Ailə zorakılığı deyəndə nə başa düşülür? Bu zorakılığın hansı formaları var? Sizə mütəmadi edilən təhqir və şiddətə qarşı hansı yollarla mübarizə aparmaq olar?
Qadınların öz haqqlarını bilməməsi, özünə inamsızlığı hansı nəticələrə gətirib çıxarır? Milli mentalitetimiz hansı faciələrə səbəb olur?
(Həssas insanlar növbəti hissəni oxumadan keçsinlər. Real həyat hekayəsi əsasında yazılıb)
“Biz illərlə bir-birimiz üçün mübarizə aparıb, sevərək ailə həyatı qurmuşduq. Toy gününün ilk səhəri idi. Yeni ailə həyatımın ilk günü. Biz qaynana və qaynata ilə birlikdə yaşayırdıq. Həyat yoldaşım işə getdi. Mən bağa çıxıb, hava alırdım. Gözüm əncir ağacına sataşdı, yaxınlaşıb meyvədən birini dərib yeməyə başladım. Qəflətən arxadan qaynanamın “onlara dəymə, yerə düşmüşləri ye!” qışqırığını eşitdim. Anilikdən və səsdən qorxaraq ona doğru çevrildim. Mülayim səslə ona yerə düşmüşlərin xarab olduğunu dedim. Dialoqumuz elə bu yerdə bitdi və o çıxıb getdi. Axşama qədər ev işləri ilə məşğul oldum, yeməklər bişirib, həyat yoldaşımın işdən qayıtmasını səbirsizliklə, həyəcanla, sevgi ilə gözləyirdim. Axşam həyat yoldaşım evə daxil olanda heç zaman gözləməyəcəyim bir hadisə baş verdi. Onun qapını açmasını eşidən zaman qaynanam ağlamağa başladı. Nəyin baş verdiyini başa düşə bilmədim. Yoldaşım mənə salam vermədən dərhal qaynanamın yanına getdi, nələrin baş verdiyini, anasından niyə ağladığını soruşdu. Anası cavabında “sənin gətirdiyin bu qız mənə cavab qaytarır, məni söydü!” dedi. Şokdan, təəccübümdən, mat-məəttəl qaldığımdan reaksiya verməyə, söz deməyə imkan tapmadım. Bir göz qırpımında yoldaşım sual belə vermədən mənə çatdı və ildırım sürəti ilə mənə sillə vurdu. Sillə üzümdən çox dodaqlarıma dəydi, qanım fontan kimi ətrafa vurdu, gözlərimə qaranlıq çökdü, həmin anda yerə yıxıldım. Bu mənim ailə həyatımın ilk günü idi…”
Statistikaya diqqət yetirsək, ortaya çox faciəvi bir mənzərə çıxır. Təkcə 2016-cı ilin ilk yarısında qadınlara qarşı rəsmi qeyd edilən 2563 cinayət hadisəsi baş verib, 110 qadın və 28 uşaq intihar edib. Bu intiharları Siz xəbərlərdə “özünü asdı”, “9-cu mərtəbədən yıxılaraq öldü” və s. başlıqlarla oxuyub, keçirsiniz. Lakin unutmayın ki, bu hadisələrin əksəriyyətinin arxasında əsas səbəb kimi ailə zorakılığı durur. Bəzi ekspertlərin təxmininə görə, Azərbaycanda hər il 28-30 minə yaxın ailə zorakılığı halları olur. Lakin bunların bir çoxunun nəticəsində ölüm olmadığı üçün, üstü örtülü qalırlar.
Statistikanın heç nəzərə almadığı, hər il Azərbaycanda cəzasız qalan ailə zorakılığının növləri: işgəncələr, intihar həddinə çatdırılma, erkən nigah (azyaşlı uşaqla seksual əlaqəyə girmə), zorlama, qanuna zidd şəkildə azadlığı (seçim haqqı, hərəkət haqqı və s.) məhdudlaşdırma, evdə “dustaq” və “əsir” kimi saxlanma və digər halları göstərmək olar. Bu hallar ölkəmizin bütün rayon və şəhərlərində, az qala on minlərlə ailədə baş verir. Hər gün. Diqqət edin, bu sadaladığım zorakılıq halları cəzasız qalır.
Mənim fikrimcə ilk növbədə baş verənlərin səbəbini anlamaq üçün ölkəmizdə bu problemə olan yanaşmadakı boşluğa diqqət yetirmək lazımdır. Belə ki, zorakılığa qarşı mübarizəni heçə endirən yanaşmalardan biri “zorakılıq nədir?” sualına Azərbaycanda istər qadın, istərsə də kişi tərəfindən tam formalaşmış, dəqiq cavabın olmamasıdır. Yəni cəmiyyətimiz hələ bu suala necə cavab verəcəyini bilmir. Misal kimi, döyülən qadının ərinə qarşı hüquqi tədbirlər görmək əvəzinə “həyatdır da, olur belə şeylər” deyib keçməsi hallarını göstərə bilərəm. Ərin qadını döyməsi az qala norma kimi qəbul olunur, cavabında isə çox əsassız olan “yaxşı at özünə qamçı vurdurmaz” misalını deyirlər. Başa düşmədim, qadın, insan niyə atla müqayisə olunur? Həm də axı vurmağa haqq qazandırmağın özü artıq cinayətkar düşüncəsi deyilmi? Bəli, elədir.
Azərbaycanda vurmağa, döyməyə, söyməyə və hətta öldürməyə də əhalinin böyük bir qismi tərəfindən hələ də haqq qazandırılır. Bu isə öz növbəsində ailə zorakılığı və ondan törəyən cinayət hadisələrinə səbəb olur.
Ailə zorakılığı nədir?
Ailə zorakılığı – bir ailə üzvünün digərinə və ya bir çoxuna sarsıdıcı, alçaldıcı, təhqir dolu, əzab-əziyyətli anlar yaşadan və yaxud da insan sağlamlığına zərər yetirən, ona təhlükə törədən psixi və ya fiziki təsirinə deyilir.
Ailə zorakılığı hansı məqsədlə həyata keçirilir? Digərlərini idarə etmək, qorxutmaq, qorxu hissini aşılamaq və s. məqsədlərlə. Bir çox hallarda insanlar onlara qarşı edilən zorakılığı “zorakılıq” kimi yox, “normal hal” kimi qəbul edirlər, çünki formalaşdıqları mühit bunu onlarda məhz bu cür “tərbiyə” edib. Bəzən hətta zorakılığa məruz qalmış insanlar çəkdikləri əzablara “layiq” olduqlarını fikirləşirlər.
Onların bir çoxu hətta dərk etmirlər ki, əgər vəziyyət “pisdirsə”, “təhlükəlidirsə”, kömək üçün mütəxəssislərə müraciət etmək lazımdır.
Ailədə baş verən zorakılıqların növləri:
1.Fiziki zorakılıq – bu bir başa insanın bədəninə yönəlmiş zorakılıqdır: xətər yetirmək, işgəncə vermək, zərbələr vurmaq. Fiziki zorakılıq nəticəsində zərər çəkmiş insanın sağlamlığına ziyan dəymiş ola bilər.
Fiziki zorakılığa həmçinin aid edilir:
– Fiziki zorakılıq haqda hədə qorxular
– Sosial aləmdən təcrid edilmə
– Qidadan, sudan məhrum etmə.
– Şəxsi əşyalara ziyan vurma.
2.Emosional zorakılıq: İnsan psixikasına onun mübarizəsini, etirazını, öz maraq və haqlarını qorumaq iradəsini qırmaq üçün edilən təzyiq.
Bura aiddir:
– Təhqir etmə (həmçinin insanlar içərisində)
– “Gözünü qorxutma” (hərəkətlərlə, baxışlarla, davranışla)
– Həqarət, insanın ünvanına acı istehza, kinayə, acı gülüş.
– Sayqısız, laqeyd yanaşma, etinasızlıq.
– Ürəksındıran, təhqiredici, acı, qanqaraldan söz və davranışlar.
– Ləqəb qoşmaq.
Azadlığın məhdudlaşdırılması:
– Nəzarət, idarə edici davranış, qəti əmr, buyruq, hökm, göstərişlər.
– Həddindən artıq, yersiz qısqanclıq.
Seksual zorakılıq:
– İnsan iradəsinin əksinə törədilən istənilən seksual hərəkətlər və ya onun köməksiz vəziyyətindən “istifadə” edilməsi (konkret bu bəndlə bağlı kitab yaza bilərəm, çünki konkret bu anlayış ölkəmizdə formalaşmayıb, bu zorakılıq tam tamına normal bir hal sayılır).
– Bədənə “əşya” kimi yanaşılması. Əlavə etmək istərdim ki, bu gün əksər azərbaycanlı kişilərdə qadına məhz bu cür yanaşma formalaşıb, qadın sadəcə olaraq “əşya”, “bədən” kimi qəbul edilir, bütöv insan və şəxsiyyət kimi yox, bunda da təəssüflər olsun ki, mentalitetimizin təsiri çox böyükdür.
– İnsan iradəsinin əksinə onu sığallamaq, ona toxunmaq.
– Bədəni lağa qoymaq, insan iradəsinin əksinə onun bədənini qiymətləndirmək.
– Uşaqları yaşları ilə bağlı baş verən fizioloji dəyişikliklər haqda məlumatlandırmamaq. Bilirəm, bu bənd sizi şoka salacaq, ancaq burda da milli mentalitet öz sözünü deyir. Bir çox ailələrdə qız uşağının ilk menstrual dövrdə və ya oğlan uşaqlarının yeniyetməlik dövrünə yaxın özündən asılı olmayaraq orqazm yaşamalarını valideynlər onlara izah etmir, bu haqda qətiyyən müzakirə aparmır, ümumiyyətlə, bu mövzuları qadağan edirlər. Bu, seksual tərbiyənin tərkib və əsas hissələridir. Azərbaycanda danışılması belə qadağan olan seksual tərbiyənin (bu mövzuya qayıdacam gələcəkdə).
– Ailədə kişi və qadın arasında davranış nümunələrinin sağlam modelinin olmaması.
5.Mənəvi (dini) zorakılıq:
– Tanrı ilə qorxudulma.
– Dini fanatiklik.
– Valideynlərdən birinin (daha çox atanın) “Allah” roluna iddiası. Bu məqam da əslində mentalitetimizdə yer alıb. Evin kişisi “evin Allahıdır” yanaşması ilə biz ölkəmizdə baş verən zorakılıqlara demək olar ki “yaşıl” işıq yandırmışıq.
– Ailədə mənəvi dəyərlərin, tərbiyə və nizam-intizamın olmaması.
6.İqtisadi zorakılıq:
Bu zorakılıq Azərbaycanda çox geniş yayılmış, az qala “norma” kimi qəbul edilən, lakin əslində, dağıdıcı olan davranışlardan biridir.
Bura aiddir:
– İşləməyə qadağa.
– Maliyyə haqda məsələləri müzakirə etməyə qadağa.
– Ailədə pulların bölgüsünə diktator yanaşma.
Zorakılıq baş verdikdə insanda nə “qırılır”?
İnsana qarşı tətbiq edilən istənilən zorakılıq onun təbii inkişafına maneə törədir. Zərər görmüş insanların inkişafı əlbəttə ki, tam dayanmır, lakin bir çox hallarda psixoloji nöqteyi-nəzərdən “qeyri sağlam” xarakter daşıyır.
Uşaqlıqda ailədə, ya da sonra böyük həyatda fiziki, seksual, emosional və ya digər zorakılıqlara məruz qalmış insanlarda aşağıdakıları müşahidə etmək olar:
– Özünü aşağı qiymətləndirmə.
– Yüksək təşviş hissi.
– Aqressiya və autoaqressiya (özünə yönəlmiş aqressiya, özünə nifrət).
– Başqa insanlarla səmimi münasibətlərdən qaçma, tənhalıq.
– Tez-tez depressiv hal.
– İntihar haqda fikirlər.
– Seksual məsələlərlə bağlı narahatlıq. Bir çox hallarda belə insanlar “seksual asılılıqdan” əziyyət çəkirlər.
– Günahkarlıq hissi, bədbinlik, neqativ həyat yanaşmaları.
– Digər insanlarla münasibətdə asılı olmağa meyillilik. Belə insanlara “sağlam sevgi” münasibətləri qurmaq çox çətin olur. Zorakılıq görmüş insanlara elə gəlir ki, sevdiyin insanla münasibətdə “norma” sevgidən əzab çəkməkdir. Sevgi, xoş münasibətlər onların ancaq xəyalıdır.
Əgər siz zorakılığa məruz qalırsınızsa, nə etməlisiniz?
Özünüzü istənilən mədəni və qanuni vasitələrlə müdafiə etməyə çalışın. Bunlar nə ola bilər?
– Zəruri hallarda dövlət orqanlarına (Daxili İşlər Nazirliyi və digər nazirliklər) və müvafiq mütəxəssislərə müraciət edə bilərsiniz.
– Bunun üçün ilk növbədə özünüzün hüquqi savadınızı artırmağa çalışın.
– Öz haqq və maraqlarınızı digər insanlarla ünsiyyətdə dərk etməyi və qorumağı öyrənməlisiniz (onların yaşından, mədəniyyətindən, statusundan asılı olmayaraq).
– Özünə inamı bərkitmək və özünüzə hörmət etməyə başlamalısınız.
– Xoşbəxt olmağı öyrənməli, özünüzü sevməlisiniz. Çünki zorakılığın insanda “öldürdüyü” ilk hiss onun özünə olan sevgisidir. Bunun da nəticəsində digər insanları sevməyiniz mümkünsüz olur. Ona görə də ilk olaraq özünüzə olan sevginizi bərpa edin.
Zorakılıq nəticəsində psixoloji travma alan insanlara psixoloqa müraciət etmələrini tövsiyyə edirəm. Bunun nəticələrindən azad olmaq və sağlamlığınızı bərpa etmək üçün lazımdır. Öz bərpanıza lazım olan güc və vaxtı sərf etməyə ərinməyin. Seminarlar, treninqlər, psixoloji konsultasiya, qadın krizis mərkəzləri və s. tədbirlərdə iştirak edin. Bunları edib, hər birindən bir şeylər götürməlisiniz ki, özünüzü tapasınız, necə xoşbəxt ola biləcəyinizi başa düşüb, öz həyatınızı daha yaxşıya doğru dəyişə biləsiniz. (Yeniavaz.com)