KISI

Boyunuzu uzun göstərən geyimlər – KİŞİLƏRİN MENYUSUNA

Baxış sayı: 1. 553

Əziz kişilər, zövqlə geyinmək istəyirsinizsə, seçdiyiniz geyimlərin rəng uyğunluğuna, kəsiminə, materialına diqqət etməklə yanaşı, həm də bu geyimlərin çəkinizə, boyunuza görə nə qədər münasib olduğuna da fikir verməlisiniz. Etdiyimiz düzgün geyim seçimləri ilə biz ətrafdakıların görməsini istəmədiyimiz qüsurları çox asanlıqla gizlədə, arzuladığımız kimi ideal vizuallığa sahib ola bilərik. Bəs necə? Sualın  cavabı sizə də maraqlıdırsa, məqaləmizi sonadək oxumağınızı tövsiyyə edirik.

İnsanlar, xüsusən də kişilər uzunboylu həmcinslərinə həsəd aparır, boylarının qısa olmasını özlərinə kompleks edirlər. Amma bu səbəbə görə təəssüflənməyə dəyməz, əziz kişilər. Hər zaman stəkana boş tərəfindən baxmaq düzgün deyil. Boyunuzun qısa olması əslində sizin üçün digərləri ilə müqayisədə daha böyük avantajlar yaradır. Belə ki, əgər bəyəndiyiniz geyim əyninizə böyükdürsə, siz heç düşünmədən onu ala, məhəratli bir dərzinin sayəsində öz ölçünüzə uyğunlaşdıra bilərsiniz. Uzunboylu həmcinslərinizin isə belə bir şansı yoxdur, əgər seçdikləri geyim onların ölçüsünə uyğun deyilsə, qısadırsa, onlar sadəcə olaraq həmin paltara həsədlə baxaraq mağazanı tərk etməyə məcburdurlar.

İndi isə geyim seçərkən diqqət etməli olduğunuz məqamlar barəsində daha ətraflı söhbət edək.

Əvvəlcə şalvar seçimindən başlayaq. Geyim seçərkən qısaboyluların diqqət etməli olduğu ən əsas şərtlərdən biri də şalvarın ayaqqabının üzərində yığılıb qalmamasıdır. Bu həm görünüş baxımından səliqəsizlik yaradacaq, həm də boyunuza diqqət çəkəcək. Əgər qıçlarınız bədəninizin üst hissəsi ilə müqayisədə daha qısadırsa, qısa belli şalvalardan uzaq durum. Yox əgər gövdəniz ayaqlarınız ilə müqayisədə daha qısadırsa, yaxşı olar ki, ayaq hissəsi dar şalvarlara üstünlük verəsiniz.

Köynək seçərkən isə diqqəti üzünüzə çəkəcək geyimlərə üstünlük verməyiniz daha məsləhətlidir. Bunun üçün yaxşı olar ki, klassik köynəklərdənsə, futbolkalara üstünlük verəsiniz. Geyim seçimində qısaboylular üçün arzuedilməz digər bir nüans isə köynəyin şalvarın içinə salınmasıdır. Gövdəniz qıçlarınız ilə müqayisədə daha qısadırsa, bu geyim tərzi sizin üçün yolveriləzdir.

Pencək seçimi edərkən isə onun çox uzun olmamasına diqqət yetirin. Pencəyiniz nə qədər uzundursa, ətrafdakıların gözündə boyunuz bir o qədər uzun görünəcək. Buna görə qısa pencəklərə üstünlük verin. Həmçinin boyunuzun uzun görünməsi üçün dərzinizdən pencəyin sinə hissəsindəki cibini yuxarı, aşağı hissədəki ciblərini isə bir az daha aşağıda tikməsini istəyin.

 

Rəng seçimi

Rəng seçimi edərkən boyunuzdan çox çəkinizə fikir verməlisiniz. Tünd və təkrəngli geyimlər sizi daha arıq göstərəcək. Əgər çəkinizi olduğundan çox göstərmək istəyirsinizsə, yaxşı olar ki, açıq rəngli geyimlərə üstünlük verəsiniz.

O qədər də uzunboylu sayılmayan bəylərin geyim seçərkən diqqət etməli olduğu məqamlardan biri də şalvar və köynək rənglərinin bir-birinə uyğunluğudur. Seçdiyiniz geyimlər ton baxımından bir-birindən nə qədər çox fərqlənərsə, bu boyunuzu bir o qədər qısa göstərəcək.

Görünüşünüzü daha maraqlı etmək istəyirsinzsə, yaxşı olar ki, geyiminizlə uyğunlaşan aksesuarlardan istifadə edəsiniz. Bunun üçün enli qalstuklardansa, nazik qalstuklara və dar kəmərlərə üstünlük verin.

Boyu qısa olan bəylər, uzun saçlı həmcinslərinizi nə qədər yaraşıqlı hesab etsəniz də, unutmayın ki, sizin üçün qısa saçalar daha arzuolunandır. Əks seçim boyunuzu olduğundan da qısa göstərəcək. Və sonuncu məsləhətimiz: doğrudur əksər bəylər üçün bu sirr deyil, amma yenə də xatırlatmaqda fayda var. Ayaqqabı seçimi edərkən dabanı hündür olanlara daha çox üstünlük verin.

Unutmayın ki, qısaboylular içərisində də onlarla, yüzlərlə məşhur sima insan var, amma onların heç biri bunu kompleks etmədən rahatlıqla kameralar qarşısına keçirlər. Çünki geyim seçimlərinə xüsusi diqqətlə yanaşırlar. Siz də yuxarıda sadalananlara əməl edərək asanlıqla arzuladığınız ideal görünüşə sahib ola bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir