ixtisas secimi

Bu ixtisas qrupunu seçənlərin NƏZƏRİNƏ: kəsilə bilərsiniz

Baxış sayı: 1. 260

“III ixtisas qrupunda 200 baldan çox bal toplayıb imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan və bütün müsabiqə şərtini ödəyən 15 074 abituriyent var”.

Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verir. Mütəxəsis bildirir ki, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olan, 150 ballıq ixtisas seçiminə icazə verilən isə 2 391 abituriyent var:

“Ümumilikdə 150 baldan yuxarı III ixtisas qrupunda 17 465 abituriyent ixtisas seçiminə buraxılıb. Amma III ixtisas qrupu üzrə bu il qəbul plan yeri cəmi 11 271 (2018-ci ildə 10 601 idi) yerdir. Bu o deməkdir ki, III ixtisas qrupu üzrə istənilən halda ümumi 6 194 müsabiqə şərtini ödəmiş (200 baldan çox bal toplayan 3 803 abituriyent) ali məktəbə qəbul ola bilməyəcək, yəni el dilində desək, kəsiləcək. Bura düzgün ixtisas seçimi edə bilməyənləri də əlavə etsək, bu rəqəm arta bilər. Ona görə də xüsusi ilə 350-dən az bal toplayan abituriyentlər daha diqqətli olsunlar. Onlar öz ballarından yuxarı yerləri yazmasınlar. Çünki plan yerinin 11 271 olduğunu nəzərə alsaq və bu sayda abituriyentin 280-290 ballıq arada tamamlandığını düşünsək, onların vəziyyətinin çətin olduğunu görərik”.

Ekspert qeyd edir ki, III qrupda 500 və daha çox bal toplayanların imkanları keçən illə müqayisədə yaxşıdır:

“Bu il ödənişsiz plan yerlərinin III ixtisas qrupunda 1 607 yer artaraq, 3 782 yer olması (2018-ci ildə ödənişsiz plan yeri 2 175 idi) onların ödənişsiz ixtisaslara qəbul olma imkanını artırıb.

III ixtisas qrupunda 2018-ci ildə yüksək ballı (580-630 bal arası) ixtisaslarda 30-50 bal enmə olacaq, amma aşağı ballı, ödənişsiz ixtisaslarda azı 30-50 bal artım ola bilər.

Digər ixtisas qruplarında, xüsusi ilə II ixtisas qrupunda isə istər ödənişli, istərsə də ödənişsiz ixtisaslarda çox ciddi, hətta 60-70 bal enmə olacaq. Çünki II ixtisas qrupunda 200 baldan çox bal toplayıb imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan və bütün müsabiqə şərtini ödəyən 8 170 abituriyent var. Amma imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olan amma 150 ballıq ixtisas seçiminə icazə verilən 1 996 abituriyent var. Ümumilikdə 150 baldan yuxarı II ixtisas qrupunda 10 166 abituriyent ixtisas seçiminə buraxılıb. Amma II ixtisas qrupu üzrə bu il qəbul plan yeri cəmi 14 181 (2018-ci ildə 13 395 idi) yerdir. Bu o deməkdir ki, II ixtisas qrupu üzrə istənilən halda müsabiqə şərtini ödəmiş bütün abituriyentlər tələbə adını qazanacaq və hətta 4 015 plan yeri də boş qalacaq ki, bu da subbakalavrların şansını bu ixtisas qrupunda artırır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir