bosanma

Boşanmaq nədir? – Natəvan Abdulla yazır

Baxış sayı: 645

Təkcə bu il ölkəmizdə üç mindən çox cütlük boşanıb. Bu, minlərlə ailənin dağılması, ailə birliyinin pozulması deməkdir. Biz ümumi götürəndə boşanma hallarını qınayan və ailə birliyinə önəm verən cəmiyyətik. Buna rəğmən insanlar arasındakı anlaşmazlıqların, sosial-iqtisadi çətinliklərin ailələrin dağılması hallarının artırdığını bizim cəmiyyətdə də müşahidə etmək mümkündür.

Boşanma halları cəmiyyətimizdə lap əvvəlki dövrlərə nəzərən o qədər də faciəvi qarşılanmasa da, hələ də cəmiyyətdə həyatın hər sahəsində boşanmış qadın olmağın bir çox çətinliklər yaratması bu prosesi qadınlar üçün daha da qəlizləşdirir.

Ümumilikdə boşanma prosesi və boşanma halları insan taleyində çətin mərhələ olsa da, faciə deyil. Bir-biri ilə anlaşa, yollaşa bilməyən iki insanın mədəni, etik normalar çərçivəsində yollarını ayırması kimi baxımalı olan bu prosesin bir az da hüquqi və duyğusal tərəflərinə nəzər salaq.

Gəlin, boşanmanı hüquqi bir anlayış olaraq qəbul edək. Evliliyin məhkəmə qərarı ilə sonlandırılması məsələnin hüquqi tərəfidir. Boşanma qanun çərçivəsində qurulmuş evliliyin yenə qanun çərçivəsində sonlandırılması, qadın və kişinin sonradan yenə evlənə bilməsinə imkan verən hüquqi bir prosesdir. Məsələnin hüquqi tərəfi bu qədər sadə və asan görünsə də, boşanmış insanların duyğusal baxımdan vəziyyəti heç də bu cür sadə və normal olmaya bilir. Bəzi insanlar boşanmanı qəbul edə bilmir, bəziləri həyat yoldaşından ayrılmağın hətta adama özünü bədəninin bir üzvünü itirmiş kimi hiss etdirdiyini deyirlər. Amma əgər ayrılıq məqamı yetişibsə, bu prosesin bir parçası olan, baş verəcək bütün duyğusal sıxıntılara da dözüm gətirmək və emosional dalğalanmalar qarşısında səbrli olmaq lazımdır. Əks halda bu, boşanma prosesini hər iki tərəf üçün də çətinləşdirir, arada qalan son hörmət və sevgini də bitirə bilir. Bu cür halların yaşanmaması və boşanmanı qəbul etmək üçün bu mərhələyə gəlməyin səbəblərini xatırlayıb emosional yox, məntiqi davranmaq ən doğru yoldur.

 

Boşanmaya vadar edən səbəblər 

Boşanmaq qərarının necə yarandığını, hansı mərhələlərdən keçdiyini araşdırmaq üçün psixoloqlar əlliyə yaxın dağılmaqda olan ailə üzərində araşdırma aparıblar. Bu araşdırmanın nəticəsinə görə, evlilikdə insanları boşanmağa vadar edən səbəblər mərhələli formada irəliləyir.

Birinci mərhələdə tərəflər evlilikdə gözləntinlərinin qarşılanmaması səbəbi ilə xəyal qırıqlığı yaşayırlar. Bu səbəbdən də bir-birlərini mənfi xüsusiyyətləri üzərindən mühakimə etməyə başlayırlar. İkinci mərhələdə tərəflər evliliyin gətirdiyi qazanc və itkiləri götür-qoy etməyə başlayırlar. “Bu evlilik mənə nə verir, məndən nə alır?” düşüncələri getdikcə güclənir. Bu da evli qalmaq və ayrılmaq düşüncələri arasında get-gəlləri artırır. Beləcə, evlilikləri ilə bağlı ümidli olsalar da, bu çək-çevirlər tərəflərin bir-birləri ilə bağlı şübhələrinin artırır. Son mərhələdə isə evliliyin bitəcəyi ilə bağlı düşüncələr tərəflərdən birinə, yaxud da hər ikisinə hakim olmağa başlayır. Beləcə, ailənin yükündən, problemlərdən boyun qaçırma halları artır, fiziki olaraq da tərəflər bir-birlərindən uzaqlaşmağa başlayırlar. Məhz bu mərhələdə cütlüyə problemin həlli, məsuliyyət almaq, uzlaşa bilmək kimi ailə birliyi üçün vacib məsələlərdə professional dəstək göstərilsə, boşanma mərhələsinə keçid baş verməyə bilər. Əks halda bu cür davam edən hadisələr toplusu sonda tərəflərin ya yorğun, ümidsiz və bezgin, ya da qalmaqallı, dava-şavalı ailə birliklərini sonlandırmalarına səbəb olacaq.

Psixoloqlara görə, evlilikdə ən çox rast gəlinən, problemlərə səbəb olan məsələ əslində, tərəflərin evlilikdən uzunmüddətli xoşbəxtlik gözləmələridir. Digər tərəfdən, cütlüklər bir-birlərindən ailədə fərqli rollar gözəyir və bu məsələdə ortaq məxrəcə gələ bilmirlər. Ev işlərinin düzgün bölüşdürülməsi, karyera məsələlərində qarşılıqlı məhdudiyyət qoyulması, ailədə tərəflərin sərbəstlik məhdudiyyətlərinin olması, ünsiyyət problemləri, diqqət və qayğının azlığı, qohumluq münasibətlərinin düzgün tənzimlənə bilməməsi və sair kimi məişət və sosial məsələlər düzgün qurulmadıqda ailə birliyi anlayışı yavaş-yavaş aşınmağa başlayır.

 

Boşanmanın altı mühüm tərəfi 

Amerikalı antropoloq Paul Bohannan boşanmalar üzərində uzun illər araşdırmalar aparıb və əsasən boşanma səbəblərinin nə olduğunu müəyyənləşdirməyə çalışıb. Düzdür, Amerika cəmiyyəti və mədəniyyəti ilə yaşadığımız cəmiyyəti müqayisə etmək, onun əldə etdiyi nəticələri ölkəmizdəki boşanmalar üçün də keçərli saymaq o qədər də məntiqli olmaz. Digər tərəfdən, insan psixologiyası və gələcəklə bağlı qayğıları bir-birinə bənzər olduğuna görə, bu araşdırmanın nəticələrinə nəzər salsaq, öz boşanma halımıza uyğun gələn, bu mərhələdə prosesi, özümüzü daha yaxşı anlamağımıza kömək edəcək bir çox məqamla qarşılaşa bilərik.

Bohannana görə, evliliyin dağılması təkcə hüquqi müstəvidə baş vermir. Ayrılan cütlüklər əslində, bir-birlərindən yox, bir çox şeydən də boşanmış olurlar. O, bu nüansları altı fərqli başlıqda birləşdirib. Onun qruplaşdırmasına görə, ayrılan cütlüklər arasında birinci növbədə qanuni boşanma baş verir.

Bu, hüquq və məhkəmə qrşısında baş verən boşanmadır. İkincisi, iqtisadi baxımdan boşanma ayrılan tərəflərin illərlə birlikdə qurduqları bütün maddi varlıqlarını ayırması, sahib olduqları varlıqları artıq bir-birləri ilə paylaşmayacaqları, paylaşmaq məcburiyyətində olmadıqları mənasına gəlir.

Bohannana görə, üçüncü hal duyğusal boşanmadır. Bu, məyusluqla da olsa, bir zamanlar çox sevdiyimiz birinin həyatımızdan çıxıb getməsini qəbul etməkdir.

Dördüncüsü, cütlüyün onları əhatə edən cəmiyyətdən boşanmasıdır. Bu ifadə bir az fərqli səslənsə də, əslində, Bohannan demək istəyir ki, boşanan cütlüklər ortaq dost-tanışlarından, cəmiyyətdə onları birlikdə görüb qəbul edən insanlardan da uzqaqlaşmış sayılırlar.

Beşinci boşanma halı valideynlikdən boşanmaqdır. Bu isə uşaqlı ailələrin ayrılarkən həm də ortaq valideynlik vəzifələrindən imtina etməsi, yaxud da valideynlik vəzifələrini əvvəlki qədər məsuliyyətlə icra etməmələri mənasına gəlir.

Altıncı və sonuncu boşanma halı isə psixoloji boşanmaqdır. Bu, yuxarıda sadaladığımız beş boşanma halı baş tutduqdan sonra, hətta boşandıqdan bir neçə il sonra belə nəzərəçarpan haldır. Yəni boşanmada məsələnin bütün fiziki və sosial tərəfləri psixoloji tərəflərindən daha tez həllini tapır. Amma boşanan insanlar bəzən illərlə özlərini yarımçıq, tərk edilmiş kimi hiss edir, həyatda tək olduqları ilə barışa bilmirlər.

Bohannanın boşanmayla bağlı bu yanaşması əslində, prosesə daha dərin və dolğun baxmağa, onu dərk edib anlamağa yardımçı olur. Bu baxımdan boşanmanın altıncı və sonuncu mərhələsi olan psixoloji boşanmanı dəyərləndirsək, bunun insanı daha çox təsir atında saxlayan çətin bir proses olduğunu anlaya bilərik.

Ümumilikdə boşanma hadisəsinə hərtərəfli yanaşdıqda, onun uzun müddət insana təsir edəcək psixososial bir proses olduğunu anlaya bilərik. Boşandıqdan sonra yenidən sağlam və normal həyat tərzi yaşaya bilmək, özünə olan inamı və zədələnmiş öz dəyər anlayışını bərpa etmək üçün professional dəstək almaq, yaxud bu mövzuda fərqli elmi məqalələr oxumaq faydalıdır. Beləcə, boşanmış fərd yaşadığı sosial-psixoloji vəziyyəti daha dərindən anlaya və ayrılığı daha asan qəbul edə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir