aile

Boşanmalar və qurbanları niyə artır?

Baxış sayı: 1. 251

Son dövrlər ölkədə boşanma halları artıb. Ekspertlər boşanmaların artması fonunda psixoloji problemlərdən əziyyət çəkən uşaqların da artdığını bildirirlər.

Son 10 ilin statistikasına görə, boşanmaların sayı çox ciddi artıb və sürətlə yüksəlməkdədir. 2008-ci ildə ölkədə 79964 evlilik, 7933 boşanma qeydə alınıb. Yəni, boşanmanın evliliyə nisbəti 9,92% olub. 2018-ci ildə bu nisbət 24,36%-dək yüksəlib.

Qeyd etdiyimiz kimi, boşanmalar daha çox uşaqlarda psixoloji problemlərə səbəb olur. Bugünlərdə valideynlərinin boşanma hadisəsini yaşayan bir uşaq evdən qaçıb. Bakının 230 nömrəli tam orta məktəbi dərsdən sonra evə geri qayıtmadığı bildirilən şagird ilə bağlı məlumat yayıb. Məktəbdən verilən məlumata görə, məktəbin “8 b” sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dekabrın 25-də V dərsin sonuna qədər məktəbdə olub. VI dərs fiziki tərbiyə fənni olduğu üçün şagird idman meydançasına və oradan da evə gedib. Ancaq şagirdin valideynləri övladının evə gəlmədiyini bildirib: “Məsələ ilə bağlı aparılan araşdırmadan məlum olub ki, ailədə problemlər var. Şagirdin ata və anası ayrılıb. Sonradan anası yenidən ailə qurub. Sinif yoldaşlarından aldığımız məlumata görə, şagird evdəki problemlərlə bağlı məktəbdən çıxacağını söyləyib. Polisdən və valideynlərdən verilən məlumata əsasən, şagirdlə bir neçə saat sonra əlaqə saxlayıblar”.

Psixoloq Raminə Həsənova bildirir ki, boşanmaların səbəbləri müxtəlif olsa da, qurbanı əsasən uşaqlar olur. Onun dediyinə görə, boşanma uşaqlara çox mənfi təsir edir. “Uşaqlar ailədə baş verən mübahisə, konfliktlərin, dava-dalaşların bütün səbəblərini özlərində görürlər. Boşanma prosesini yaşayan uşaqlar düşünürlər ki, mən filan hərəkəti etməsəydim, anam-atam ayrılmazdı. Bu sözü deməsəydim, onlar dalaşmazdı, boşanmazdı. Mən mövcud olduğuma görə anam-atam ayrıldı, mən olmasaydım, valideynlərim mehriban olardı, əsas və yeganə günahkar şəxs mənəm”.

R.Həsənova qeyd edir ki, boşanma hər yaş qrupunda olan uşaqlarda fərqli mənfi izlərini buraxır: “Balaca uşaqlara valideynlərinin mübahisə etməsi, ayrılması daha ağır təsir edir. Azyaşlı uşaqların ailəsində şiddət olarsa, valideynlər ayrılarsa, uşaq özünü tənha, aldadılmış, atılmış hiss edər. Uşaqlarda ağlama, isterik hallar, qorxular çoxalar, enurez müşahidə olunar. Psixoloji problemlər uşaqların fiziki sağlamlığına da təsir etməyə başlayır”.

Psixoloqun dediyinə görə, valideynlər bir-birinə qarşı aqressiv mövqedə olarlarsa, uşaqlar valideynləri barışdırmaq məqsədini qarşılarına qoyar və bu alınmadıqca özlərini gücsüz, lazımsız hiss edərlər: “Bu prosesi problemli yeniyetmələr də çox ağır keçirir. Ailə boşanma dramını yaşayırsa, yeniyetmələr arasında evdən qaçma, çox təəssüf olsun ki, intihar hadisələri də müşahidə olunur. Bildiyiniz kimi, son dövrlər yeniyetmələr arasında intihar hadisələri artır”.

Müsahibimizin dediyinə görə, valideynlərin öz aralarındakı mənfi münasibəti və bunun nəticələrinin uşağın gözü qarşısında olması nəticəsində uşaqlar böyüdükdən sonra ailə qurmaqda, ailə həyatı sürməkdə çətinlik çəkərlər: “Uşaqlıqda ailədə yaşadıqları qorxular onları gələcəkdə qurduqları ailədə də təqib edər. Valideynlərin boşanmasından sonra uşaq atada qalırsa, onda ana modeli, anada qalırsa, ata modeli zəif olur. Bəzən də valideynlər uşağın gözündə bir-birini pisləməyə çalışırlar. Məsələn, ana atanı pisləyib gözdən salır, ata da ananı pisləyir ki, “yaxşı ana deyildi”, “sənə yaxşı baxmırdı”, “səni sevmirdi”, “səni atdı” və s”.

Psixoloq Vəfa Rəşidovanın sözlərinə görə, boşanma problemlərin həlli yolu deyil: “Boşanmanın mənfi tərəfləri çoxdur. Birinci növbədə uşaq əziyyət çəkir. İkincisi, boşanan ailələr sonradan peşmançılıq içində yaşayır. Cütlüklər bunu boyunlarına almasalar belə, bu, həqiqətən də belədir. İş təcrübəm bunu göstərir ki, boşanmadan, fərqi yoxdur, bir və ya bir neçə il sonra kişi və qadın peşman olur. Bu səbəbdən də tələsik boşanmağa qərar verməkdənsə, ailəni qorumağın, problemləri yoluna qoymağın müsbət cəhətləri daha çoxdur”.

Rəşidova bildirir ki, boşanma qaçılmazdırsa, heç olmasa uşağı buna hazırlamaq lazımdır: “Təəssüf ki, biz etik qaydaları gözləyərək ayrıla bilmirik. Boşanma tərəflərin alçaldılması, dava-qışqırıq, psixoloji, bəzi hallarda fiziki zərbələrsiz ötüşmür. Ana uşağın yanında atanı pisləyir, təhqir edir, onun mənfi tərəflərini şişirdir, hadisələri qabardır, ata da ananı. Nəticədə uşağın gözündə ata və ya ana modeli dağılır. Uşaqda ailəyə qarşı inam hissi qırılır. Övladın fikrində canlanan ailə modelini sındırmaqsa insanlıqdan kənardır və bu, çox ciddi fəsadları olacaq bir addımdır”.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir