“Uşaq bağçalarına direktorların təyini zamanı Finlandiya, Cənubi Koreya və ya Sinqapur modelindən istifadə etməyimiz daha məqsədəuyğundur”. Bunu təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinin Ümumtəhsil şöbəsinin məktəbəqədər təhsil sektorunun müdiri İlahə Rəsulovanın uşaq bağçalarına direktorların təyin edilməsi üzrə qiymətləndirmə çərçivəsinin hazırlandığı barədə səsləndirdiyi fikrinə münasibət bildirərkən demişdi. Onun sözlərinə görə, boşanmış, övladı vəfat etmiş şəxslər bağçaya işə götürülməməlidir:
“Bağça müdirlərinin təyin edilməsi üçün tək bilik və bacarıq yetərli deyil. Bağça rəhbərləri, orada çalışan təlim-tərbiyəçilərin mütləq şəkildə xarici görünüşü də yoxlanılmalı, xarici görünüşləri vahiməli olmamalıdır. Habelə boşanmış, övladı vəfat etmiş şəxsləri bu vəzifəyə, ümumiyyətlə, işə cəlb etmək olmaz”.
Bu açıqlama cəmiyyətdə kifayət qədər narazılıqla qarşılanıb. Əksəriyyət bunu boşanmış qadınlara qarşı ayrı-seçkiliyin təzahürü, insan hüquqlarına qarşı ziddi kimi dəyərləndirib. O da məlumdur ki, son illərdə bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da boşanmaların sayı artıb. Bəs boşanmış qadınlar niyə işləməsin?
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu mövzu ilə bağlı fikirlərini bölüşdü: “Ümumiyyətlə, son vaxtlar boşanmış qadınlar haqqında bu cür fikirlərin səslənməsini tez-tez müşahidə edirik. Əlbəttə ki, bu da səbəbsiz deyil. Məsələn, axşamlar paytaxtın mərkəzi küçələrində restoranlara, barlara getsəniz, görərsiz ki, əxlaqsızlıq edən qadınların sayı artıb. Buna görə də milli dəyərlər aradan çıxdıqca cəmiyyətdə qadına münasibət dəyişməyə başlayır. Bu məsələnin qarşısını almaq lazımdır.
Novella Cəfəroğlu: “Boşanmış qadınlar işləyə bilməz fikri absurddur”
O ki qaldı təhsil ekspertinin bu cür fikirlər səsləndirməsinə, demək istərdim ki, bu günə qədər boşanmış qadınlara nə hörmət etmisiniz? Boşanmış qadınların uşaqları əlindən alınır, küçəyə atılır, psixoloji təzyiqlər edilir. Bütün bunlar bizim gözümüzün önündə baş verir. Bu çox absurd bir fikirdir ki, boşanmış qadın tərbiyəçi və yaxud müəllim ola bilməz. Uşaqları vəfat edən qadınlar isə deyərdim ki, uşaqları daha çox sevir, onlara bağlı olur, gözəl münasibət bəsləyir, daha çox məhəbbətin göstərir və sairə. Gərək həmin ekspert bu cür fikirlər səsləndirməyəydi”.
Əhməd Qəşəmoğlu: “Cəmiyyətdə boşanmış qadınların sayı artırsa, əksinə, onlara qarşı qayğımız çoxalmalıdır”
Sosioloq Əhməd Qəşəmoğlu da təhsil ekspertinin fikirlərinin qəbuledilməz olduğunu söylədi: “Ekspertin bu sözlərini xoş qarşılamaq mümkün deyil. Çünki indiki statistikaya da nəzərə salanda görürük ki, son vaxtlar boşanmış qadınların sayı sürətlə artmağa başlayıb. Əgər son vaxtlar 100 nikaha 30 boşanma düşürsə, bu o deməkdir ki, boşananların sayı kifayət qədər çoxdur.
Boşanmış qadının bağçalarda işləməsinə gəldikdə isə tərbiyəçinin və yaxud müəllimin boşanıb-boşanmamasına baxmaqdansa müəssisələrdə işin qurulmasını öyrətmək lazımdır. Bağçada iş elə qurula bilər ki, əksinə, boşanmış qadın daha çox işinə can yandırar. Hər halda, boşanmış qadının ailəsi yarımçıq qalıb, uşaqlarını çətinliklə böyüdür, buna görə də digər uşaqlara daha çox qayğı ilə yanaşa bilər. Ona görə də əsas diqqəti bağçadakı şəraitə yönəltmək lazımdır.
Biz bəzən məsələnin həlledici tərəflərini yaddan çıxardır, daha çox ikinci, üçüncü məsələlərə diqqət edirik. İndi bilmirəm Kamran Əsədov hansı emosiyaların və yaxud hansısa 2-3 faktın əsasında bu cür fikirlər səsləndirib, amma qətiyyətlə deyə bilərəm ki, bu məsələni ümumiləşdirib demək olmaz. Əgər cəmiyyətdə boşanmış qadınların sayı artırsa, əksinə, bizim onlara qarşı qayğımız çoxalmalıdır. Yoxsa ki, bu cür yanaşmaq doğru deyil. İlk öncə çalışmalıyıq ki, boşanmaların sayı azalsın. Bunun üçün aidiyyəti qurumlar lazımi yanaşmadan istifadə etməlidirlər. Ümumiyyətlə, boşanmış qadınlara qarşı bu cür neqativ münasibət mentalitetimizdən də irəli gəlir. Millətimiz hər zaman diqqəti boşanmış kişilərə deyil, qadınlara qarşı yönəldir və bu, son illərin münasibəti deyil. Son illər isə cəmiyyətimiz daha da dəyişib, mürəkkəbləşib. Baş verən neqativliklər aidiyyəti qurumlar tərəfindən təhlil olunmalıdır, bilməlidirlər ki, bunun üçün hansı texnologiyalardan istifadə olunmalıdır. Bunlar isə edilmir”.