bosanma

Boşanmaların bu qədər sürətli artmasının səbəbləri nədir?

Baxış sayı: 768

Sədaqət və sevgi andını pozanlar bu il daha çox olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, rəsmi statistikaya görə, 2021-ci ildə toyu olan hər üç cütlükdən biri boşanıb. Rəqəmlər onu göstərir ki, əvvəlki illərlə müqayisədə ailə modelləri xeyli dəyişib, cəmiyyətin əsas sütunlarını təşkil edən klassik ailə modeli və ailə institutu sıradan çıxmaq üzrədir. Bəs boşanmaların bu qədər sürətli artmasının səbəbləri nədir? Qadın və ya kişi harada və nəyi səhv edir?

 

Ekspertlər bildirir ki, boşanma səbəbləri müxtəlif olsa da, konftliklər həmişə və hər yerdə var, lakin onu kiminlə və necə yaşamağına özün qərar verirsən. Söz-söhbət bu gün xüsusilə gənc ailələrdə ona görə dözülməz həddə çatır ki, tərəflərin maraq və gözləntiləri bir-biri ilə uzlaşmır. Bu zaman bir-birini çox sevilən insanlar arasında fikir ayrılıqları o qədər ciddiləşir ki, münasibətləri davam etdirmək mümkün olmur.

İctimai qınaq və dinin təsiri var idi, indi bütün bunlar bir-birinə qarışıb

“Ömrün uğurlu bünövrəsi” kitabının müəllifi, sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, 30-40 il əvvəl ailə quran insanların ailə dəyərləri haqqında aydın təsəvvürləri olub:

“Cəmiyyət xüsusilə son 10 illikdə mürəkkəbləşib. Mürəkkəbləşdikcə də cəmiyyət həssaslaşır, insanların əsəbləri də gərilir. İndiki cəmiyyət 30-40 il bundan əvvəlki cəmiyyət deyil. Amma biz ailə institutları ilə bağlı tədbir görəndə 30-40 əvvəlki model və prinsiplərlə hərəkət etmək istəyirik. Bütün səhv burdadır. Azərbaycan mədəniyyəti min illərdir ailə dəyərləri üzərində köklənib. Nəzərə almalıyıq ki, cəmiyyət dəyişib. Aydınlaşdırımalıyıq ki, ailənin əsas funksiyaları nədir. Hazırda bu sahədə Azərbaycanda ciddi elmi yanaşma yoxdur. Odur ki, ciddi işlər görməliyik, elmi tədqiqatlar aparılmalı, hər məhlədə sosial iş xidmətləri yaradılmalıdır və ailələr bu sosial işçilərin nəzarəti altında olmalıdır. Bütün bunlardan əvvəl çalışmalıyıq ki, cəmiyyətdə ailə haqqında təsəvvürlər aydınlaşsın. Müəyyən stereotiplər var idi, gənclər bilirdi ki, ailə nədir və ailədə onları nə gözləyir, yaxud ailə qarşısında borcu nədir. İctimai qınaq və dinin təsiri var idi. İndi bütün bunlar bir-birinə qarışıb. Gənclərin bir hissəsi bilmir ki, ailənin mahiyyəti nədir, kimlə ailə qursa, daha sağlam olar və s. Bu sahədə həm güclü elmi, həm də maarifləndirmə işlər aparılmalıdır. Bunlar olmadıqca vəziyyət getdikcə daha pis olacaq.

Çıxış yolunu sosial iş xidmətlərinin yaradılmasında görürəm. Zorakılıq hadisələri baş verəndə bəzən deyirlər ki, qadın vaxtında polisə müraciət etsəydi, belə olmazdı. Bizdə belə vərdiş yoxdur, qadının polisə getməsi xoş qarşılanmır. İkincisi, polisin özündə elə bir ənənə yoxdur ki, qadının əri ilə bağlı şikayətini hüquq-mühafizə orqanlarına layiq şəkildə qarşılasın. Sosial iş xidməti olsa, özü biləcək ki, hara müraciət etmək lazımdır.

Ən pisi odur ki, ailələrin bu qədər sürətlə dağılması yeni nəslin keyfiyyətinə zərbə vurur. Yeni nəslin sağlam ruhda böyüməsi bizim üçün önəmlidir. 44 günlük müharibəni qalib gəldik, amma düşmən onu arzulayır ki, yeni nəsil problemlərlə böyüsün. Biz bunun qarşısını almağa çalışmalıyıq.

Sosioloq qeyd edib ki, “qadın güzəştə getməlidir” sitatı artıq əvvəlki rolunu itirib:

“Əvvəllər güzəştə getməyi qadından daha çox tələb edirdilər. İndi çalışmaq lazımdır ki, ailə münasibətlərində qadın və kişi bir-birini ahəngdar olaraq tamamlasın. Bəzən deyirlər ki, qadın və kişi hüquqları bərabərdir, evdə iş bölgüsü də ona əsasən aparılır. Evdə bu işi sən gör və müqabilində sənə filan qədər pul verəcəyəm kimi fikirlər gülməlidir. İnsanlar evdə öz imkanlarına, xarakterlərinə və bacarıqlarına görə, bir-birini harmonik olaraq tamamlamalıdır. “Mən səndən üstünəm” prinsipi artıq ailələrdə işləmir.

Cütlüklər çalışmalıdır ki, ilk növbədə maraqlar bir-birinə yaxın olsun

Ortaq maraqlar ailə bağlarını möhkəm edən təməl xüsusiyyətlədir. Fərqli maraqları olan ailə indiki cəmiyyətdə yaşaya bilmir. Əvvəllər bu, o qədər əhəmiyyət daşımırdı, cəmiyyət məcbur edirdi ki, ailə bir yerdə yaşamağa davam etsin. Daha sonra çalışmaq lazımdır ki, ailədəki münasibətlər mənəvi dəyərlər əsasında qurulsun. Min ildir tarixi təcrübə onu göstərir ki, haradakı mənəvi dəyərlər olur, orada öz-özünü ahəngdar tənzimləmə olur. Mənəvi dəyərlər indi insanların həyatında əvvəlki rolunu oynamır. Haradakı mənəvi dəyərlər sıxışdırılır və arxa plana keçir, orada hökmən qarşıdurma və xoşagəlməz münasibətlər yaranır. Azərbaycan ailələrinin təməli bu gün ona görə sarsılıb ki, mənəvi dəyərlər artıq əvvəlki səviyyədə öz rolunu oynaya bilmir. Buna həm mühit, həm alınan informasiyalar, həm sosial şəbəkələr, həm də filmlər müəyyən mənada təsir edir. Mənəvi dəyərlərin öndə olduğu ailələr adətən dağılmır. Hansı ailələrdəki mənəvi dəyərlər ikinci və üçüncü planda gəlir, o ailələr dağılır”.

Karantin dövründə qaynana müdaxiləsi artdı deyə bir çox gəlin dözə bilmədi

Psixoterapevt Elmir Əkbər hesab edir ki, boşanmaların artmasında pandemiyanın da rolu var:

“Boşanmalar əsasən müəyyən mentalitetə malik ölkələrdə daha çox oldu, nəinki qərb ölkələrində. Karantin zamanı insanların evdə qalıb bir-birilə təmasda olması ona gətirib çıxardı ki, neqativ tərəflərini daha tez-tez görməyə məcbur oldular. Sevgi, qarşılıqlı anlayış və hörmət əsasında qurulmayan ailələrdə münasibətlər boşanmaya gəlib çıxdı. Çünki əsası möhkəm deyildi. Məşhur nağılda tülkünün buzdan tikdiyi ev yaz gələndən sonra əriyib yox olduğu kimi. Karantin bütün qüsurları su üzümə çıxardı. Köhnə meyarlarla qurulan ailələr artıq uzunmüddətli ola bilmir. Artıq qadınlar ərlərinin xəyanətini qəbul etmək və bu haqsızlıqlarla barışmaq istəmirlər. Həyat yoldaşının düzəlmədiyini görən qadınlar boşanmağa məcbur qalır. Karantinin “töhfəsi” o oldu ki, ailədaxili münaqişələr artmağa başladı. Aktiv və ənənəvi həyat tərzindən uzaqlaşmaq özü ilə birlikdə əsəb və gərginlik gətirdi.

elmir əkbər

Boşanmaların başqa bir səbəbi valideynlərin müdaxiləsidir. Karantin dövründə qaynana müdaxiləsi artdı deyə bir çox gəlin dözə bilmədi. Son vaxtlar görürəm ki, ailələrinin dağılmasına əsas səbəb oğlan analarıdır. Bəzən onlar çəkinmədən oğlanlarından boşanmaq və ayrılmaq tələb edirlər. Mənə ağır gəlir ki, niyə Azərbaycan qızlarını bu qədər hörmətsiz edirlər. Bəzi analar oğlanlarına deyir ki, qızdan çox qız var, boşan gedib sənə bir cavan qız alacam, nədən qorxursan, oğlan deyilsən? Bütün xarici ölkə vətəndaşları Azərbaycan qızlarından ötrü ölür, ailə qurmaq istəyirlər. Dəyərləndirir və deyirlər ki, belə xanımlar dünyada yoxdur, həm sevir, həm qeyrətini çəkir, həm ev işlərini görür, həm uşaq böyüdür, həm pul qazanır, həm də ailə büdcəsinə qənaət edir. Ailə ocağının sahibi qadındır. Bu karantin bəzi qaynanaların da psixikasını da korlayıb, odur ki, aranı düzəltmək və yumşaltmaq, sakitlik yaratmaq əvəzinə daha da qıcıqlandırırlar və dözülməz həddə gətirib çıxarırlar. Ümumiyyətlə, karantin zamanı insanlar bir çox sınaqlarla üz-üzə qaldı.

Bəzi hallarda boşanmaq qaçılmazdır. Son vaxtlarda ailədə zorakılıq hadisələri artıb, buna görə intihar edənlər də olur. O insanların valideynləri isə qızlarının intihar etdiyini qəbul etmir, öldürülüb deyirlər. Ən azında bu gəlinləri əllə vurub öldürməsələr də, intihar halına çatdırılmasında onların birbaşa rolu olub”.

Bir-birinin diqqət və maraqlarını həm bioloji instinktlər, həm də psixoloji baxımdan ödəməlidilər

Psixoterapevt qeyd edib ki, bəzi ailələr xırda problemləri böyüdüb qar topası kimi çıxılmaz bir faciəyə çevirir:

“Qadın və kişi bilməlidir ki, ailəm hansı meyarlar üzərində qurulur. Ailədə birinci növbədə instinktlər nəzərə alınmalıdır. Bir insan başqası üçün bir çox cəhətdən münasib və maraqlı olmalıdır, həm də sevilməlidir.

İkinci sırada anlayış mövhumu gəlir. Çox vaxt ailələrdə yaranan problem isterik səbəblərdən baş verir. Fironluq və hər şey mən istədiyim kimi olmalıdır iddiası ailədaxili gərginliyə səbəb olur. Bəzi ailələr övladlarını elə böyüdür ki, “burada mənəm, Bağdadda kor xəlifə” deyir. Bəzən qızları da belə böyüdürlər. Cütlüklər arasında qarşılıqlı anlayış olmalı, birlikdə mənəvi ehtiyaclarını ödəyə bilməlidilər. Ümumiyyətlə, ailəli və ya ailəsiz olmasından asılı olmayaraq hər bir insan özündə ərköyün, isteriyaya və narsistik xüsusiyyətlərə söykənən iddialılığı, mənəm-mənəmliyi və fironluğu dəfn eləməlidir. Belə insanlara cəmiyyətdə yer yoxdur, müasir və inkişaf etmiş cəmiyyət hamıdan istiqanlı olmağı və qarşılıqlı anlayış tələb edir. Heç kim heç kimə qışqırmalı deyil. Bu xüsusiyyətlər zorakılığa və qadın ölümlərinə gətirib çıxır. Sonra da xəbər manşetlərindən dəhşətli qətl xəbərlərini oxuyuruq. Hətta övladı ilə birlikdə intihar edən qadınlarımız olurdu. Əgər qadın davamlı olaraq həqiqətən psixoloji zorakılığa məruz qalırsa, ona insani münasibət göstərilmirsə, bu ailəni davam etdirmək olmaz. Bu ailənin sonu faciə ilə bitəcək”.

Niyə evlənməliyik?

Türkiyəli professor Nevzat Tarhan hesab edir ki, evlənmək üçün aşiq olmağınızı gözləmək lazım deyil:

“Evlilikdə püşk atılmaz. İnsanın həyatında iki önəmli qərar var. Biri peşə seçimidir, digəri evlilik qərarı. İkisinə çox düşünüb qərar vermək lazımdır. Odur ki, evləmədən öncə gözünüzü dörd açın, evləndikdən sonra yarım açın deyirik. Evlilikdə iqtisadi, sosial status, dini inanc, yaşam fəlsəfəsi və şəxsiyyət uyğunluğu önəmlidir. Doğru ailə qura bilmək üçün tərəflər eyni nöqtəyə baxmalıdır.

Bəzən gənclər deyir ki, aşiq olanda evlənəcəm. Evlilik səbəb yox, nəticədir. Aşiq olmağı gözləsəniz, evlənmək üçün çox gözləməli olacaqsınız. 70-80 faiz sevgi yetərlidir, 100 faizli sevgini axtarsanız da tapmayacaqsınız. Bəzi mükəmməlliyyətçilər buna görə qatarı qaçırır.

Evlilikdən sonra özgürlüyü tərk edirik, məsuliyyətimiz artır, həm də başqa daha gözəl mərhələyə addım atırıq. Əslində fitrətimiz və bioloji təbiətimiz evlilik istəyir, genetik kodlarımızda var. Niyə evlənməliyik sualının cavabına həmişə H2 və O-nu misal çəkirəm. Bu elementin ikisi də havada özgür dolaşır. Fəqət birləşdiyi zaman su molekulunu meydana gətirirlər. Başqa bir yaşam formundan hava su formuluna çevrilirlər. Özgürlüyü itsə də, daha gözəl bir həyat ortaya çıxır. Sağlam uşaq ancaq ailə mühitində yetişir. Əgər kimsə arzuladığı kimi yaşamaq istəyirsə, evlənməsin. Bu, bir seçimdir, amma lütfən uşaq doğmasın və ya uşaq sahibi olmasın.

Evlilik öncəsi gənclər qısamüddətli sevincləri düşünürlər, anı yaşayırıq deyirlər. Anı yaşa dedikdə, eqoist və ya hedonist (hedonizm təliminə görə həzz hissi həyatda ən ali məqsəddir) ol kimi anlaşılır. Əslində anı yaşamaq gələcəyi ancaq indi məşğul olduğun işlər sayəsində qazana bilərsiniz deməkdir. İndi dünyada gələcək hədəfləri olmayan bir gənclik yetişir, 10 il sonranı düşünmürlər. Odur ki, gənclərə daha uzun vədəli düşünüb plan qurmağı tövsiyə edirəm. Ailələr bu gün hüzurlu ortam deyil, həzz dalınca qaçan hedonistik bir insan axını ortaya çıxıb”.

Ailələrin problemlərə qarşı dözümsüzlüyü bitmə nöqtəsinin gəlməsinə səbəb olur

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın sözlərinə görə, ənənəvi problemlərlə yanaşı, pandemiyanın gətirdiyi psixoloji məqamlar, stress və gərginlik boşanmalara öz təsirini göstərib. O, qeyd edib ki, 2019-cu ilə qədər də bu tendensiyaları görürdük, amma dünyada gedən proseslərin ailə institutlarına təsiri danılmazdır və bizdə də artıq özünü göstərməyə başlayıb:

“Hər zaman olduğu kimi bu gün də ailə məsələləri xüsusi diqqət və həssas yanaşma tələb edən bir mövzudur. Ailədaxili münasibətlər, sosial-psixoloji yanaşma, ailə dəyərlərinə olan təsirlər istiqamətində Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən tədqiqatlar, təhlillər aparılır. İl ərzində qurulan ailələrin statistikasında azalma, boşanmaların artma tendensiyası dünyada müşahidə olunan templərdə olmasa da narahatedicidir. Son iki ilin göstəricilərinə gəldikdə isə bu statistika müqayisə üçün əsas götürülə bilməz. 2020-ci ildə Azərbaycanda nikaha daxil olanların sayının ciddi şəkildə azalması, koronavirus pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiqi nəticəsində kütləvi mərasimlərə, o cümlədən toyların keçirilməsinə qadağa qoyulmasıdı. Çağdaş qloballaşma və modernləşmə dövründə cəmiyyətin üzərinə çox böyük məsuliyyətlər düşür. Azərbaycan hazırda boşanma sayının sürətlə artdığı ölkələr sırasında olmasa da, mövcud vəziyyət cəmiyyətimizə də öz təsirini göstərir. Adətən boşanmalara səbəb kimi ən çox xasiyyət uyğunsuzluğu göstərilsədə, boşanma səbəbi olan anlaşılmazlıq və ailələrin problemlərə qarşı dözümsüzlüyü bitmə nöqtəsinin gəlməsinə səbəb olur. Bu məsələdə mənəvi, psixoloji məqamlar da öz köklü əksini tapır. Müasir ailə modelində stressə dayanıqlılıq, tərəflər arası emosional sabitlik və problemin həll etmə bacarığının getdikcə azaldığını müşahidə edirik. Bu proses öz növbəsində ailədaxili soyuq münasibətlərin və münaqişələrin yaranmasına şərait yaradır. Eyni zamanda zərərli vərdişlərə aludəçilik, sosial şəbəkələrdən asılılıq, ailədə asudə vaxtın düzgün təşkil olunmaması ailədaxili münaqişələrə və boşanmalara gətirib çıxardan amillərdəndir”.

Aynur Sofiyeva: Onlar beyinlərə təsir göstərməyə çalışırlar

A.Sofiyeva vurğulayıb ki, müasir dövrdə informasiya texnologiyalarının inkişafı, internetin və virtual ünsiyyətin insan həyatına daxil olması intellektual səviyyənin artmasına səbəb olsa da, mənfi çalarlarını da görə bilirik. Asosiallaşma, ənənəvi ünsiyyətdə qırılmalar, ailədə ənənəvi bağlılığın zəifləməsi kimi problemlərin kökündə duran məqamlardır:

“Ailələrin daha möhkəm və sağlam əsaslar üzərində qurulması, güclü ailələrin formalaşması və qorunması Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə xüsusilə gənc ailələrlə, yeniyetmə və gənclərlə genişmiqyaslı maarifləndirmə layihələri, tədbirlər həyata keçirilir”.

Tək xəyanət faktoru da ailəni boşanmaya aparmır

Beynəlxalq hüquq üzrə mütəxəssis Fərhad Mehdiyevin sözlərinə görə, boşanma səbəbləri müxtəlifdir:

“İqtisadi səbəblərə görə, boşanma olur. Tərəflərdən biri işləyirsə, o biri tərəf işləmirsə, adətən işləməyən tərəf qadın olur, kişinin maaşı isə yetərli olmaya bilir. Azərbaycanda hələ də belə bir anlayış var ki, ailəni kişi dolandırmalıdır. O, bunu həyata keçirə bilmədikdə müəyyən söz-söhbətlər meydana çıxır. Eyni zamanda kişinin qadına qarşı diqqətsizliyi var. Bəzi hallarda bu, zorakılığa çevrilə bilir. Bura digər şəxsi problemlərin əlavə olunması onun dağılmasına gətirib çıxarır. Adətən, bir faktor təkbaşına ailəni boşanmaya aparmır. Məsələn, tək xəyanət faktoru da ailəni boşanmaya aparmır.

Bu gün üçün kişilərin də, qadınların da seçim imkanları artıb. Bu ailə bağlarını başqa bir tərəfdən zəiflədir. Hər bir evdə mübahisə düşür, mübahisə düşməyən ev olmur. İki tərəfin fikirləri həmişə eyni ola bilmir. Amma tərəflər arasında məhəbbət və isti münasibət varsa, onlar mübahisəni tez bir zamanda bağlayırlar, uzatmırlar. Əgər bunlar yoxdursa, həmin mübahisə böyüyür və ailə dağılmağa doğru gedir. Boşanmaq üçün müraciət edən qadınlar səbəb kimi xasiyyət uyğunsuzluğunu göstərir, amma dərinə gedəndə görürsən ki, zorakılıq halları da baş verib, sadəcə danışmaq istəmirlər.

Kişi və qadın düşüncəsi ümumiyyətlə, eyni olmur, hormonları, dünya görüşləri və tərbiyə formaları fərqlidir. Tərəfləri bir arada saxlayan qarşılıqlı hörmət və sevgi münasibətlərinin olmasıdır. Bunlar davam etmirsə, orada qadın və ya kişi mübahisə etmək üçün həmişə bir bəhanə tapıb axtaracaq. Qadın və kişi düşüncələri, dünyagörüşü eyni olsa belə, konfliktin yaranması mümkündür. Konfliktdən çıxış yolu təbii ki, insanları eyniləşdirmək deyil. İnsanlar bir-birini olduğu kimi qəbul edəndə münasibətləri davam etdirmək daha asan olur”.

Azərbaycanda boşanma nisbəti qərbdə olan nisbətə bir xeyli yaxınlaşıb

Vəkil qeyd edib ki, boşanmaların artmasının bir səbəbi də insanların ailə qurmazdan əvvəl bir-birini yaxşı tanımamasıdır. Bu isə Azərbaycanda boşanma nisbətini qərbdə olan nisbətə bir xeyli yaxınlaşdırıb:

“Düşünürlər ki, ailə qurandan sonra bu insan dəyişəcək və yaxud həmin adama sözünü keçirəcək. Əgər kimsə kobuddursa, həmişə kobud olmağa davam edəcək. Başa düşmək lazımdır ki, onun düzəlməsi çox çətin məsələdir. Görəndə ki, qarşı tərəfi dəyişmək mümkün deyil, bu da ailədə qıcıq yaratmağa başlayır.

Boşananlar arasında qadınlar daha çox üstünlük təşkil edir. Bu işin qanunverici tənzimlənməsi var. Aliment siyasətini nəzərə alsaq, bu gün boşanma qanunvericiliyi kişinin tərəfindədir. Xüsusilə evdən pay vermə və yaşayış hüququ tapmaq məsələsində qanunvericilik qadını daha çox qoruyurdu, yeni mənzil məcəlləsinin qəbul olunması ilə bu, bir qədər dəyişib. İndi qadınlar keçmiş qayınatasının evində yaşayış hüququ əldə edə bilmir, əvvəllər mümkün idi.

Bizdə boşanma mədəniyyəti formalaşmayıb. Tərəflər boşandıqdan sonra münasibətlər kəskinləşir. Uşaqla ünsiyyət hüququ və digər tərəfdən alimentin ödənilməsində sıxıntılar yaranır. Bu mənada Azərbaycanda boşanma müəssisəsinin yaxşı işlədiyini demək çətindir. İndi mediasiya başlayıb, mediasiya imkan verir ki, cütlüklər öz boşanmalarını məhkəmədən kənar həll edə bilsinlər. Bu, bizdə boşanmaları daha mədəni hala gətirəcək. Uşaqla ünsiyyət hüququnu daha rahat təmin edəcək. Əlbəttə ki, bütün boşanmalar mediasiya və razılıq sazişi ilə nəticənlənmir. Elə hadisələr var ki, cütlüklər körpüləri çox yandırıblar, düşmənçilik münasibətini artırıblar. Bu halda məhkəməyə gedirlər, əfsuslar olsun ki, uşaqlarla görüşün təmin olunması və əmlak bölgüsü məsələlərində problemlər davam edir.

Qərbdə boşanma nisbəti təxminən 40 faizə yaxınlaşır, bizdə də artıq 30 faizi keçib. Məsələ ondadır ki, bizdə boşandıqdan sonra münasibətlər qərbdəki kimi davam etmir. Qeyd edim ki, qərbdə tərəf aliment ödəmək imkanına sahib olmadıqda, onun yerinə dövlət bunu ödəyir. Avropada sosial dövlət anlayışı çox güclüdür. Bizdə bu yoxdur. Əgər bizdə də bu olarsa, boşanmaların sayı daha da artar. Kişilərin daha aliment qorxusu olmayacaq. Bizdə gəlirə nisbətən alimentlər bir xeyli yüksəkdir.

Cütlüklər evlənməzdən əvvəl ehtiyatlı yanaşmalıdır. Biz hüquqşünas olaraq boşanma ehtimalını nəzərə alırıq. Amma evlənən tərəflər adətən boşanacaqlarını heç düşünmürlər. Adamı tanıdıqdan sonra görürlər ki, bir yerdə yaşamaq üçün çox uyuşmurlar. Bu da ailələrin dağılmasına səbəb olur. Maliyyə müstəqillikləri yoxdursa, evlənməsinlər. Bir adamın işi varsa, o demək deyil ki, evlənə bilər. İşini itirmək ehtimalı həmişə var. Yəni maliyyə təhlükəsizliyinin təmin olunduğundan əmin olmalısınız.

Evlənən cütlüklərə dərhal övlad sahibi olmağı da tövsiyə etmirəm. Uşağın doğulmağı bəzi hallarda ailəni birləşdirsə də, bəzi hallarda onu zəiflədir. Uşaq olandan sonra boşanmalar da bir xeyli qəlizləşir. Həqiqət odur ki, bu gün üçün Azərbaycan ailəsi 30 il əvvəlki konservativ ailə modelindən imtina edib. Qloballaşmanın təsiri ilə ailə modeli dəyişib. İnsanlar bu gün çox rahat yolla tanış olurlar. Bu, onları sıxan əvvəlki münasibətdə qalmasına və ya qalmamasına birbaşa təsir göstərir”. (“Publika.az”)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir