Yayın gəlişinə hələ bir neçə ay qalsa da, artıq havalar isinməyə başlayıb. Bu, həm də toy mərasimlərinin açıq elan olunması deməkdir. Sözsüz ki, bu məqamda əsas ehtiyac zərif ayaqqabılara olacaq. Digər tərəfdən, gün ərzində bədənin bütün yükünü daşıyacaq ayaqqabıların diqqətlə seçilməsi vacibdir. Ayaqqabılar həm də rahat olmalıdır ki, ayaqlarımız yorğunluqdan şişməsin.
Beləliklə, oxucuları yayın ayaqqabı trendləri ilə tanış edirik.
Səndəllər
İsti mövsüm üçün ən zərif seçim səndəllərdir. Təbii ki, dikdabanlı modellər çox cazibədar görünür. Adi stilettolara ideal alternativdir. Ancaq daha rahat bir model də seçə bilərsiniz – tanketka dabanlı. Bəli, onlar gələn mövsüm yenidən dəbə qayıdırlar. Onlarda rahatlığınızı itirmədən vizual olaraq daha uzun görünəcəksiniz. Lazımsız dekorasiyadan qaçmağı məsləhət görürük.
Sabo
Daha qapalı bir seçim sabolardır. Rahatlıq axtarırsınızsa, “Bottega Veneta” kimi, sabit dabanlı modelləri seçin. Qadınlıq və rahatlıq arasında mükəmməl bir uzlaşma təqdim edir. “Kitten-heel” adlanan mikrodabanlı versiyalar da çox zərif görünəcək. Yeri gəlmişkən, onları atlazdan seçə bilərsiniz – bu mövsümün ən dəbli materiallarından biridir. Atlazın çəhrayı, qırmızı və ya yaşıl kimi əlvan rəngləri xüsusilə təsirli görünürlər.
Tufli
Səndəl və saboları o qədər də bəyənmirsinizsə, qapalı və ya “Givenchy” kimi barmağı bir az açıq olan ayaqqabıları seçin. Bunlar klassik stilettolardan daha maraqlı görünür və sərin havalar üçün əladır. Onlar alçaq, qalın və ya hündürdabanlı ola bilər. Belə modellər Metyu Uilliamsın təklif etdiyi kimi kapron corablarla xüsusilə estetik görünür. Bu moda hiyləsi 2024-cü ildə dəbdədir.
Vyetnamka
Flip-floplar və ya doğma dilimizdə deyildiyi kimi, şəp-şəplər açıq ayaqqabıların ən dəbli modeli olaraq qalır. Üstəlik, indi onları nəinki çimərlikdə, həm şəhərdə, həm də mühüm tədbirlərə də geyinmək olar. Kann Film Festivalında “Dior”un sadə qara şəp-şəplərində görünən Cennifer Laurens bununla yeni tendensiyanın əsasını qoydu. Dizaynerlər də bu ayaqqabılara böyük tələbat olduğunu hiss etdilər və kiçik dabanlı modelləri təqdim etdilər. Güllü sarafanları mükəmməl tamamlayır.
Rahat səndəllər
Siyahımızı rahat səndəllərlə tamamlayırıq. T-formalı səndəllər həmişəkindən daha çox işinizə yarayacaq. Düz altlığı olan modelləri seçin. Bunlar qarderobunuz üçün uzunmüddətli investisiya olacaq. Bunun bariz nümunəsi “Miu Miu” şousunda tapılıb. Miuççia Prada T-formalı zərif bir versiya təqdim edib. Balıqçı səndəlləri də çox əlverişlidir. “Kobud” görünüşünə baxmayaraq, həm cins şalvar, həm də libaslarla yaxşı birləşirlər. Beləliklə, bu ayaqqabılar obrazınızın maksimum dəbli görünəcəyinə zəmanət verir.