Azərbaycanda ailələrin dağılması ən aktual problemlərdən biridir. Bu xoşagəlməz halın qarşısının alınması üçün nə qədər tədbirlər görülsə də, boşanmalar artmaqda davam edir. Düzdür, 2022-ci ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələrində 13139 boşanma qeydə alınması bu göstəricinin nisbətən azalması anlamına gəlir. Nə də olsa, boşanmaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 1,7-dən 1,6-ya düşüb ki, bu da müsbət haldır. Ancaq sırf son iki aya nəzər yeturdikdə üzücü mənzərə ortaya çıxır. Belə ki, son iki ayda ölkədə 2505 boşanma hadisəsi qeydə alınıb ki, bu da günə təqribən 40 boşanma halı deməkdir. Başqa sözlə, Azərbaycanda təqribən hər saatda 4 nəfər boşanır. Bəs görəsən, ölkəmizdə bu qədər boşanmanın olmasına səbəb nədir?
Bu suala cavab tapmaq üçün mütəxəssislərə müraciət etdik?
Mövzuyla bağlı “Gencaile.az” saytına danışan psixoloq Fazilə Camalova aşağıdakıları dedi: “Azərbaycanda ailələrin dağılması ən aktual problemlərdən biridir. Gənclər sevərək ailə qursalar belə, zamanla bu sevgini sayğı və hörmtlə əvəz edə bilmirlər. Təbii ki, hər bir ailənin dəyərləri, öncəlikləri, həyata baxışları fərqli olduğu üçün səbəblər də fərqlidir. Tərəflər xasiyyətlərin tutmamasını xəyanəti, qısqanclığı, ailədaxili zorakılığı, maddi çətinlikləri və bu kimi müxtəlif səbəbləri irəli sürərək evliliklərini sonlandırırlar. Ailənin qorunması sağlam davam etməsi üçün bir çox faktorlar vardır. Bunlardan ən önəmlisi tərəflərin (istər kişi, istər xanım) öz məsuliyyətlərini dərk etməsidir. Müşahidələrimə əsasən deyə bilərəm ki, tərəflər bu məsuliyyətlərdən qaçdıqları zaman problemi ən asan yolla – bir birlərini günahlandıraraq boşanmaqda görürlər. Bir psixoloq olaraq deyə bilərəm ki tərəflər bu qərarı almadan öncə ailə məsləhətçilərinə və psixoloqlara müraciət etsinlər, çarələr axtarsınlar. Ən azı ona görə ki, istənilən halda bu qədər ciddi və önəmli qərarlar travmasız ötüşmür, ona görə tərəflər bu vəziyyətdə özlərinin və uşaqlarının psixi durumlarını nəzərə almalıdır və daha az travma almaları üçün qalmaqalı, söz söhbəti kənara qoumalı, yollarını ayıran iki mədəni valideyin kimi davranmalıdırlar”
Məsələyə saytımız vasitəsiylə münasibət bildirən sosioloq Ebru Özkan isə bu fikirləri səsləndirdi: “Azərbaycanda boşanmaların səbəblərinin olduqca müxtəlif olduğunu demək olar. Bura erkən nikah, sonsuzluq, qeyri-düzgün həyat tərzi, zərərli vərdişlər, maddi cəhətdən bərabər olmayan ailələr və s. daxildir. Tərəflər əksər hallarda boşanmaqla hər şeyi həll edə biləcəklərini düşünürlər. Lakin boşandıqdan sonra yarana biləcək çətinliklər qərar qəbul edərkən bəzi hallarda arxa planda qalmalı olur. Boşanmalar azyaşlılara da təsirsiz ötüşmür. Ata-anası boşanan azyaşlının həyat səviyyəsi, düşüncələri yaşıdlarından fərqlənir. Amma təəssüf ki, boşanan cütlüklər bütün bunları nəzərə almırlar. Bəlkə də boşanmanın yaratdığı bütün bu sadalanan problemlər haqda daha dərin düşünülsəydi, boşanma sayı azalardı, amma indiki halda bu real görünmür və bu da onu deməyə əsas verir ki, boşanma problemi hələ uzun müddət öz aktuallığını qoruyacaq”
Hazırladı: İlahə Atəş