Ailədə sayınız nə qədər olursa olsun, hamınız bir dünyanın insanı olun! Hamınız eyni sevinci paylaşın, eyni qayğını bölüşün. Kimsə təklənməsin, kimsə öz dərdi ilə baş-başa qalmasın.
Bu gün Avropada ailə müəssisəsi çox çətin mərhələdən keçir. İnsanlar bir-birinin qayğısını, yükünü çəkmək istəmirlər. İlk sınaqdaca qarşı tərəfi buraxıb, istədikləri səmtə gedirlər. Hətta iş o yerə çatıb ki, onlar rəsmi nikah bağlamadan birlikdə yaşayır və bunu daha rahat, asan variant hesab edirlər. Halbuki bizim əxlaqımızda bu cür həyat düzgün hesab olunmur, hər şeyin rəsmiləşdirilməsi, qanuniləşdirilməsi ciddi şərt kimi, qaçılmaz tələb kimi irəli sürülür.
İndikiləri bilmirəm, yəqin ki, yaşlılar yaxşı xatırlayarlar: bir vaxtlar kəbin kəsiləndə tərəflər və ya onların vəkilləri bir-birinə söz verər, təəhhüd götürərdilər: varlıqda və yoxluqda; darlıqda və genişlikdə; xəstəlikdə və sağlamlıqda bir-birinə dəstək olmağa, əl tutmağa söz verirəm.
Bəşər tarixinə möhtəşəm ədalət örnəyi kimi düşmüş uca Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s.) məşhur Vida xütbəsində hər bir kişinin öz qadınını Allahın əmanəti olaraq aldığı bildirilir. Elə bilirik ki, bu haqda çox-çox düşünmək lazımdır. Bəli, hər qadın öz ərinə Allahın əmanətidir. Əmanət o deməkdir ki, sahibi sən deyilsən, Allahdır və bir gün o əmanətin sahibi səndən onun hesabını soruşacaq. Yəni əmanətə xoş baxmaq o əmanətin həqiqi sahibi Allaha xoş baxmaq kimidir.
Elə düşünürük ki, bu məsələ, yəni əmanət mövzusu ailə müəssisəsinin möhkəmliyi və davamlılığı üçün misilsiz həyat dərsidir.
Ailə ayrılıq deyil, birlikdir, bütövlükdür, iki başqa fərdin birliyidir, bir-biri ilə təmin olunmasıdır, təsəlli tapmasıdır, xoşbəxtliyini tamamlamasıdır. Bir dam altında ayrı-ayrı dünyalar qurmayın, bir olun, bütöv olun ki, Allah da bərəkətini üstünüzdən əskik etməsin.
***
Kim deyir ki, xörəyi həmişə xanım bişirməlidir; kim deyir ki, uşağın altını təmizləmək ancaq qadının işidir; kim deyir ki, kişi öz xanımına çay süzməz… Bəzən elə məqamlar olur ki, kişinin öz xanımına çay süzməməsi, xörəyi hazırlamaması və ya uşağın altını təmizləməməsi haqsızlıq kimi də qiymətləndirilə bilər.
Əslində bu saydıqlarımız qadının təməl vəzifələri deyil, fədakarlığıdır və kişi bu fədakarlığı qiymətləndirməyi bacarmalıdır. Bu da onunla mümkün olur ki, qadının bu işləri görməyə imkanı olmadığı halda, kişi heç sıxılmadan, çəkinmədən onları yerinə yetirməlidir. Kimlərinsə uydurduğu “kişi onu eləməz”, “kişi bunu eləməz”, “uşağı qucağına götürməz”, “özünə çay süzməz” kimi kriteriyalar quru təkəbbürdən və saxtakarlıqdan başqa bir şey deyil. Əxlaqımızdakı kişi anlayışı əslində ən çox dürüstlük və fədakarlıq anlamına gəlir. Bəli, yeri gələndə kişi öz qadınına çay da süzməlidir, xörək də hazırlamalıdır. Ailə onda ailə olur ki, tərəflər bir-birinə gücünün yetdiyi qədər yardım edir, dəstək verirlər. Yoxsa ailə işlərində kişi vəzifəsi və ya qadın borcu kimi xüsusi kateqoriyalar yoxdur və olmamalıdır da.
***
Ailə fərdlərinin bir-biri ilə dost, yol yoldaşı olması bu bağlılığı daha da möhkəmləndirir. Həmişə təkrarlanan eyni mənzərə istər-istəməz adamın ürəyini sıxar. Kişi işdən gəlir, qadın qapını açır, kişi televizorun qarşısındakı kresloya əyləşir, qadın çay gətirir, oturub 3-5 kəlmə söhbət edirlər, sonra yemək gəlir. Ailə-məişət söhbətləri, uşaqların qayğıları və s. Bu mənzərənin hər birinin təkrarlanması, daha doğrusu, bu monoton həyat tərzi sizi sıxmadan fərqli tədbirlər haqqında düşünün. Əgər imkanınız varsa, ayda, yoxdursa, heç olmasa, ildə bir dəfə ailəliklə harasa səfər etməyə planlaşdırın. Uzaq gedə bilməsəniz də, heç olmasa, yaxın ərazilərdən birində, ağacların kölgəsində dincəlməyi seçin. Özü də hər şey fərqli olsun, yeməyi də kişi bişirsin, çayı da kişi qaynatsın. Qadın, sadəcə, kölgədə oturub ətrafı seyr eləsin, ya uşaqlarla məşğul olsun. Özünüzü fərqli mənzərələrdə, fərqli məqamlarda sınaqdan keçirin və o fərqli məqamlarda bir-birinizi yenidən kəşf etməyə, tanımağa çalışın. Ailənin qaynayıb-qarışması, daha səmimi, daha möhkəm ola bilməsi üçün fərdlərin hər cür qarşılıqlı fədakarlığa hazır olması çox mühüm və gərəkli amillərdəndir.
***
Ailə – sevgi yuvasıdır. Bu yuvanı səmimi münasibətlə, qarşılıqlı sevgi ilə şənləndirmək mümkündür. Gözəl ailə əslində dünyada bir parça cənnət güşəsidir. Allah-Təala sizləri də, bizləri də həqiqi ailə səadətinə qovuşan qullarından eləsin!