immunitet

Bunlar immun sistemini zəiflədir- ƏSLA ETMƏYİN!

Baxış sayı: 1. 591

Güclü immun sistemi sağlamlığın vacib şərtidir. İmmun sisteminin fəaliyyəti yaş və qidalanmadan asılı olaraq dəyişir. İmmun sistemin zəifləməsinə səbəb olan bir sıra amillər var.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumatda immun sistemini zəiflədən amillərdən bəhs olunub.

Ümumi gigiyena qaydalarına əməl etməmək və ya ifrat dərəcədə əməl etmək – Əllərin, dırnaqların, dişlərin, geyim və əşyaların təmiz saxlanması gigiyenanın əsas şərtidir. Ətrafdakı bakteriyalar, viruslar orqanizmə əllər, çirkli əşyalar, yaxşı yuyulmamış ərzaqlar vasitəsilə daha çox daxil olur ki, bu da müxtəlif xəstəliklərin yaranması ilə nəticələnir. Hər bir kəs şəxsi gigiyena qaydalarını vərdişə çevirməklə öz sağlamlığını qorumağı bacarmalıdır. Ətraf mühitin sterilliyi artdıqda da immun sistemin funksiyaları pozulur və avtoimmun xəstəliklərin inkişaf etmə ehtimalı yüksəlir. Hətta məişətdə ağardıcı təmizlik məhsullarının həddindən artıq istifadəsi uşaqların immun sistemini zəiflədir və nəticədə tez-tez xəstələnmələrinə səbəb olur.

Xroniki xəstəliklər – Diabet, xroniki böyrək, qaraciyər və s. xəstəliklərin uzun müddət davam etməsinin immun sistemə mənfi təsiri böyükdür.

Xroniki stress – Davamlı stress, gərginlik orqanizmin xəstəliklərə qarşı həssaslığını artırır, immun sisteminin fəaliyyətini aşağı salır.

Yuxusuzluq – Yuxu insan sağlamlığında, o cümlədən immun sistemin fəaliyyətində böyük rol oynayır. Yuxu rejimi pozulduqda orqanizmdə stress halında adrenalin və kortizol hormonların səviyyəsi artırır və nəticədə immun sistemi zəifləyir. Həmçinin immunizasiya aktivliyi ləngiyir ki, bu da antitellərin ifrazını və immun cavab reaksiyasının sürətini gecikdirir.

Siqaret və narkotik istifadəsi, alkoqolun qəbulu, az hərəkətli həyat tərzi, artıq çəki kimi faktorlar immun sisteminin zəifləməsində aparıcı rola malikdir.

Şəkərdən istifadə – Həddindən artıq şəkər qəbulu immun sistemin fəaliyyətinə mənfi təsir edir, orqanizmin infeksiyalara qarşı müdafiəsini azaldır.

Balanslaşdırılmamış və ya tək tip qidalanma – Normadan artıq, qeyri-sağlam qidalanma immun sistemin fəaliyyətini aşağı salan diabet və piylənmə riskini artırır. Arıqlamaq üçün pəhriz saxlayanların az və ya tək tip qidalanması, həmçinin mikroelement və vitaminlərin qida rasionunda çatışmazlığı immun sistemin funksiyasını azaldır və bu da bədənin xəstəliklərə qarşı müqavimətini zəiflədir.

Mövsüm dəyişikliyi – Fəsil dəyişməsi immun sistemin fəaliyyətinin zəifləməsinə ciddi təsir göstərir.

Avtoimmun xəstəliklər (revmatoid artrit və Kron xəstəliyi) zamanı istifadə edilən dərmanlar – Avtoimmun xəstəliyi immun sisteminin komponentlərinin orqanizmin öz hüceyrələrini tanımaması nəticəsində yaranır və nəticədə kəskin allergik reaksiyalara səbəb olur. Buna görə də immun sisteminin fəaliyyətini zəiflətmək üçün istifadə olunan dərmanlar çox zaman sonradan qazanılmış immun sisteminin çatışmazlığına gətirib çıxarır.

İltihabi xəstəliklər zamanı istifadə olunan steroid tərkibli dərmanlar – Dərmanların yüksək dozalarda uzun müddət istifadə olunması immun sistemini zəiflədə biləcək amillərdəndir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir