omba

Böyük ombalar necə dəb oldu?

Baxış sayı: 489

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşlü qadınların sayı günü-gündən çoxalır.

 

Arıq olan da etdirir, kök olan da

Əksər qadınlar bədənlərinin var olan quruluşundan məmnun olmur, ya sinəsi kiçikdir deyə düşünür, ya da ombaları balacadır deyə fikirləşir. Yaşlanma, arıqlayıb-kökəlmə, keysəriyyə əməliyyatı zamanla bədənə öz izlərini qoyur, əgər aktiv həyat tərzi keçirmirsənsə, daim hərəkətdə deyilsənsə, bədən öz görüntüsünü zamanla dəyişir. Əvvəllər bu görüntünü gözəlləşdirmək üçün idman ən çox seçilən üsul olurdu, amma hazırda qadınlar bədənin əməliyyatla formaya salınması üsuluna üstünlük verirlər.

Hərəkətsizlikdən, çəki artmasından, yaşlanmadan sonra bəzən omba nahiyəsində deformasiyalar yarana bilər. Bəzən genetik deformasiyalar da ombanın qeyri-estetik görünməsinə səbəb olur. Xüsusilə, piylənmə omba və qarın bölgəsində estetik görünməyən sallanmaya səbəb ola bilər. Amma bəzən kifayət qədər arıq, normal çəkili qadınlar da omba əməliyyatı etdirirlər. Ona görə omba estetikası iki cür olur. Birincisi, artıq çəkinin, piylənmənin yaratdığı fəsadlardan sonra omba nahiyəsinin quruluşunun itməsi və bədən xətlərinin ortaya çıxarılması üçün edilən omba əməliyyatı, ikincisi isə çəkisi az olan xanımların ombasının ölçüsünün kiçik olması şikayətinə görə edilən böyütmə əməliyyatı. Artıq çəkili qadınlarda xüsusilə omba nahiyəsinin yan hissəsində çoxlu yağlanma olur. Piylənməsi həddən artıq olan nahiyələrdən piyləri çıxararaq omba nahiyəsinə yeridilir, çəkisi az olan qadınlarda omba dikləşdirmə əməliyyatı implantlar ilə həyata keçirilir.

 

Əcaib quruluşlu qadınlar çoxalır

Əvvəllər belə əməliyyatlara səhnə adamları, müğənnilər ehtiyac duyardı, indi ev xanımları da bu əməliyyata girirlər. Tibbdə “Braziliya ombası” kimi tanına bu cür ombalar Braziliyada yerli qadınların normal quruluşudur, lakin daha təbii formada. Əməliyyatla edilən dikləşdirmə süni forma olduğu üçün ilk baxışdan anlaşılır.

Əslində, bu əməliyyat reklam edildiyi qədər asan və sadə əməliyyat deyil, riskləri çoxdur. Dünyanın bir çox ölkəsində bu əməliyyatdan sonra həyatını itirənlər də var. Qadınlar bu riski gözə alaraq əməliyyata girirlər. Araşdırmalar sübut edir ki bədən quruluşu bir çox hallarda qidalanma ilə bağlıdır. Bədənindən narazı olan insanlar onu dəyişdirmək istəyərkən bilmədən yanlış üsullara əl atırlar. Araşdırmadan, dəqiqləşdirmədən bədən formalaşdırma əməliyyatına girən qadınlar əməliyyatdan sonra kiçilmiş qarınlarından, incəlmiş bellərindən və böyük ombalarından razı qalırlar.

Bütün zamanlarda zəriflik və incəlik anlayışı gözəllik və cəlbediciliyin göstəricisi kimi qəbul edilib. Amma bu cəlbedicilik qadınların başına bəla olur. Qaş düzəltmək yerinə vurub göz çıxarmaqları onlara baha başa gəlir. Bir zamanlar azacıq ətli-qanlı qadınlar daha gözəl hesab edilsə də, kaman qaşlar, incə dodaqlar gözəllik etalonu sayılmayalı çox zaman olub. İndi arıq, sinəsi və ombası süni formada böyüdülmüş, qaşları rənglənmiş, dodaqları şişirilmiş, çənəsi itilənmiş qadınlar sayılır etalon. Təbii ki, gözəllikdən anlamayanlar üçün.

 

Gözəllik normalardır

Çərçivədən, hədəqədən çıxılmadığı müddətcə gözəllik spesifik olmalıdır. Birinə gözəl görünən böyük dodaqlar digərində ikrah yaradır. İnsanlar öz bədənini olduğu kimi sevmədiyi üçün bu proses uzanacaq. Əvvəlcə öz bədənimizi olduğu kimi qəbul etməliyik. Təbii ki, ətrafımızın və cəmiyyətin bizə biçdiyi don bir çoxu üçün önəmli olsa da, nəyin yaxşı olacağını insan özü müəyyən etməlidir. Sağlam bədənə sahib olmaq həm də sağlam psixologiya deməkdir. Sağlam və düzgün qidalanmaq, idmanla məşğul olmaq çox vacibdir. Xarici görünüşümüzü modaya uyğun dəyişməyə çalışsaq, sonunda özümüzü qeyri-adekvat görməyə başlayarıq. Neçə ki indi çoxları o vəziyyətdədir.

İstədiyimiz qədər trendlərlə ayaqlaşmağa çalışaq, ruhumuz həmişə olduğu kimi qalacaq. Əgər biz öz nəfsimizi qidalandıraraq, inkişaf etdirərək gözəlləşdirsək, bu, zahiri görkəmimizdə, davranışımızda da özünü göstərər. Ətrafımız bizi zahiri görkəmimizə görə deyil, daxili gözəlliyimizə görə sevməli və qəbul etməlidir. İnsanın ruhunun gözəlliyi simasında da əks olunur. Özünü olduğun kimi qəbul etsən, insanlar səni olduğun kimi qəbul edəcəklər. Əsas olan insanların səni necə gördüyü deyil, özünü necə gördüyündür.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir