəyiniz hər şeyi sınamısınızsa, ətraflı düşünüb boşanma qərarı vermisinizsə və ya çoxdan boşanmısınızsa, artıq keçmişinizin pəncəsinə düşməyin!

Özlüyündə günahkarlıq hissi çox dağıdıcı bir emosiya ola bilər. Bu, diqqətinizi keçmişə yönəltməyinizə səbəb olur və sizi gələcəyə irəliləməkdən saxlayır.

Əgər günahkar hiss etmək istəsək hamımız keçmişimizdə istər-istəməz peşman olacağımız bir çox qərarlar, davranışlar və hərəkətlər tapacağıq.

Əsl günah bu peşmanlıqların içində ilişib qalmaqdır. Bu daha da təhlükəlidir, çünki utanc, peşmançılıq hissi özünə qapanma ilə nəticələnə bilər.

Siz hər an üçün verə biləcəyiniz ən doğru qərarları verərsiniz. Necə demişdi möhtəşəm Maya Ancelou:

“Daha yaxşısını bilənə qədər əlinizdən gələni edin. Sonra daha yaxşını bildiyiniz zaman, daha yaxşısını edin.”

 

Kama Ahmad

Kouç və Münasibətlər üzrə ekspert

www.kamaahmad.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir