“The age” nəşrinin yazdığına görə, psixoloqa müraciət edən cütlüklərin 70 faizi nikahda ciddi böhran yaşayır, necə addım atacaqlarını bilmir. Yalnız 30 faizinin vaxtında işin üstünə düşdüyünü hesab etmək olar. Çünki münasibətlərdə bir narahatlıq duyurlar.
Mütəxəssislər nikahın ümumi vəziyyətində xəstəliklərin, valideynlərin ölümünün, işdə dəyişikliklərin, uşaqlarla problemlərin əsas rol oynadığını düşünür. Sadəcə, problemlərini daha erkən həll etməyə çalışan cütlüklərin nikahı xilas etmək şansı da yüksək olur. Mütəxəssislər hər iki tərəfin münasibətə öz emosional baqajı ilə gəldiyini bildirir. Münasibətlərin lap əvvəlindən açıq danışmaq lazımdır. Hərçənd, zamanla bu da çətin görünür.
Nikaha ən çox zərbə vuran amillər hansıdır?
Mütəxəssislər sıralayır. Birincisi, ünsiyyətdə çətinlik. Bir növ hər ikisi özünü tənha hiss edir. İkincisi, mübahisələr. Halbuki mübahisələr problemləri həll etmir. Üçüncüsü, yadlaşma. Hər iki tərəf düşünür ki, həyat yoldaşı yetərincə dəstək vermir. Dördüncüsü və bəlkə də, ən əsası, cinsi sahədə problemlər. Bura xəyanət, etibarsızlıq, günün xoş keçməməsi daxildir.
Nikahda problemlərin fərqinə mümkün qədər tez varmaq, bunları aradan qaldırmağa çalışmaq lazımdır.