Nermine Abbasova

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

Baxış sayı: 688

“İnsan dərisi orqanizmin xarici mühitlə əlaqəsini təmin edir. Eyni zamanda daim müxtəlif qıcıqlandırıcıların təsirinə məruz qalır. Dəri örtüklərində əmələ gələn xoşagəlməz əlamətlərdən biri də çiban ya furunkuldur. Ağır hallarda, hətta cərrahi müdaxilə tələb olunur”.

Bu barədə danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova bildirdi ki, Furunkulyoz – çibanlı səpgi ilə müşayiət olunan prosesdir. Kəskin və xroniki gedişatı olur:

“Kəskin proses zamanı bədəndə eyni vaxtda bir neçə çiban çıxır, xroniki halda isə çibanlar ardıcıllıqla əmələ gəlir. Çibanlar ya dərinin məhdud bir sahəsində, məsələn üz, boyun, qol, bel və ya sağrıda, yaxud bütün bədənə yayılaraq əmələ gəlir.


Furunkulyoz piodermiyalara (irinli dəri xəstəlikləri-red) aid olan və stafilodermiya növü olan xəstəlikdir. 
Yəni xəstəliyin səbəbi stafilokok infeksiyasıdır – əksər hallarda qızılı stafilokok İnfeksiya törədicisi dərin dəri qatına sirayət edərək saç follikulunun və ətraf toxumaların iltihabına səbəb olur. Stafilokok irinlədici bakteriya olduğundan, tük kisəciyində irin yığılır. İrinli-nekrotik proses eyni vaxtda bir neçə follikulda başlayır”.


Həkim-terapevt bildirdi ki, Stafilokok bakteriyaları insanla sıx təmasdadır. Furunkulyozun hansısa əlverişsiz amillərin təsirindən inkişaf etdiyini vurğulayan Nərminə xanım qeyd etdi ki, Stafilokok mikrofloranın aktivləşməsi, dərinin pH göstəricisinin neytral tərəfə dəyişməsi zamanı baş verə bilər, çünki belə mühit şərti-patogen flora üçün əlverişlidir:


“Dərini qoruyan mexanizmlər müxtəlif aqressiv maddələrin təsirindən, ultrabənövşəyi şüaların təsirindən pozula bilər. Mikrotravmalar, qaşınma yerləri, kəsiklər, cızıqlar, şəxsi gigiyena qaydalarının pozulması törədicinin orqanizmə düşməsini asanlaşdırır.
Bakteriyalar immun sistemi zəifləmiş orqanizmə zərər yetirir. Beləliklə, furunkulyozun inkişaf etməsi üçün əsas şərait immundefisitli vəziyyətlərdir”.

Nərminə xanım vurğuladı ki, orqanizmin müqavimətini zəiflədən zərərli vərdişlər, qida pozuntusu, soyuqlama, müxtəlif intoksikasiyalar, xroniki xəstəliklər, psixoemosional gərginlik, fiziki yorğunluq və bəzi dərmanların qəbuludur. Həkimin sözlərinə görə, körpə uşaqlarda immun sisteminin natamamlığı yaşla əlaqədar olsa da, onlar furunkulyoza az məruz qalır.

Həkim deyir ki, Furunkulun inkişafı üç mərhələ keçir:


“Birinci infiltrativ mərhələdə saç follikulu iltihablaşır, ətrafı şişir, bərkiyir və dəri qızarır. Düyünün diametri 1-3 santimetrə çatır, kənarları aydın deyil. Yüngül təzyiq göstərildikdə sancı və ağrı hiss olunur.
İkinci mərhələ irinli-nekrotik adlanır. 2-3 gündən sonra başlayır, ölmüş toxumalardan özək formalaşır, irinli ekssudat əmələ gəlir. Stafilokoklar xüsusi koaqulaza maddəsi ifraz etməklə limfatik damarları tədric edir və infeksiyanın ətraf toxumalara yayılmasına mane olur. Başqa ferment – gialuronidaza birləşdirici toxumanın əriməsinə və bakteriyaların daha dərin qatlara keçməsinə şərait yaradır. Bu mərhələdə çiban zirvəsində irinlik olan konusvari törəmə kimidir. Həmin sahədə ağrı artır, zoqqultu hiss edilir. Çibanın yerləşməsindən asılı olaraq, baş ağrısı, istilik və başqa intoksikasiya əlamətləri, regional limfatik düyünlər böyüyür. Uşaqlarda bütün əlamətlər daha güclüdür. Sonuncu mərhələdə furunkul açılır və möhtəviyyatı xaric olunur. Yerində nahamar kənarlı və yumşaq dibli açıq yara qalır.
Növbəti mərhələdə açılmış irinlik sağalmağa başlayır. Zədələnmə dərin olduğundan xora gec sağalır və yerində çapıq əmələ gəlir. Yara sağaldıqca şişkinlik və ağrı azalır, başqa əlamətlər keçir. İltihablaşma mərhələsindən tam çapıqlaşmaya qədər 8-10 gün keçir. Kəskin gedişatlı furunkulyoz yarım aydan iki aya qədər davam edir.
İrinliyi sıxıb çıxarmaq, qaşımaq cəhdləri, diabet və başqa amillər xroniki ya residivləşən furunkulyoza səbəb olur. Belə hallarda xəstəlik bir neçə ay, hətta illərlə davam edir, kəskinləşmə dövrləri arasında qısa fasilələr – remissiyalar olur. Burun-dodaq üçbucağı nahiyəsində çiban çıxması daha təhlükəlidir, çünki kəllə boşluğuna daxil olan qan damarlarının yaxınlığı tromboflebit, meningit, meninqoensefalit, sepsis kimi ciddi fəsadların yaranma ehtimalını xeyli artırır. Bud-çanaq nahiyəsində inkişaf edən irinli proseslər qlomerulonefritlə fəsadlaşa bilər”.

Nərminə xanım bildirdi ki, irinliyin ilk yaranma səbəbi bakterial infeksiyası olduğundan, antibiotiklər epidermisin səthində mikrofloranın normallaşmasına şərait yaradır. Törədicini və onun dərman preparatlarına qarşı həssaslığını təyin etmək məqsədi ilə bakterioloji əkmə aparıldığını qeyd edən həkim-terapevt vurğuladı ki, pasiyentin immuniteti qiymətləndirilir, əlavə instrumental və laborator müayinələr aparılır, o cümlədən sidik və qan analizləri götürülür.

Həkim deyir ki, infeksiyanın yayılmasına mane olmaq üçün gigiyena qaydalarını gözləmək lazımdır:

“Çibanları sürtmək və isitmək, xəstəlik vaxtı vanna qəbul etmək olmaz. Duşla yuyunmaq olar. Hər gün əyin və yataq dəsti dəyişilməlidir. Çibanların sıxılması və isidilməsi sağlam dəri sahələrinin patogen mikroorqanizmlərlə çirklənməsinə səbəb olur. İrinlyin tez sıxılması prosesi dərinləşdirir. Təzə çibanları spirtli antiseptiklə, ətrafdakı sağlam dərini isə spirtsiz antiseptik məhlul ilə işləmək lazımdır. Qida rasionunda yağların və sadə şəkərlərin miqdarı azalmalıdır”.

Nərminə xanım qeyd etdi ki, antibakterial müalicə çibanların qan damarları yaxınlığında əmələ gəlməsi, fəsadlaşması və yanaşı xroniki xəstəliklər olduğu zaman təyin edilir:

“İlkin mərhələdə müalicənin əsas məqsədi infeksiyanı yayılmağa qoymamaqdır. Yetişən çiban dezinfeksiya məhlulları ilə işlənilir. İkinci mərhələdə çibanın üzərinə azotturşulu gümüş, hipertonik natrium xlorid məhlulu, dimetilsulfoksid ilə kompres, ya da ixtiol, levomisetin, tetrasiklin, sintomisin məlhəmi qoyulur.
Vişnevski məlhəmi sağalma mərhələsində, kapsul deşildikdən və nekrotik kütlələr xaric olunduqdan sonra istifadə edilir. Bu, yaranın tam təmizlənməsinə və tez sağalmasına şərait yaradır. Bu məqsədlə çaytikanı və itburnu yağı da istifadə edilir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir