bosanma

Boşanmış qadınla subay oğlanın ailə qurması: sevdiyi qadın, yoxsa “kişilik”?

Baxış sayı: 1. 469

Cəmiyyətimizdə hər zaman bu mövzu qəbuledilməz hesab edilsə də, “ənənəni” pozanlar, mentalitetə zidd çıxanlar həmişə olub. Əsas da yaşlı, qismən isə orta yaşlı nəslin qəbuledilməz hesab etdikləri subay oğlan evli qadın məsələsi söz-söhbət doğuran mövzu olub. Bu təbəqəyə aid olanların fikrinə görə, məhz o qadının həyatında birinci kişi olmalıdır və bu, onun tam kişilik haqqıdır. Ümumilikdə, Azərbaycan cəmiyyətində isə məsələyə yanaşma birmənalı deyil.

Belə ki, vətəndaşlar arasında bununla bağlı ümumi sorğu aparılıb. Nəticə isə maraqlıdır. Çünki subay oğlanla boşanmış qadının evliliyi qəbul edilməsə də, sorğuda ilk yeri 50.15 faizlə bu cavab tutub: “Fərq etməz, əsas sevgi və xoşbəxtlikdir”.

Bu cavab sadəcə insanların ürəyindən keçən bir arzudur, reallaşması isə əksəriyyət hallarda mümkün olmur. İkinci yerdə isə 17.03 faizlə cavab verməyə çətinlik çəkənlər qərarlaşıblar. Onların fikrincə, belə çətin hal qarşısında insan özü də nə edəcəyini bilmir. Üçüncü sırada isə, 10.37 faizlə “Mütləq bakirə olmalıdır” qənaətində olanlar durur. Bu fikirdə olanlar isə əsasən kişilərdir. Yəni kimsə qadına qadın kimi, kişiyə kişi kimi baxmır, bu statusların daşıyıcısı kimi baxır.

Psixoloq Arzu Qurbanlı deyir ki, subay qız və yaxud da oğlanların həyatının ən önəmli dövrlərindən biri olan ailə həyatı qurmaq onların ən böyük arzularından biridir: “Əlbəttə ki, nə gənc bir qız, nə də ki gənc bir oğlan qurduqları ailə həyatlarında başlarına gələnlərdən sığortalanmayıb. Ailə həyatı açılmamış bir kitab kimidir, onu qurduqdan sonra bəzən bir ömür boyu cütlüklər bir-birlərinin yeni-yeni xasiyyətlərini öyrənməkdə davam edir, həyatın enişli-yoxuşlu anlarının birlikdə öhdəsindən gələ bilirlər. Lakin hər zaman belə olmur. Bu zaman isə onlar çıxış yolunu öz həyat yollarını ayırmaqda görürlər. Beləliklə qurulan ailə dağılmağa məcbur olur. ”

bosanma

A.Qurbanlının fikrincə onlar öz xoşbəxtliklərini axtarmaqdan imtina etməməlidirlər: “Bəzən görürük ki, evli olub boşanmış bir bəy gedib gənc subay xanımla ailə həyatı qurur. Burada qəbahət heç nə görmüəm. Hər bir insanın həyatında səhvlər olur və yaxud da hər bir insan yanıla bilər. Onun haqqıdır ki öz xoşbəxtliyini axtarmaqda davam etsin və çox zaman da buna nail olmağı bacarır. Subay oğlanların boşanmış xanımlarla ailə qurmasına gəldikdə isə psixoloq vurğulayır ki, bu kimi hallarda cütlüklər cəmiyyətin qınaq obyektinə çevrilə bilirlər. Burada isə əsas faktor olaraq mental dəyərlər önə çəkilir: “Çünki artıq bura bizim yaşadığımız ölkənin adət və ənənələri və mentalitetləri də qoşulacaq. Düşünürəm ki ailə həyatı dağılmış hər bir insanın haqqıdır ki, həyatının ikinci baharını yaşasın, fərqi yoxdur evli, ya subay. Boşanmış qadınla evlənən subay gənclər hər zaman qınaq obyekti olurlar. Cəmiyyət bunu qəbul etmir. Mentalitet sözünün mənasını bilməyənlər mentalitetdən danışırlar. Sevgi nə qədər güclü olsa da, bir-birinə verilən dəyər nə qədər üstün olsa da , məcburən kənardan baxışı fikirləşib addım atmalısan. Günümüzün acı həqiqəti olsada bu belədir.”

Boşanan xanımlara cəmiyyətin baxışı da fərqlidir. A.Qurbanlının sözlərinə görə, bəzən həmin insanları əxlaqı yerində olmayan şəxs kimi də təqdim edirlər: “Axı boşanan xanım əxlaqsızdır?! Xeyr. Onun hansı səbəbdən boşandığını biz bilə bilmərik. Boşanan kimi birmənalı şəkildə xanımları günahlandırırlar. Bu, çox yanlışdır”. Sevdiyi qadın, yoxsa “kişilik”? Onu da qeyd edək ki, nəinki subay oğlanın boşanmış qadınla evlənməsinə narazılıq olur, həmçinin, artıq o qadına baxış da dəyişir. Yaşadığın yerdən köçəndə söhbətlər kəsilir, əvvəllər səni məhəllənin namusu hesab edənlər indi geyiminin nə qədər qapalı olmasından asılı olmayaraq, başqa gözlə baxmağa başlayırlar. Elə qadınlar da baxışları ilə onu aşağılayıb, öz ərli vəziyyətləri ilə qürur duyurlar. Boşananda eyni yaşda olan qızlarla eyni cür geyinə bilməzsən, mümkün qədər qapalı geyinməlisən, çünki eyni paltarın içindəki insanın artıq “boşanmış” damğası var. Nə qədər ürəkağrıdıcı olsa da bu artıq belədir və bu damğayla da onu heç kim nə oğluyla, nə də qohumuyla evləndirmək istəməz. Cəmiyyətin fikrini nəzərə alanda isə, görürük ki, elə qadınla evlənən kişi də artıq “kişilər” sırasından çıxmış olur. Məncə, ən əxlaqsız insan elə başqalarını yersiz mühakimə edəndir.”

 

Xədicə Səxavətqızı

Xeberle.com




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir