Günümüzdə boşanma hallarının artması kimi mənfi tendensiya müşahidə edilməkdədir. Erkən nikah, valideynlərin zorla övladlarını ailə qurmağa məcbur etməsi, eləcə də digər bu kimi problemlər ölkədə boşanma hallarının ildən-ilə artmasına səbəb olur. Statistik rəqəmlərə əsasən, ötən ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 15 659 boşanma halları qeydə alınıb. 11 ayda 15 mindən çox boşanmanın qeydə alınması rekord göstəricidir. Bəs görəsən, Azərbaycan ailələrində boşanma hallarının bu qədər artmasına, prosesin rekord həddə çatmasına səbəb nədir? Bu sualın cavabını müraciət etdiyimiz ekspertlərlə birgə tapmağa çalışdıq.
Mövzu ilə bağlı “Gencaile.az” saytına danışan Ailə və uşaq psixoloqu Ruhiyyə Rüstəmova aşağıdakıları dedi:”Orta hesabla müasir evlilik müxtəlif ölkələrdən asılı olaraq 7-10 il davam edir. Araşdırmalara görə, cütlüklərin ayrılmasının əsas səbəbləri xəyanət, maddi problemlər, həmçinin eqoizm və həyat yoldaşları arasında anlaşmanın olmaması səbəbindən yaranan fikir ayrılıqlarıdır. Göstəricilərə görə bu gün boşanmağa təşəbbüs göstərənlər əsasən qadınlardır. Psixoloji olaraq onlar daha emosionaldırlar, buna görə də hər hansı bir uğursuzluğu daha kəskin şəkildə yaşayırlar və ailədə baş verənləri daha çox təhlil edirlər. Nəzərə alsaq ki,müasir tələb və problemlərin həllində qadınların hüquqları qorunduğundan, onlar öz müqəddəratlarını seçməkdə azaddırlar: müstəqil və ya ərlə cütlükdə yaşamaq.
Getdikcə insanlar distant işə keçir, ailə bağlarının dəyəri artır, amma bir-birinə olan gözləntilər də artır. İnternetin inkişafı ilə “Yeni İnsan”ı tanımaq, asanlıqla ünsiyyətə girmək çox asanlaşıb. Hər cür sosial şəbəkələr, tanışlıq saytları və tanışlıq proqramları potensial partnyorlar əhatəsini əhəmiyyətli dərəcədə genişləndirib.Daha əvvəl necə tanış olmusunuz? Əsasən ya ailə və dostların köməyi ilə, ya da məktəbdə və işdə. Təbii ki, küçədə, nəqliyyatda və ya rəqslərdə təsadüfi tanışlıq faktoru həmişə olub, amma artıq texnikanin və sosial şəbəkələrin olduğu zamanda bu yenə də o qədər də populyar deyildi. Bu gün İnternet sayəsində bütün dünya insanlarla tanış olmaq üçün açıqdır, xüsusən də böyük əksəriyyət xarici dillərdə danışır. Mövcud münasibətlər bir araya gəlmirsə, tək qalmaq o qədər də qorxulu deyil, çünki indi oxşar maraqları və hobbiləri ilə bəyəndiyiniz bir insan tapmaq şansları daha çoxdur. Müasir dünyada ailənin əvvəlki dəyərini tam itirdiyini, söyləmək olmaz. Boşanmaların sayı bizə deyir ki, insanlar sadəcə olaraq daha seçici olublar və bir-birlərindən daha çox şey istəyirlər. Eyni zamanda, həm evlilik istiqamətində, həm də digər dostluq istiqamətdə seçimlərində daha sərbəstdirlər. Nə qadınlar, nə də kişilər bədbəxt bir evliliyi davam etdirməyə hazır deyillər, onlar çətin münasibətə son qoymağa və “YENİ” bir insanla yeni həyat qurmağa başlamağa üstünlük verirlər.”
Sosioloq Sahib Altayın məsələyə münasibəti isə belə oldu: “İnsan müsbət və ya mənfi olmasından asılı olmayaraq eyni düşüncədən, davranışdan, həyat tərzindən, quruluşdan bezir. Eyni halların təkrarlanması insan psixologiyasında monotonluq yaradır. Proseslər heç vaxt təktərəfli və bir səbəblə baş vermir. Komplekt şəklində baş verir. Məsələn, əvvəlki dövrdə mental mühafizəkarlığa əsaslanan düşüncə tərzi, iqtisadi vəziyyət və mənəviyyat amiliylə, indiki vəziyyət eyni deyil. Hər şey düşüncə tərzinə, düşüncəyə bağlıdır. Düşüncə inkişaf etdikcə, tələblər artır, quruluşlar dəyişir, həyat tərzi yenilənir. Bu gün Azərbaycanda arzu olunan təhsil və analitik düşüncə olmasa da, dünyanın hər yerində açıq cəmiyyətin bir prinsipini reallaşdıran və sərhədsiz informasiya mənbəyinə çevrilən internet var. İnsanlar buradan oxuduqları əsasında yeni məlumatlar toplayır, yeni həyat tərzi arzu edirlər. Gender məsələsi bugünkü dünya gündəminin əsas mövzularından biridir. Azərbaycanlı ailəsinin maddi dayağı kişi, mənəvi dayağı qadındır. Və bu gün kütləvi boşanma halı qeydə alınırsa, deməli qadınlarımızın düşüncəsində müsbətə doğru dəyişiklik var. Daha rahat, daha sərbəst, daha az öhdəliklə yaşamaq istəyirlər. Başqa bir səbəb, bugünkü yaşayış şərtlərinə uyğun olaraq ölkədəki gəlirlərin aşağı səviyyədə olması, işsizlik səviyyəsinin yüksək olmasıdır. Gənclər sevgililik dönəmində gündə yüz dəfə bir-birinə sözdə qurban olurlar. O vaxt onların aralarındakı münasibətin ən qızğın dövrü olur. Ailədə isə vəziyyət dəyişir. Valideynlik dönəmindən sonra iki nəfərin arasındakı sevgidən bir pay da övlada düşür. Əvvəlki dövrdə tərəflər aralarındakı sevgidən dolayı bir-birinə hər cür fədakarlığı edə bilirlər. Hətta el deyimiylə desək, evdə günlərlə yemək almağa imkan olmsa, soğan-çörəklə günlərini keçirə bilirlər. Ancaq övlad doğulduqdan sonra bu şərtlərlə yaşamaq mümkün olmur. Boşanma səbəbləri arasında qısqanclıq faktorunu, seksual aclığı, valideyn təzyiqini və s. də əlavə etmək olar. Azərbaycan və Azərbaycan kimi toplumlarda kütləvi hala çevrilən və toplum içərisində sensassiya doğuran boşanma hallarının sayını azaltmaq üçün öncə əhalinin sosial rifahını təmin etmək, işsizlik problemini ortadan qaldırmaq və ən əsası doğulan uşaqların gələcəyi ilə bağlı dövlət zəmanəti və təminatı olmalıdır. Hər şeyi valideynin öhdəsinə qoyub, ondan dövlətə əsgər, cəmiyyətə fərd tələb etmək absurddur. Bu metodla nə faydalı fərd yetişə bilər, nə sağlam ailə modeli qoruna bilər”
Təqdim etdi: Aydan Kərimli