Bu gün Azərbaycan mətbuatının yaranmasının 142-ci ildönümüdür. Böyük çətinliklərdən sonra Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə alan Həsən bəy Zərdabi Azərbaycan mətbuatının banisi hesab olunur.
Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxıb. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurub. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görüb. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb.
Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanıb. Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər olub. XIX əsrin sonlarında “Ziya”, (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan ” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxıb…
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başlayıb.