Bosanma

Boşanmaların artması və nikahların azalma səbəbləri – EKSPERT RƏYİ

Baxış sayı: 950

Ailə institutu tarixən cəmiyyətin əsas təsisatlarından biri kimi insani dəyərlərin, nəsillərin tarixi varisliyinin qoruyucusu və inkişaf meyarı sayılıb. Bəşəriyyət ailəni tarixən hər bir cəmiyyətin əsasını təşkil edən, insanların ən ali, ülvi və saf duyğularını, nəcib niyyətlərini özündə təcəssüm etdirən müqəddəs ittifaq kimi dəyərləndirib. Qədimdən bəri ailə Azərbaycan cəmiyyətində də xüsusi dəyər kəsb edib. Həmçinin ölkəmizdə ailə dövlət tərəfindən də qorunur və himayə edilir. Ailə Məcəlləsinə görə, ər və arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım, hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. Ümumiyyətlə, ailə qurulduğu gündən hər bir insan öz kiçik “dövlətini” qorumağa çalışmalıdır. Bəs görəsən, ailə quran şəxslərin hamısı bu kiçik “dövləti” daim qoruya bilirmi? Çox təəssüf ki, bu heç də belə deyil. Ailənin möhkəm olub-olmamasının göstəricilərindən biri də boşanmalardır. Son illər bir çox dünya ölkələrində boşanmaların sayı getdikcə artmaqdadır. Əfsuslar olsun ki, Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Hər halda rəsmi statistika belə deməyə əsas verir. Belə ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24146 nikah və 10631 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

Maraqlı olacağını nəzərə alıb, ADPU-nun Fəlsəfə doktoru proqramı üzrə dissertantı, BQU-nun Psixologiya kafedrasının baş müəllimi, Psixoloq Nərmin Abdullayevanın boşanmaların artması və nikahların azalması haqda fikirlərinizi öyrəndik:

Nermin Abdullayeva

Təəssüflər olsun ki, sizin də qeyd etdiyiniz kimi boşanmalar artır, nikah üçün müraciət edənlərin sayı isə azalır. Boşanma bəzi məqamlarda ən ideal çıxış yolu olur, ancaq təəssüf ki, çox vaxt bir qaçış yolu kimi seçilir. Təcrübədə görürük ki, ən kiçik səbəblərdən ailə dağıla bilir, ona görə də ailələrə Ailə Terapiyası almağı tövsiyə edirik. İnsanlar problem yaşayanda psixoloqa müraciət etmək haqda düşünürlər, buradan insanlara səslənərək demək istərdik ki, psixoloqa təkcə problem yaşayan insanlar yox, ailə həyatında problem yaşanmasın deyə gənclər, cütlüklər müraciət edirlər.

Ailənin dağılmasını bir faktorla əlaqələndirə bilmərik, burada əsas və ikinci dərəcəli faktorlar var. Boşanmaya aparan səbəblər hər ailə üçün fərqli olduğundan boşanmanın konkret səbəblərindən danışmaq düzgün olmaz. Buna görə də biz boşanmanın ümumi səbəblərindən danışa bilərik. Ümumilikdə boşanmanın səbəblərini fizioloji, psixoloji və sosial olmaqla 3 aspektdə təhlil edək. Hərçənd bizim ailələrdə əsas səbəblər kimi psixoloji və sosial səbəblər göstərilsə də, fizioloji səbəblər az deyildir.

-Fizioloji səbəblər dedikdə, ər-arvadın fizioloji (seksual) uyğunsuzluğu (xəyali və həqiqi uyğunsuzluq), seksual tələbatlarının ödənməməsi, sağlam olmayan cinsi münasibət, cinsi problem və xəstəliklər, müxtəlif cinsi pozuntu və asılılıqlar, cinsi oriyentasiyanın dəyişməsi, sonsuz ailələrin sayının çoxalması və s. nəzərdə tutulur. Boşanmadan əvvəlki, boşanma ərəfəsində, həmçinin boşanmadan sonrakı dövrdə olan ailələrlə aparılan konsultasiyalar zamanı psixoloji və sosial problemləri qabartmaqlarına baxmayaraq, fizioloji problemləri danışmaqdan çəkinirlər. Ailənin yerinə yetirdiyi funksiyalardan biri məhz seksual funksiyadır. Məsələn, qadınlarımızın beynində uşaqlıqdan kök salmış tabular, qadağalar, qazanılmış travmalar, davamlı cəzalandırılmaq bir psixoseksual problem kimi ortaya çıxır və gələcəkdə öz qadın funksiyalarını yerinə yetirməyə ciddi mane olur. Ancaq buradan elə nəticə çıxartmaq olmaz ki, fizioloji sahədə problem yaşamayan ailələrdə boşanma olmur.

-Psixoloji səbəblər dedikdə, psixoloji savadsızlıq, ailə həyatına psixoloji hazırlığın olmaması, onun üçün yeni olan “evli” statusunu, “ər”, “arvad” rollarını qəbullanmaqda və ailəyə adaptasiyada olan çətinliklər, ailə problemlərini həll edəcək psixoloji dözümlülük, psixoloji yetkinlik və intellektual səviyyənin olmaması; erkən nigah, psixoloji uyumsuzluq, tələblər, dəyərlər, inanc, maraq, məqsəd, motivasiya, dünyagörüş, düşüncə, xarakter sahəsindəki fərqlər; ünsiyyət, inam, sevgi, qayğı, hörmət, məsuliyyət, valideyn rollarının yerinə yetirilməsi və övlad tərbiyəsi sahəsində olan problemlər; ailədaxili münaqişə (qurucu münaqişələrlə müqayisədə dağıdıcı münaqişələrin çoxluğu), ailədə takıntıların, pis vərdişlərin, etinasızlıq, soyuqluq, zorakılıq, əsəbilik, şiddətli keçimsizlik, həddini aşan qısqanclıq, baxımsızlıq, xəyanət, psixoloji narahatlıq və psixi xəstəlik hallarının olması, təkcə hiss, yaxud təkcə məntiq üzərində qurulan ailələr, birgə vaxt keçirə bilməmək, lazım gələndə tək buraxmamaq və s. nəzərdə tutulur.

Sevgililik, nişanlılıq dönəmlərində cütlüklər vaxtlarını daha çox bir-birilərini sosial məhdudlaşdırmağa, qısqanclıq kimi məsələlərə xərcləyirlər, yaxşı olardı ki, bu müddətdə bir-birini tanımağa çalışsınlar, ortaq maraq dairələri, bir-birilərində bəyəndikləri, bəyənmədikləri xüsusiyyətlər, problemli situasiyalarda necə davranacaqları, problemləri necə həll edəcəkləri barədə danışsınlar. Tanıdıqca bir-birini olduğu kimi qəbul etmə də asanlaşar. Şərtsiz qəbullanma münasibətdə vacib mərhələdir, şərtli qəbullanma, yəni “dəyişərəm” düşüncəsi ilə, “dəyiş” deyərək yola çıxmaq yanlışdır. Onun xoşlamadığınız xüsusiyyəti ilə necə başa çıxa bilərsiniz, bu haqda düşünmək sizin üçün daha faydalı olar.

Ailələrlə konsultasiya zamanı çox vaxt ər-arvadın ortaq maraq dairələrinin olmadığını görürük, bu da onu göstərir ki, birgə vaxt keçirmək qəlizləşir. Ən yaxşı halda, cütlərdən biri o birinə ayaq uydurmalı olur. Kim dominant xarakterə sahibdirsə, onun dediyi olur. Bir yerdən sonra bu onların münasibətində növbəti problemlər halqasını yaradır.

-Sosial səbəblər dedikdə, ailəyə 3-cü şəxslərin müdaxiləsi, ailədə kişi və qadının statusunda olan sosial fərqlər, mürəkkəb ailədə yaşamaq; ər, arvad, övlad, qayınana, gəlin, ana, ata və s. kimi sosial rolların yerinə yetirilməsi ilə bağlı problemlər, məcburi ayrı qalma, tez-tez ezamiyyətdə olma, işsizlik, aşağı gəlir, mənzilsizlik, şəraitsizlik və s. nəzərdə tutulur.

-Gənclərdə özgüvən və qarşı cinsə güvən sahəsində olan problemlər, gələcəklə bağlı narahat edən, qorxudan düşüncələrin çoxluğu, ailə həyatının şəxsi, təhsil, kariyera və iş həyatına əngəl yaratması fikri; evlilik, böyüklərlə birgə yaşamaq və valideyn olmaq qorxusu, qayınana fobiyası; telefon, internet, iş, oyun asılılığı; ailə həyatının çətinlikləri, qayğıları, məsuliyyəti və s. nikahları azaldır. Boşanmaların artması, ətrafında uğursuz ailələrin olması gənclərdə ailə qurmaq üçün mənfi motivasiyanın formalaşmasına səbəb olur. KİV-in psixoloji təsiri daha çoxdur, yad ünsürlərin gənclərimizin düşüncəsinə asanlıqla yol tapması, vətəndaş nikahının dəstəklənməsi və s. ciddi şəkildə  nikahların qurulması prosesini zəiflədir.”

 

Psixoloq Nərmin Abdullayaeva ilə kontakt qurmaq istəyənlər 0552591476 və 0516241476 nömrələri ilə əlaqə saxlaya bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir