Soyuq və bir qədər də yağışlı havalar isti yay günlərini getdikcə geridə qoyur. Get-gedə dəyişilən hava durumu geyimimizə də təsirini göstərir. Xüsusilə də qadınlar havanın necə olmasından asılı olmayaraq, hər zaman dəbdən geri qalmamağa çalışırlar.
Sərin və soyuq havalarda ən çox isə üst geyimlərə zərurət yaranır. Amma bu aylar keçid dövrü olduğu üçün üst geyimlər çox incə parçadan olmalıdır, qalın olmamalıdır. Onu da qeyd etmək lazımdır ki, hər mövsüm olduğu kimi bu payızda gödəkcələr daha çox dəbdə olacaq. Bəs, bu gödəkcələri necə kombin etmək olar?
Beləliklə, bununla bağlı bir neçə məsləhəti sizə təqdim edirik:
“Tüvit” pencəklər
Bir az qalın parçadan tikilmiş pencəklər bu ilin dəbli gödəkcələri arasındadır. Bu modeldə olan pencəklər qadınların sevimli üst geyimlərindən biridir. O əsasən zərifliyi və yığcamlığı özündə birləşdirir. Əvvəllər belə gödəkcələri ətəklə geyinmək məsləhət görülürdü. Amma “tüvit” pencəkləri sadə cins şalvarlarla da kombin etmək mümkündür. Hətta altına tək rəng köynək geyinməklə öz tərzinizi yarada bilərsiniz.
Zolaqlı pencəklər
Belə pencəklər çox vaxt vizual olaraq qadınların kök görünməyinə səbəb olur. Amma bu, bir az da onun ölçüsündən asılıdır. Əgər belə pencək sevirsinizsə, çalışın çox bol geyinməyin. Bu gödəkcələr bahalı geyinməyi sevən fransız qadınlarının sevimli geyimləridir. Onların altına əsasən qara rəngli dar şalvar geyinməklə kombininizi tamamlaya bilərsiniz.
Qısa pencək
Payız aylarının ən vazkeçilməz geyim növlərindən biri də qısa pencəklərdi. Gündəlik həyatımızda da asanlıqla istifadə edə biləcəyimiz bu gödəkcələr ilin trendləri arasındadır. Belə pencəkləri yüksək belli parça və ya cins şalvarla uyğunlaşdırıb geyinmək olar. Amma daha çəkici görünmək istəyirsinizsə, uzun ətək və ya donla kombin etməyiniz məsləhətdir.
Dəri gödəkcə
Hər il olduğu kimi bu il də dəri gödəkcələr öz aktuallığını qoruyub saxlayır. Artıq dəri geyimlər moda liderlərindən birinə çevrilib. Belə gödəkcələr hərtərəfli istifadə edilməsi ilə seçilir. Onları digər geyimlərlə uyğunlaşdırmaq çox asandır.
Boz rəngli pencək
Havalar soyuduqda daha çox tünd rəngli geyimlərə üstünlük veririk. Ancaq boz çalarlı pencəklərə də diqqət yetirmək məsləhətlidir. Belə gödəkcələri istənilən cins və ya rəngli şalvarlarla geyinmək olar. Pencəyin altından açıq çalarlı “crop”lar, qısa “bluz”lar sizin daha dəbli görünməyinizə şərait yaradacaq.
Süd rəngli uzun pencəklər
Son illər “oversize” geyimlər dəbdədir. Həmçinin, bol pencəklər də qadınların ən çox sevdiyi gödəkcələrdəndir. Bunlar əsasən idman üslubunu sevməyən xanımlar üçün ideal pencək növüdür. Əsasən iş görüşməsinə gedən qadınlar kombinlərini bu pencəklə tamamlaya bilər.