Azərbaycanda bu gündən çimərlik mövsümü başladı. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə iyunun 15-dən çimərlik mövsümü açıq elan edilib.
Lakin heç də bütün çimərliklər istifadəyə yararlı deyil. Belə ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Monitorinq İdarəsi ilə birgə may ayının 16-dan etibarən keçirdiyi monitorinqinin nəticələrinə görə, Abşeron yarımadasında Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi çimmək üçün yararsız hesab olunub. Adıçəkilən ərazilərdə vətəndaşların çimməsi tövsiyə edilmir.
Qeyd edək ki, çimərlik mövsümü ərzində Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çimərliklərdə insanlar təhlükəsizliyini təmin edəcək, xilasetmə tədbirləri həyata keçirəcək. Artıq qadağanedici, xəbərdaredici lövhələr çimmək üçün təyin edilmiş yerlərdə yerləşdirilib, üzmə sərhədləri müəyyənləşdirilib, şarlar qoyulub, suya baxış keçirilib.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının əməkdaşları çimərliklərdə növbə çəkəcək.
Çimərliklər sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq.