x

Bu, ən təhlükəli xəstəliklərdən biridir – SİMPTOMLARI

Baxış sayı: 2. 297

Meningit ən təhlükəli xəstəliklərdən biri sayılır. Meningit beyin qişalarının iltihabıdır.

Bu iltihabın səbəbi infeksiyadır. Məlumdur ki, skarlatın xəstəliyi streptokokk, vərəmi – Kox çöpü, salmonelyozu – salmonella törədir və s. Lakin bu və bir çox digər xəstəliklərdən fərqli olaraq meningitin səbəbi istənilən (!) infeksiya ola bilər – virus, bakteriya, göbələk, hətta birhüceyrəlilər (məsələn, amyob). Məhz bu səbəbdən meningitlər də müxtəlif olur – gedişatı, inkişafı, fəsadları ilə fərqlənir. Ən əsası isə odur ki, meningiti törədən infeksiyadan asılı olaraq bu xəstəliyin müalicə üsulları da müxtəlifdir.

Meningit istənilən yaşda inkişaf edə bilər, bu xəstəlikdən heç kim sığortalanmayıb. Uşaqlarda meningitə daha tez-tez rast gəlinir.

Bütün meningitləri iki amil birləşdirir – insanın həyatı üçün real təhlükə və ağır fəsadların böyük ehtimalı.

Meningitin inkişafı üçün törədici (mikrob, virus və s.) kəllənin daxilinə düşməli və burada beyin qişalarında iltihab yaratmalıdır. Bəzən bu, hər hansı infeksiya ocağın beyinə yaxın yerdə yerləşdikdə (məsələn, irinli otit, haymorit) mümkün olur. Kəllə-beyin travması da meningitin inkişafına səbəb ola bilər. Əksər hallarda isə mikroblar bura qan axını ilə düşür. Lakin bir çox insanların qanında mikroblar olur. Meningit isə nadir xəstəlik sayılır. Burada böyük rolu immun sisteminin vəziyyəti oynayır. Bəzi immun sisteminin anadangəlmə defektləri bu xəstəliyin inkişafı üçün “əlverişli” şərait yaradır. Məhz bu səbəbdən ailələr var ki, orada meningitə çox tez-tez təsadüf edilir.

Maraqlıdır ki, oğlanlarda bu xəstəliyə 2-4 dəfə çox təsadüf olunur. Bunun səbəbi tibdə məlum deyil.

Meningit suçiçəyi, qızılca, məxmərək, epidemik parotit kimi uşaq infeksion xəstəliklərinin fonunda inkişaf edə bilər. Həmçinin meningit qrip infeksiyasının fəsadı ola bilər. Xəstəlikdən zəifləmiş insanlarda, yaşlılarda, körpə uşaqlarda meningitin səbəbi göbələk ola bilər. Bütün bu vəziyyətlərdə məhz immunitetin zəifləməsi meningitin inkişafına səbəb olur.

Orqanizmdə olan istənilən irinli ocaq (pnevmoniya, infeksiyalaşmış yanıq, müxtəlif abseslər və s.) meningitin inkişafına təkan verə bilər. Bu halda meningiti stafilokokklar, streptokokklar və s. mikroblar törədir.

Ən təhlükəli meningit vərəm meningiti sayılır.

Lakin bir mikrob var ki, bu mikrob meningitin 60-70% hallarda törədicisi ola bilər. Bu mikrobun adı meninqokokkdır. Bu mikroba insan hava-damcı yolu ilə yoluxa bilər. Meninqokokk burun-udlağın selikli qişasına düşür və əvvəl yüngül zökəmə və boğazın qızarmasına səbəb olur. Əksər hallarda meninqokokk burada immun sistemi tərəfindən zərərsizləşdirilir və daha sonra heç yerə yayılmır. Lakin nadir hallarda olsa da, meninqokokk qan axını ilə orqanizmə yayılaraq müxtəlif orqanlara düşür (gözlər, qulaqlar, oynaqlar, ağ ciyərlər, böyrək üstü vəziləri, beyin qişaları) və burada çox təhlükəli iltihaba səbəb olur.

Beyin qişalarına düşən meninqokokk meningitə səbəb olur.

Meningitə vaxtında diaqnoz qoyulduqda və müalicə dərhal başladıqda xəstəlik tam müalicə olunur. Əks halda isə xəstədə korluq, karlıq, beyin fəaliyyətinin ağır pozulmaları, iflic, koma kimi ağır fəsadlar inkişaf edə bilər, hətta xəstə həlak ola bilər. Bu səbəbdən həkimdə meningitə şübhə yarandıqda, xəstəni dərhal infeksion xəstəxanaya çatdırmaq lazımdır.

Meningitə bu kimi simptomlar işarə edə bilər:

1. İstənilən infeksion xəstəliyin fonunda (suçiçəyi, qızılca, məxmərək, epidemik parotit, kəskin respirator infeksiya, herpes infeksiyası və s.) ürəkbulanmsı və qusma ilə müşayiət olunan güclü baş ağrıları.

2. Yüksək hərarətin fonunda boyun və bel nahiyəsində ağrılar.

3. Yuxululuq, ürəkbulanması, qusma.

4. Qıcolmalar.

5. 1 yaşına kimi olan uşaqlarda – qızdırma + monoton ağlama + əmgəyin qabarması.

6. Yüksək hərarətin fonunda istənilən formada və ölçüdə səpgilərin olması (xüsusilə səpgilər kiçik qansızmalara oxşadıqda və sürətlə əmələ gəldikdə).

Meningitin dəqiq diaqnozu likvorun (baş və ya onurğa beynində olan maye) müayinəsi zamanı qoyulur. Likvorun müayinəsi həmçinin meningitə səbəb olan törədicini təyin etməyə imkan verir. Bu isə müalicənin taktikasının seçimində əsas rol oynayır. Məsələn, əgər meningitin səbəbi bakteriya olarsa, antibiotiklər istifadə olunacaq. Bundan əlavə müalicə zamanı digər vasitələr də istifadə olunur (iltihabəleyhinə, beyin hüceyrələrin fəaliyyəti yaxşılaşdıran, kəllə daxili təzyiqi azaldan və s. preparatlar).

Meningit keçirilmiş insan bir neçə il ərzində nevropatoloqun nəzarəti altında olmalı və ildə bir neçə dəfə müayinədən keçməlidir. Əksər hallarda vaxtında müalicə olunmuş meningit izsiz olaraq keçir və insanın gələcək həyatına heç bir mənfi təsir etmir. (saglamolun.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir