Bütün canlılar eynidir – hamısı həyatı boyunca öz yarını, tayını, sevdasını axtarır. Sadəcə, insan fərqlidir – biz bu məsələdə daha çox səhv edirik. Göyərçinin yarı öləndə özü də intihar edir, tayı ölən bozqurd kimsəsiz çöllərdə tənha gəzir, delfin cütləşdiyi yarını unutmadığını okeanda uzun müddət tək-tənha gəzməsi ilə sübut edir. Amma insan ayrıdır. İnsan canlılar arasında ən ağıllıdır, amma bəzən ən vəfasızı da ola bilir. Ruh əkizini tapıb xoşbəxt olan da var, tapıb itirən də. İtirəndən sonra həyatına davam edən də var, həyatını bitirən də.
Həyat yoldaşı seçimində o qədər də diqqətli millət sayılmarıq, biz adətən ürəyimizin əmri ilə sevirik, seçirik. Ağıla, məntiqə az dəyər veririk, cəriməsini sonra ödəyirik. Bəzimiz nisbətən diqqətliyik, gələcək uşaqlarımızın atasını və ya anasını özümüz müəyyənləşduirdiyimiz kriteriyalara görə seçirik. Bəzimiz sadəcə sevirik və seçimimiz qəbulumuzdur. Sonra bu seçimin bizə baha başa gələcəyini anlasaq da…
Aramızda məntiqinə güvənib öz seçdiyi insanla ailə quranlar da var, ürəyinə söz dinlədə bilməyib dərdindən dəli-divanə olduğu insanla evlənən də, valideyninin seçdiyi insanla həyatını birləşdirən də. Bir çoxumuz isə hələ də axtarışdayıq – öz yarını, ruh əkizini, ömür yoldaşını axtaranlar…
Maraqlıdır, insan öz yarını necə təyin edir? Axı bu ilk baxışda eşq, ilk görüşdə sevgi, ilk təmasda məhəbbətdirsə onun təyini də fərqli olmalıdır. Bəzən ilk baxışda eşqi çox dəyərli bir əşyasını itirənin onu hər addımda axtarmasına bənzədirəm. Tutaq ki, mənim üçün ən əziz olan mavi rəngli yaylığımı itirmişəm və evdə onu axtaranda yalnız mavi rəngli əşyaların arasında axtarıram. O mavidir və gözüm yalnız mavi rəngli elementləri görür.
Eşq də belədir. Eşq mavidir, qırmızıdır, sarıdır, bənövşəyidir – hər hansı bir rəngdədir, amma eşqdir. Onun nə olduğunu hələ bilmirsən, amma səni ələ ala biləcək eşqin ölçülərini artıq təyin etmisən. Bəzən bənzətdiklərin olur, eynilə mavi yaylığını axtaranda gözün mavi köynəyə ilişdiyi kimi. Amma yanıldığını mavi rəngli əşyaya yaxınlaşanda görürsən, köynəyini yerinə qoyub, itirdiyin yaylığı yenə axtarırsan. Küçədə, parkda, toyda, nişanda, işdə – harda olursa olsun ruh əkizini gördüyün anda içində axtardığın xəyali yarının əlamətləri baş qaldırır, yaxınlaşırsan, yanıldığının fərqinə varırsan, yenə axtarırsan. Bu dəfə tapırsan, içindəki səs axtardığının məhz o olduğunu deyir.
Sağlam, kifayət qədər sakit bir ailə həyatı yaşaya bilmək üçün ruh əkizimizi, yarımızı tapmağımız olduqca əhəmiyyətlidir, bəzən biz bunu qulaq ardına vursaq da. Axı biz ona “ömür-gün yoldaşı”, “həyat yoldaşı” deyirik. Gələcək həyat yoldaşımızla eyni şeylərdən zövq almasaq, oxşar zövqlərə sahib olmasaq, onda bu bizim ailə həyatımıza da təsir edəcək. Zamanla kiçik uyğunsuzluqlar böyüyüəcək, ailədə narazılıqlar yaradacaq. Narazılıqlar isə getdikcə böyüyəcək, nifaq yaradacaq. Doğru seçilməyən həyat yoldaşı ilə ən sonunda yolumuz məhkəmədə ayrılacaq. Boşanma statistikası da içimizdə nə qədər öz yarını tapa bilməyənlərin olduğunu demirmi?
Zaman hər şeyi dəyişikliyə sürüklədiyi kimi insani dəyərləri də dəyişir, indi illərlə nişanlı qalan, bir-birini yaxından tanıyan gənclər evlənir, amma cəmi 2 aydan sonra boşanır. Dünən “ruh əkizim”, “yarım” dediyimiz insan bu gün bizə yadlaşır, ögey olur. İndi ailə dediyimiz məfhum müqəddəslikdən uzaqlaşmaqda, hər gün yeni-yeni dəyişikliyə məruz qalmaqdadır.
Avropanın ailə institutunu dağıdan məntiq evliliyi yaxşı bir adət deyil, amma eşq evliliyində məntiqin yeri mütləqdir. Ürəyin “hə” dediyi işə ağılın qətiyyətlə “yox” dediyi bir çox yerdə yanıla biliriksə evlilik seçimi zamanı da yanılmaq mümkündür. Bütün hallarda həyat yoldaşı seçimində maksimum diqqətli olmaq, “yüz ölçüb, bir biçmək” yazımdır. Sonra peşman olmamaq, ailədə söz-söhbətin yaranmaması, boşanmamaq, və ən nəhayət ailədaxili qətillər törətməmək üçün… Məşhur mahnıda deyildiyi kimi: “Qərənfil abı gərək, yar-yarın babı gərək”…
Lalə Mehralı