Ölkəmizdə ailələrin dağılması son zamanlar artan tendensiya ilə inkişaf edir. Təbii ki, bu məsələdə dünyanı cənginə alan pandemiyanın da təsiri az deyil, amma əsas səbəb kimi bunu göstərmək olar. Ən pisi isə odur ki, boşandıqdan sonra da cütlüklər arasında problemlər davam edir.
Boşanmalar zamanı tərəflər arasında çox zaman problem qıza verilən hədiyyələrlə bağlı olur. Bizə müraciət edən Zülfiyyə Əhmədovanın sözlərinə görə, 3 illik ailə həyatı ötən ilin sonlarında başa çatıb: “Həyat yoldaşım evin tək oğlu idi. Problem onda idi ki, bizim övladımız olmurdu. İki il müalicə alsaq da, övladımız olmadı. Qaynanam boşanmağımızı tələb etdi. Yoldaşımla sevib ailə həyatı qurmuşdum. Amma bu məsələdə o anasının tərəfində oldu və mən anamın evinə qayıtdım. Düşünürdüm ki, barışarıq, qayıdaram evimə. Amma elə olmadı və yoldaşım boşanmaq üçün məhkəməyə müraciət etdi. Boşandıq. Evimə əşyalarımı yığmaq üçün qayıdanda qaynanam mənə gətirdiyi bütün qızılları və hədiyyələri artıq götürmüşdü. İstəsəm də vermədi və oğlunu yenidən evləndirəcyini bildirdi”.
Z. Əhmədova bildirir ki, sonradan əşyalarını geri almaq üçün nə qədər çalışsa da mümkün olmayıb: “Qaynanam deyir, “onları mən almışam, mənimdir”. İndi bilmək istəyirəm, mənə hədiyyə edilən qızıl və digər əşyalar kimindir? Onları necə geri ala bilərəm?”
Hüquqşünas Asif Abdullayevin dediyinə görə, bəzi hallarda, gəlinlər yaşadıqları evi dava-dalaş şəraitində tərk edirlər və nəticədə də, özləri ilə ər evindən qiymətli əşyalarını götürə bilmirlər: “Gəlinin ər evini dava-dalaşla tərk etməsi, onun həqiqətən də özünə məxsus olan qiymətli əşyaları götürə bilməməsinə səbəb olur. Azərbaycanda uzun illər boyunca formalaşmış adətlərə əsasən, gəlin köçən xanım, özünə məxsus və ona hədiyyə edilən qiymətli əşyaları ər evində (köçdüyü ev, ərin valideynlərinin evi və sair) saxlayır. Belə olan halda, artıq keçmiş ər sübut etmək məcburiyyətində qalır ki, onun keçmiş həyat yoldaşı həqiqətən də, özünəməxsus qiymətli əşyaları evdən gedərkən götürüb. Əks halda, həmin əşyaların qaytarılması barədə məhkəmə qətnamə qəbul edə bilər”.
Hüquqşünas bildirir ki, gəlinə hədiyyə edilmiş qızıl-zinət və digər əşyalar ona məxsusdur və əgər məhkəməyə müraciət edərsə, əşyalarını geri ala bilər: “Bəzi hakimlər məsələnin həllinə məhz bu cür yanaşır. Yəni, əşyaların qıza qaytarılması üçün qətnamə çıxarılır”