xestelik

Boz ayın gətirdiyi xəstəliklərdən necə qorunmalı?

Baxış sayı: 1. 430

Artıq Novruzun müjdəçisi olan Boz ay dövrünü yaşayırıq. Adından da göründüyü kimi, bu ayda havalar gah isti, gah soyuq, gah da küləkli keçir. Belə havalarda isə insanlar adətən necə geyinəcəyini bilmir. Çünki bəzən hava səhər isti günorta küləkli olur. Dəyişkən hava şəraitində isə xəstəliklərə qapılma ehtimalı yüksək olur. Maraqlıdır, bəs bu cür dəyişkən havalarda özümüzü necə qorumalıyıq?
Yazda soyuqdəymə xəstəliklərin, virus infeksiyaların, nəfəsalma sistemi xəstəliklərin sayı kəskin artır. Bunun səbəbi immunitetin zəifləməsidir. Zəiflənmiş immunitet insanı virus və bakteriyaların hücumundan qoruya bilmir.
Bu halda yenə də vitamin-mineral komplekslərin qəbulu, yaxşı qidalanma, havaya uyğun paltar əsas profilaktik tədbirlərdir. Əksər insanlarda halsızlıq, yorğunluq, yuxu istəyi, kədər, stress kimi hallar müşahidə edilməyə başlayır. Qan-damar sistemində yaranan problemlər təzyiqin yüksəlməsi, qanda şəkərin və insulin hormonunun miqdarının dəyişməsi ilə nəticələnir. Orqanizmin normal fəaliyyətini təmin etmək üçün qidalanma rejiminə əməl etmək mütləqdir. Düzgün qida rasionu hər bir yaşda və fəsildə, xüsusilə də yaz fəslində vacibdir. Qida yalnız böyümə deyil, eyni zamanda enerji mənbəyi funksiyasını da həyata keçirir.

Məhz bu səbəbdən onun tərkibindəki komponentlərin balanslaşdırılmasına xüsusi diqqət yetirmək lazımdır. Tərkibi vitaminlərlə, çiy meyvə və tərəvəzdən ibarət rasion sağlamlığın ilk təminatçısıdır. Gün ərzində 4-5 dəfə olmaqla lazımi element və fermentlərdən ibarət qidalanma məsləhət görülür. Yaz aylarında orqanizmin A, B və C vitaminlərinə olan tələbatı artır. A vitamininin çatışmazlığı dəridə quruluğa və gözdə zəifliyə səbəb ola bilər.

Bu problemlərdən süd, yumurta, balıq və bol miqdarda sarı-narıncı rəngli meyvələrdən istifadə etməklə uzaq olmaq mümkündür. B vitamini çatışmadıqda isə insanda əsəbilik, ürək döyüntülərinin artma halları müşahidə edilir. Bu problemlərlə üzləşmək istəmirsinizsə, ət, yumurta, kələm və kartofdan bol miqdarda istifadə edin. Orqanizmdə C vitamininin çatışmazlığı immunitetin zəifləməsi və halsızlıqla müşahidə edilir. Sadaladığımız hallardan qorunmaq üçün kartof, təzə meyvələr, limon və kələmdən istifadə etmək lazımdır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla yaza keçid dövründə bəzi mədə bağırsaq xəstəliklərinin kəskinləşdiyini dedi: “Bu cür havalarda soyuq dəyməyə səbəb ilk öncə insanların geyim formasını düzgün seçməməsidir. Gün çıxır, insanlar buna aldanır. Halbuki günəş olmasına baxmayaraq havanın temperaturu aşağı olur. Günəşin olması havanın hələ isti olması demək deyil. Sadəcə olaraq hava aydın olanda Günəş görünür və bu aldadıcı xarakter daşıyır. Yəni temperatura diqqət etmək lazımdır. Temperaturun 16 dərəcədən aşağı olduğu vaxtlarda yüngül geyinmək məsləhət deyil. Bu zaman soyuqdəyməyə tutulma ehtimalı çoxdur. Nəzərə alsaq ki, temperatur gün ərzində dəyişir, Bakı küləkli bir şəhərdir və bəzən bu küləyin əsməsi real temperaturu daha da aşağı salır. Külək isə soyuq havanı birbaşa insanın bədəninə yeridir. Ona görə də bunu nəzərə almaq lazımdır. Digər tərəfdən də qidalanma məsələsinə diqqət etmək lazımdır. Yaxşı olar ki, yazın axırına yaxın zəif adamlar, xüsusilə də xroniki xəstəliyi olan adamlar, yaşlılar, uşaqlar vitaminlə zəngin qidalar qəbul eləsinlər. Apteklərdə həb, kapsul, uşaqlar üçün isə sirop şəklində olan qidalardan istifadə etmək lazımdır. Uşaqlara diqqət etmək lazımdır. Onlarda D vitamini çatmır. Uşaqlara boyu üçün lazım olan B qrup vitaminlər verilməlidir. Mədə-bağırsaq problemi olan xəstələrdə yazın və payızın başlanğıcı xəstəliyin kəskinləşməsi dövrü sayılır. Ona görə də belə xroniki xəstələr öz həkimləri ilə məsləhətləşməli və profilaktik tədbirlər görməlidirlər”.
Günel MANAFLI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir