Brend məhsula simpatiya, pərəstiş son 10-15 ilin ciddi xəstəliyinə çevrilib. Qazandığı pulu son qəpiyinədək brend məhsullara xərcləyən, aldığı əşyaları, geyimləri istifadə etməyən və bu alışqanlığını ram edə bilməyənlərin sayı artır. Əgər insan brendə önəm verirsə, bu marağına rəğmən brend olmayan və bəyəndiyi hər şeyi alıb istifadə edə bilirsə, bu, normaldır. Lakin insan aludə olduğu brendləri həyat tərzinə çevirirsə və özünü brendsiz təsəvvür edə bilmirsə, deməli, pataloji hal mövcuddur.
İnsanların istehlak aludəçiliyi və bu proses zamanı seçimlərinin yalnız brendlərdən olması obsesif brend istifadəsi və ya brendomaniya kimi xarakterzə edilir. Bu cür insanlar aldıqları məhsulun öz standartlarını yüksəldiyini düşünərək daha bahalı və elit görünmək üçün son qəpiyədək xərcləyə bilirlər. Əvvəlcə bir maraq olan brend məhsulları almaq meyli, zaman keçdikcə brend asılılığına çevrilə bilər. İnsanların brend məhsullara üstünlük verməsində bir çox səbəblər ola bilər, amma ən başlıca səbəb kütləvi informasiya vasitələri, sosial şəbəkələrdir.
Həyatını yalnız brend məhsul istehlak etməyə həsr etmiş insanlar həm öz aludəçiliyi üçün, həm də başqalarının təqdirini qazanacağını düşündükləri üçün brend məhsullara üstünlük verir. Bu zaman önəmli olan o məhsulun qiyməti, keyfiyyəti və istifadəyə yararlılığından çox, o markanın yaratdığı və cəmiyyətdə formalaşan imicidir. Brend istifadə etdiyi zaman o markanın yaradacağı təsir, brend məhsul ilə inteqrasiya olunaraq özünü daha dəyərli və əhəmiyyətli hiss etməsi əslində ciddi psixoloji problemdir.
Beləcə brend imicini hər şeydən üstün tutan, bütün həyatını brend əşyaları istehlaka kökləyən bir həyat tərzi yaranır. Sevdiyi brendi ala bilmirsə, özünü dəyərsiz və əhəmiyyətsiz hesab edən, kreditlə, borcla istəyinə nail olan insanların sayı çoxalır. Elə bir dövrdə yaşayırıq ki, hərtərəfli təzyiqə məruz qalırıq – mədəni, sosial, texnoloji zorakılıq əhatəsində var olmağa çalışırıq. Eləcə də yeniyetmə və gənclər orta hesabla gündə 7 saat informasiya hücumuna məruz qalır. Bu da o deməkdir ki, fikri, düşüncəsi yeni formalaşan insanlar qlobal istehlak şəbəkəsi tərəfindən ciddi formada hədəfə alınır. Gənclər arasında formalaşan sosial qruplar onların kimliyini müəyyənləşdirir. Brend geyinməyənlər sıxışdırılır, alış-veriş etdiyi mağazaları öz şəxsiyyət vəsiqəsinə çevirən gənclərin sayı artır. Brend asılılığı olan həmyaşıdları tərəfindən hörmət görmək, rəğbət qazanmaq istəyən gənclər bu qlobal istehlak iqtisadiyyatı üçün ciddi bazardır.
Kredit kartları ilə hər şeyin asanlıqla alına bildiyi bir mühitdə reklam strategiyası əhəmiyyətli rol oynayır. Bu cür reklamlarla insanlara kredit kartından istifadə edərək limitsiz istehlakın mümkün olduğu mesajları ötürülür. Davamlı olaraq bu cür reklam yağışına tutulan gənclər özünü marka, brend xəstəliyinə yoluxmuş olmağından xəbərsiz olur, bunu bildirənlərə qarşı aqressiv olur. Xüsusilə mənəvi boşluqda olan, ailəvi problemləri olan insanlar içindəki boşluq hissini aradan qaldırmağa brend məhsullara meylliliklə çalışır. Bonuslarla, hədiyyə məbləğlərlə alış-verişi cəlbedici edən qlobal istehlak şəbəkəsi özünə daha çox qurban toplamaqla bu cür insanların sayını artırır.
Təbii ki, brendlərin keyfiyyətini inkar etmək olmaz, lakin 20 manat dəyərində olan pambıq köynəyin brend adı ilə 2000 manata satılması istehlakçını avam yerinə qoymaqdan başqa bir şey deyil. Biz brend asılısı olduğumuz zaman məhsulun həqiqi dəyərinə görə deyil, üstünə yazılmış ada görə ödəniş edirik. Bizi cəlb edən məhsulun keyfiyyəti yox, bahalı alış-verişin verdiyi həzdir. Bahalı alış-veriş həvəsi, bütün sektorlarda brendlərə aludə olmaq fərdi və ya ailə büdcəsini məhv edə bilər.
Ailə, bizim həyatımızda biz hələ doğulmazdan əvvəl başlayan və ömrümüzün sonuna qədər təsirini qoruyan bir qurumdur. Bizim şəxsiyyətimizi iqtisadi, mədəni, mənəvi, sosial və fizioloji təsirləri ilə öz ailəmiz formalaşdırır. Ailə insanın mənəvi inkişafında ən mühüm mühit və sosial institutdur desək, yanılmarıq. Uşağın özünü tanıması, şəxsiyyətini təsdiq etməsi, cəmiyyətə adaptasiyası üçün valideyn münasibəti çox önəmlidir. Demokratik, tolerant abu-havası olan evlərdə uşaqlar müstəqil qərarlar qəbul edən sosial fərdlər kimi böyüyürlər, həmyaşıdları arasında sözlərinin çəkisi olur, rəğbət görürlər. Belə uşaqlar cəmiyyətə faydalı fərd kimi formalaşırlar, çünki ailədə özünə hörmət və qayğı görüb, sevgi ilə böyüyüb. Ailəsində sevgi böyüyən bir uşaq xoşbəxt və məmnun olmaq üçün əlavə yollar axtarmır, özünü dəyərli hesab etmək üçün bahalı məhsul almağa, brend geyinməyə ehtiyacı olmur.
Ailə ilə ziddiyyətli münasibətlər nəticəsində uşaqlar valideynlərini cəzalandırmaq üçün onları maddi olaraq yükləmək istəyir, onlardan görə bilmədiyi qayğını bahalı əşya aldıraraq görmək istəyir.
Bu gün bizi özümüzə qapanmağa məcbur edən, meyilimizi alış-verişə, brend məhsullara salmağa vadar edən ən ciddi problem ünsiyyətsizlikdir. Biz demək olar ki heç kimlə görüşmürük, daha dəqiq desək, real görüşmürük. Həyatımızı virtual yaşayırıq, həmişə kiməsə nəsə sübut etməyə çalışırıq, brend geyimlə çəkdirdiyimiz şəkilləri paylaşıb təqdir, rəğbət gözləyirik. Brendlər bizə, bizi yaxşı hiss etdirmək üçün məhsul satmır, öz bazarını genişlətmək, daha çox adamı tora salmaq, daha yaxşı qazana bilmək üçün satır. Biz maya dəyəri 10 manat olan bir əşyaya 100 manat verəndə mənəvi rahatlanırıqsa deməli səhhətimizlə bağlı ciddi problemimiz var. Əgər bütün enerjimizi hansısa məhsulu satın ala bilmək üçün sərf ediriksə, məhsulun bizə xidmət etməsi yerinə, biz onu almaq üçün brend mağazalara xidmət ediriksə, deməli öz həyatımızı yaşamaq yerinə brend və markaların bizə təlqin etdiyi həyatı yaşayırıq – endirim güdməklə, kredit kartını faizlərə bölməklə, əynimizdəki brend geyim ilə özümüzü təsdiq etməyə çalışmaqla.
Lalə Mehralı