“Gencaile.az” saytının “Bizim qonaq” rubrikasının budəfəki qonağı moda dizayneri, “Nargis Mirza” brendinin təsisçisi və rəhbəri Nərgiz Mirzədir.
– İnsan hansı sahədə iş qurursa, yaxud qurmağa cəhd edirsə, çox vaxt o sektora xüsusi sevgisi olur. “Nargis Mirza” də belə bir maraq nəticəsində yaranıb?
– Bəli, “Nargis Mirza” brendinin yaranması sırf marağım və modaya olan sevgim üzərində qurulub. Dizayn mənim üçün sadəcə iş deyil, bir ifadə formasıdır. Hər bir kolleksiya, hər bir detal mənim daxili dünyamın, zövqümün və hisslərimin əksidir. Bu sahəyə olan sevgim məni daim yeni ideyalar axtarmağa, fərqli materiallar və formalarla təcrübə aparmağa ilhamlandırır.
– Alıcıların əksəriyyəti xarici brendlərə üstünlük verirlər. Belə bir zamanda yerli məhsulla bazara çıxmaq sizi qorxutmadı ki?
– Xeyr, qorxutmadı. Çünki bu işə başlamazdan əvvəl bazarda bu sahədə böyük bir boşluğun olduğunu görürdüm. Biz “Nargis Mirza” olaraq xanımların tapmaqda çətinlik çəkdiyi geyimləri onlar üçün daha əlçatan etdik. Yüksək keyfiyyətli, eksklüziv parça və materiallardan istifadə edərək, xanımlar üçün həm zərif, həm də fərqli dizaynlar hazırlamağa çalışırıq.
– Bəs brendinizin keyfiyyətinə inandırmaq üçün hansı işlər görürsünüz?
– Brendimizin keyfiyyətini göstərmək üçün ilk növbədə məhsullarımızda istifadə etdiyimiz parça və materialların seçiminə çox ciddi yanaşırıq. Hər bir detal, tikiş və kəsim dəfələrlə yoxlanılır. Bundan əlavə, müştərilərimizə şəffaf yanaşırıq — onlar istənilən zaman məhsulun hazırlanma prosesi, parça mənşəyi və qulluq qaydaları haqqında məlumat ala bilirlər. Bizim üçün ən böyük göstərici isə müştəri məmnuniyyətidir – artıq bir çox xanım bizi məhz bu inam sayəsində seçir.
– Biznes riskdir. Bu brendi yaradarkən sizə zərər gətirə biləcəyini düşündünüzmü?
– Əlbəttə, hər bir biznes kimi bu işin də riskləri var idi. Amma mən heç vaxt yalnız zərər ehtimalını düşünmədim. Əksinə, bu sahəyə olan sevgim və inamım qorxularımdan daha güclü idi. Mənə görə, əgər işini ürəklə görürsənsə və insanlara dəyər qatan bir şey yaradırsansa, o zaman risk də səni irəli aparan bir təcrübəyə çevrilir.
– “Nargis Mirza” qadın zərifliyini təkcə geyimlə deyil, tamamlayıcı detallarla da əks etdirir. Brendin təqdim etdiyi digər məhsullar barədə nə deyə bilərsiniz?
– “Nargis Mirza” sadəcə geyim brendi deyil, bir həyat tərzidir. Biz qadınlara yalnız geyim deyil, zövq və fərqlilik təqdim etməyə çalışırıq. Buna görə də brendimizdə əl işi broşlar, eksklüziv aksesuarlar və dünyaca məşhur orijinal ətirlər də mövcuddur. İstəyirik ki, xanımlar “Nargis Mirza”dan seçdikləri hər bir detalda özlərini bir az daha xüsusi hiss etsinlər.
– Öz işini qurmaq istəyən xanımlara məsləhətiniz nədir?
– Öz biznesini qurmaq istəyən xanımlara ilk növbədə səbirli olmağı tövsiyə edərdim. Uğur bir gündə yaranmır və hər uğurlu brendin arxasında çoxlu sınaqlar və səhvlər dayanır. Ən önəmlisi məqsəddən yayınmamaq və daim inkişaf etməyə açıq olmaqdır. Əgər məqsədiniz aydındırsa, hər şey zamanla öz yerini tapır. Mənim üçün bütün uğurların arxasında arzu və istək dayanır. “Nargis Mirza” brendi də bir arzu kimi başladı və zəhmətlə reallığa çevrildi.
Söhbətləşdi: Tural Məmmədov