icki

Brendə sima seçərkən nələrə diqqət etmək lazımdır?

Baxış sayı: 1. 426

Tanınmış brendlər həm bazardakı yerlərini möhkəmləndirmək, həm də istehlakçı auditoriyasını genişləndirmək üçün mütəmadi olaraq yeni addımlar atmağa çalışırlar. Müxtəlif dizaynlı qablaşdırmalar, endirim kampaniyaları, geniş reklam və media alətlərindən istifadə bu addımlardan bir neçəsidir.

Son dövrlər geniş yayılan ənənə isə “məşhur üz”lərdən istifadədir. Belə ki, brendlər hər kəs tərəfindən tanınan, sevilən şəxslər vasitəsilə məhsula qarşı sevgi yaratmağa, rəqiblərdən daha yaxşı olduqlarını insanlara çatdırmağa çalışırlar.

Bəzi mənbələrə görə, reklamlarda tanınmış şəxslərdən istifadə olunmasının tarixi hələ 1760-cı illərdən başlayır. Saxsı və çini qablar istehsal edən britaniyalı biznesmen Josiah Wedgwood şirkətinin imicini möhkəmləndirmək və məhsullarını tanıtmaq üçün xidmət göstərdikləri kral ailəsinin üzvlərindən reklam aləti olaraq istifadə edirdi.

Hətta digər mənbələrdə qeyd olunur ki, qədim Romada qladiator döyüşlərinə marağı daha da artırmaq üçün elanlarda həmin dövrün ən güclü döyüşçülərinin şəkillərini yerləşdirirdilər. Bəs görəsən, hələ qədimdən bəri daha çox insanın diqqətini çəkmək və maraq yaratmaq üçün istifadə olunan “məşhur üzlər” məhsulun məşhurlaşmasında nə qədər effektiv rol oynaya bilirlər? Brendi uğurla təmsil etmək üçün, sadəcə, məşhur olmaq kifayətdirmi?

Hər hansı brendə sima seçərkən yalnız məşhurluq faktorunun kifayət etmədiyini bildirən PR mütəxəssisi Samir Əfətli düzgün auditoriyaya xitab edə bilmək üçün düzgün kommunikasiya strategiyasının vacib olduğunu əlavə edir:

“Məhsulun simasının kim olacağını seçməmişdən öncə məhsulun nə olduğu, hansı auditoriyaya xitab etdiyini müəyyənləşdirmək lazımdır. Elə bir məhsul ola bilər ki, sima nə qədər məşhur olsa da, layihə yenə də uğursuz olacaq.

Sima öncədən müəyyənləşdirilmiş meyarlar əsasında marketinq mütəxəssisləri tərəfindən seçilməlidir. Seçim edilərkən məşhur şəxsin hansı sahədə fəaliyyət göstərdiyi, əsas izləyici auditoriyasının kimlər olduğu, cəmiyyətə təsir gücü detallı analiz edilməli və nəticələr məhsulun meyarları ilə qarşılaşdırılmalıdır”.

Məhsulun auditoriyasının genişləndirilməsi və bazardakı nüfuzunun daha da möhkəmləndirilməsinə səbəb olan bu kommunikasiya üsuluna xüsusilə qlobal şirkətlər böyük həssaslıqla yanaşırlar. Hətta son dövrlər reklam sferasında böyük səs-küyə səbəb olan nümunələrdən biri də “A” kateqoriyalı Hollivud ulduzu Brus Uillisin “HELL ENERGY” ilə əməkdaşlığa başlaması olmuşdu.

“HELL ENERGY”nin marketinq direktoru Peter Pantl müsahibələrinin birində Brus Uillisin brendin üzü kimi seçilməsinin səbəbini əsaslandırarkən belə qeyd etmişdi:

“HELL” dinamik enerji, güc və keyfiyyəti təmsil edir. Biz bu dəyərləri göstərən birini axtarırdıq. Brus Uillis dünya üzrə tanınmış simadır və onun adı ən yaxşı keyfiyyət üçün zəmanətidir”.

Araşdırmalarımız göstərdi ki, “HELL” yalnız qlobal bazarda nüfuz qazanmaqla kifayətlənməyib, fəaliyyət göstərdiyi ölkələrdə də şirkət dəyərlərini təmsil edə biləcək, cəmiyyət içərisində nüfuza sahib şəxslərlə əməkdaşlıqlar edir.

Belə ki, xüsusi meyarlar əsasında həm qlobal, həm də yerli auditoriyaya hesablanmış bu addımlar şirkətin imicinin möhkəmlənməsi və istehlakçı sayının sürətlə artması ilə nəticələnir.

Qeyd edək ki, “HELL” enerji içkisinin ölkəmizdəki siması izləyicilər tərəfindən sevilən və nüfuza sahib olan, tanınmış teleaparıcı İlkin Həsənidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir