“Statistika onu göstərir ki, son vaxtlar boşanmaların sayında azalmalar var. Təbii ki, bu məsələdə mediasiyanın mühüm rolu var”.
Bu sözləri Gəncə 1 saylı Mediasiya Təşkilatının direktoru, “Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova deyir.
O qeyd edir ki, “Mediasiya haqqında” Qanun qəbul edildikdən indiyə qədər vətəndaşlar mediasiyanın tərəflər üçün daha faydalı olduğunu görürlər:
“Gəncə 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesləri könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların müstəqilliyi və qərəzsizliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi və konfidensionallıq prinsipləri əsasında həyata keçirilir. Mediasiya zamanı tərəflər öz maraqlarına və ehtiyaclarına ən uyğun gələn həll yolunu tapırlar. Yəni məhkəmədən fərqli olaraq, mediasiya zamanı mübahisənin nəticələri deyil, əsl səbəbi aradan qaldırılmağa çalışılır. Peşəkar qaydada mediasiya aparan şəxslərin, yəni mediatorların da stilləri və apardıqları mediasiya prosesləri bir-birindən çox fərqlənə bilər.
Bir mediator heç bir zaman təklif, fikir və ya rəy bildirməyə bilər. Digər mediator isə işin hüquqi qiymətləndirilməsini apara, rəy bildirə və ya təklif verə, prosesi əsasən bunun üzərində qura bilər. Fikrimcə, mediasiya deyildikdə, Mövlanə Cəlaləddin Ruminin qeyd etdiyi kimi, tərəflərin kimin doğru, kimin yanlış olduğundan uzaqlaşdırıb, bir-birlərini anlamağa (qarşı tərəflə razılaşıb-razılaşmamaqdan asılı olmayaraq) və maraqlara uyğun barışıq imkanları axtarmağa yönələn bir proses nəzərdə tutulur. Bu prosesi aparan şəxs isə tərəflərdən müstəqil və qərəzsiz olmalıdır”.
Südabə Məmmədova kimlərin mediator ola bilməsindən, həmçinin vəkil ilə mediatorun fərqindən də söz açdı:
“Qanuna əsasən ali təhsilli, yaşı 25-dən aşağı olmayan, ən azı 3 illik iş stajı olan və mediatorluq sertifikatı əldə etmiş şəxslər mediator qismində fəaliyyət göstərə bilir. Lakin peşəkar tələblər baxımından yuxarıda qeyd edilən texniki tələblərlə bərabər mediatorların bəzi şəxsi keyfiyyətlərinin də olması vacibdir. Hansı ki, yalnız öz fəaliyyətində müstəqil, dürüst, qərəzsiz, hadisələrə tərəfsiz yanaşa bilən şəxslər mediator qismində uğur qazana bilərlər. Bu sahədə insanların güvənini qazanmaq ən önəmli istiqamətlərdən biridir. Vəkil ilə mediatorun arasında ən böyük fərq mediatorun müstəqilliyi və neytrallığıdır. Mediator heç bir tərəfi təmsil etmir. Buna görə də mediasiya sessiyalarında tərəflərdən əlavə olaraq, tərəflərin maraqlarının müdafiəsi və təmini baxımından hər tərəfin vəkilləri və ya onları təmsil edən digər maraqlı şəxslər də iştirak edə bilər.
İctimai münasibətlər qəlizləşdikcə, mübahisələrin də qəlizliyi və yaranma səbəbləri artmaqdadır. Mübahisələr yalnız tərəflər arasında baş vermir. Onlar hər zaman müəyyən kontekstdə, mədəniyyətdə və mühitdə baş verir, fərqli icmaların daxilində olur, müəyyən qrupun içindəki ictimai, iqtisadi və siyasi güclərlə əhatə olunur, müəyyən vaxtda və tarixdə baş verir. Peşəkar mediatorlar çalışırlar ki, yaranan mübahisələrin alternativ həll yol yollarını tərəflər özü müəyyən etsin. Gəncə 1 saylı Mediasiya Təşkilatında mediatorlar öz peşələrinə məsuliyyətlə yanaşaraq bilik və bacarıqlarını daim inkişaf etdirirlər”.
Xalidə Gəray