aile

Boşanmaların artmasının əsas səbəbləri nələrdir?

Baxış sayı: 2. 121

Azərbaycanda 2016-cı ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 25,0 min nikah və 5,2 min boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,2, boşanmaların sayı isə 1,3 olub.

Ölkədə boşanmaların sayının ildən-ilə artdığını deyən hüquqşünas Asif Abdullayev bildirib ki, müraciət edən şəxslər bəzən boşanma səbəblərini məhkəmədə açıqlamaqdan çəkinir və utanır: “Ailə qanunvericiliyinə əsasən, nikah – kişi və qadının könüllü ittifaqıdır. Hətta ailə qanunvericiliyinin başlıca məqsədi də odur ki, ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulmasını təmin etsin”.

Göründüyü kimi, ailə qanunvericiliyində nikah könüllü birlik kimi nəzərdə tutulduğu üçün, nikahın pozulmasına da adi istək kifayət etməlidir. Yəni, nikahın pozulması üçün hansısa ciddi səbəb gətirməyə əsas yoxdur.

Nəzərə almaq lazımdır ki, kişinin nikahın pozulmasını tələb etmək hüququ qadının hamilə dövrü və uşağın 1 yaşı tamam olanadək məhdudlaşdırılır. Bu müddət ərzində yalnız qadının istəyi ilə nikah pozula bilər.

Onun sözlərinə görə, ailədə mütənasiblik pozulanda, qarşılıqlı yardım və hörmət hissi olmayanda, övladların inkişafına iki tərəfdən biri çalışmayanda, qarşılıqlı sevgi olmayanda ailə deyilən ittifaq dağılır.

Sosioloq Nəzakət Əhmədovanın sözlərinə görə, qadın və ya kişi ailə həyatı qurarkən boşanacağı fikrini ağlına da gətirmir. Boşanma hüquqi, psixoloji və
ictimai bir müddətdir. Bu müddət ərzində tərəflər bir-birinə güzəştlər etməyə çalışır, bəzən professional dəstəklə yenidən ailə ola bilirlər. “Evlilikdən boşanmaya keçid müddəti şübhəsiz çətin və streslidir. Boşanmaların müxtəlif səbəbləri var. Belə ki, 20 il əvvəl boşanmaya səbəb olan faktorlar indi boşanma səbəbi olmaya bilər. İqtisadi səbəblər, fərdi problemlər, ünsiyyət problemləri, adət-ənənələrin pozulması və s. bir çox amillər boşanmalara gətirib çıxara bilər”.

Bundan başqa, ailədaxili münaqişələr, artan stress, ailədə kişinin daha az qazanıb daha çox xərcləməsi, çalışan qadınların hegemonluq istəyi də ailə həyatını bitirir. Onu da deyək ki, boşanma cəmiyyətdə daha əvvəlkitək sərt qarşılanmır. Bu gün çox insan “yaşaya bilmirsə, boşansın” fikrinə daha çox üstünlük verir.

Boşanmaların başqa bir səbəbi isə evliliyin valideynlərin istəyi ilə baş tutmasıdır. Bu məsələ günümüzdə az olsa da,  valideynlərin istəyi ilə ailə quran cütlüklər arasında boşanma halları daha çox baş verir.

Sosioloq bildirir ki, boşanmada əsas səbəblərdən biri də erkən nikahlardır: “Qız az yaşında ərə verilir. Müəyyən yaş dövründən sonra başa düşür ki, o bu adamla yaşaya bilmir. Ya ayrılmağa çalışır, ya evdən qaçır, ya da intihar edir”.

Həmsöhbətimizə görə, ailə böyükləri – qayınana-qayınata ilə eyni evdə yaşayan gənc ailələrdə də boşanmalar çox müşahidə edilir. Böyüklərin gənc ailəyə müdaxilələri, gənc ailənin  istədiyi kimi yaşaya bilməməsi ailənin yaşanmadan bitməsinə səbəb olur. Bu zaman “sənin ailən”, “mənim ailəm” fikirləri formalaşır ki, nəticədə ailə dağılır: “Evlilyin bitməsinin səbəblərindən biri də ailədə qadın və kişi rolunun qarışmasıdır. Qadının həm evdə çox işləməsi, həm də iş qadını olması ailədə bütün yükün onun çiyinlərinə düşməsinə səbəb olur. Və bu zaman qadın yorulur və ailə bitir”.

Mütəxəssislərə görə, kənd yerlərində şəhərə nisbətən boşanma nisbəti daha azdır. Kənd yerlərində ailələrdə qadınların  iqtisadi baxımdan kişidən asılı olması ailənin dağılmasının qarşısını alır.

“Bir də ailələrdə narsizm problemi var. Yəni ailədə tərəflərdən biri digərinə qarşı eqoistcəsinə davranır.  Dəyər verməmək, zaman ayırmamaq, fədakarlıq etməmək, başa düşməmək, şəfqətli olmamaq ailəni dağıdır. Narsizmin baş qaldırdığı ailələrdə yeganə çarə ayrılıq olur. Çünki bir tərəf digər tərəfi aşağılayır”.

N.Əhmədova deyir ki, dünya görüşünün fərqli olması, “mən buyam, dəyişə bilmərəm” fikri və qarşı tərəfin dəyişdirmək istəyi, həddən artıq qısqanclıq, ailədə bir-birinə zaman ayırmamaq, tərəflərdən birinin psixoloji probleminin olması, spirtli içki aludəçiliyi, qumar və şans oyunlarına vərdişkarlıq da ayrılığa əsas səbəblərdəndir.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir