Nərminin 3 yaşı var. Yemək yeməyi sevmir. Hər halda, anası Kəmalə belə deyir. Ana, bir çox hallarda nənə, əllərində qab gah liftdə gəzirlər, gah parkda. Nərmini yedirtməyin ən asan yolu isə planşet, yaxud televizordur: “Uşaq planşetsiz, qətiyyən yemək yemir. Yemək vaxtı bizim evdə hər dəfə narazılıqlar yaranır. Yeməyini də heç vaxt tam bitirmir”.
Nərminin valideynləri kimi analar az deyil. Əlində boşqab, uşağın dalınca qaçan və qaşıqdakı yeməyi az qala zorla ona yedizdirməyə çalışan anaları hamımız görmüşük. Hətta “bunu da ana üçün ye, bu tikəni də ata üçün” deyir, hələ bununla da kifayətlənməyib, “yeməsən küsərəm, ağlayaram” kimi duyğulu şantajlar da edirlər.
Mütəxəssislər deyir ki, uşağı yeməyə məcbur etmək, yaxud aldadaraq yedirtmək bir çox hallarda əks effekt verir. Bəs uşağı, həm dövrümüzün bəlası olan piylənmə xəstəliyindən qorumaq, həm də sağlam qidalanmasını təmin etmək üçün nə etməliyik?
Acıbadem Beynəlxalq Xəstəxanasının uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Şebnem Ersoy körpə və uşaq qidalanmasında ən çox görülən 10 səhv haqqında danışıb və vacib təkliflər irəli sürüb. Həkim deyir ki, uşağı planşet, yaxud televiziya verilişlərinə baxaraq yedirtmək olmaz: “Uşağınız qidalandıqda yediklərinin dadını duymalı və daddıqlarından həzz almalıdır. Televizor, yaxud planşet qarşısında yeyən uşaq nə yediyini bilmir. Bu, bir anlıq həll yolu kimi görünsə də, uşağın iştahasını stimullaşdırmır, asılılıq yaradır və onun anti-sosial olmasına səbəb olur. Buna görə valideynlər övladlarını televizor qarşısında yemək yeməyə məcbur etməkdən çəkinməlidirlər”.
Həkimin sözlərinə görə, xüsusilə, səhər yeməyində analar uşaqlara yeməkləri püre şəklində verməyə üstünlük verirlər: “Analar, qoz, zeytun, yumurta və südü uşaqlara ayrılıqda yedirtmək əvəzinə, qarışdıraraq verirlər. Bu üsul çox məşhurdur. Ancaq bu cür səhər yeməyi daha çox kalori verir, uşaq yüklənir sonrakı yeməklərdə uşağın iştahasının azalmasına səbəb olur. Bütün qidaların ləzzətləri bir-birinə qarışdığından, uşağın fərqli zövqləri qəbul etməsinə mane olur. Uşaq günorta yemək yeməyəndə də, boşqabla arxasınca düşürlər”.
Həkim deyir ki, çox süd istehlakı qidalanma səhvidir: “Xüsusilə 1 yaşdan yuxarı uşaqlarda gündə 500 ml-dən çox süd istehlakı, çox yayılmış qidalanma səhvidir. Uşaqda həddindən artıq süd istehlakı dəmir çatışmazlığı səbəbindən həm anoreksiya, həm də anemiya və qəbizliyə səbəb olur. Süd istehlakı 500 ml-dən çox olmamalı və süd stəkanla verilməlidir. Bundan əlavə, 2 yaşından etibarən uşağa ən azı yatmazdan 1,5 saat əvvəl yemək verilməlidir. Bu zaman uşaq səhər yeməyində acır və iştahası qaydasında olur”.
Hamımıza məlumdur ki, körpə uşaqlar gecə ağladıqda analar mütləq yemək verirlər. Həkim vurğulayır ki, uşaq hər ağlayanda yemək istəmir və onu yeməklə susdurmaq olmaz: “Körpələrin ağlaması yalnız aclıqla bağlı deyil. Onların gecələr ağlamasının bir çox səbəbləri ola bilər. Buna görə də, hər bir ağlama aclıqla əlaqələndirilməməlidir. Körpə ilk 3 ay ərzində ən azı 600 qram, yəni həftədə 150 qram kilo alırsa, ana südü kifayətdir. Körpənin ağlamasının səbəbləri araşdırılmalı və hər ağladığı zaman körpə qidalandırılmamalıdır”.
Həmçinin uşağın boşqabını yeməklə doldurmaq da düzgün üsul deyilmiş: “Uşaqların da, böyüklər kimi, sevmədiyi qidaların olması normaldır. Zövqlərinə hörmətlə yanaşmaq lazımdır. Əsas yemək qruplarından bəzilərini yemək kifayətdir. Məsələn, o, pendir yemirsə, bunun əvəzinə süd və qatıq istehlak etməklə vəziyyət tarazlaşa bilər. Yenə ət yeməsə, yumurta və paxlalılara üstünlük verə bilərsiniz. Bundan əlavə, uşağınızın boşqabını çox doldurmayın. Məsələn, yemək şorba, tərəvəz , plov və qatıqdan ibarətdirsə, hər birində 3-4 qaşıq yemək kifayətdir”.
Pediatr Günay Rəsulova deyir ki, biz toplum olaraq, toppuş, kök uşaqları sevən xalqıq. Həkimin sözlərinə görə, valideynlər məhz uşaqları “toppuş” olsun deyə, onları məcbur yedirtməyə çalışırlar: “Küçədə də fikir verirsinizsə, hamının diqqəti kök uşaqlarda olur. Valideynlərin də bu, çox xoşuna gəldiyinə görə, həmişə istəyirlər ki, uşaqları diqqətçəkən, şirin olsun. Uşağın sağlamlıq durumu, bəzən təəssüf ki, onların diqqətindən qaçır. Mən həmişə valideynlərə deyirəm ki, hər şeydən vacib və öncə gələn onların sağlamlığıdır. Məcbur yedirdilən uşaqların psixoloji sağlamlığı ciddi risk altında olur. Bu, onlarda psixoloji olaraq, yeməkdən iyrənmə, ikrah hissinin yaranmasına, hətta bəzən psixogen anoreksiya dediyimiz, tamamilə qidadan imtinaetmə vəziyyətinə də gətirib çıxara bilər. Ona görə, uşağı məcbur qidalandırmağa, artıq yedirtməyə çalışmaq əsassızdır”.
Həkimin sözlərinə görə, uşağın mədəsinin tutumu onların ovuclarını ölçüsü qədərdir: “Həmişə valideynlərə deyirəm ki, uşağın mədəsinin tutumu onun ovcunun ölçüsü qədərdir. Ondan artıq yemək verməyə, yedirtməyə çalışmayın. Valideynlər, bəzən öz porsiyaları qədər uşağa yemək verməyə çalışırlar ki, bu, əlbəttə, doğru deyil. Bu, uşağın mədə-bağırsaq sisteminin funksional vəziyyətinə də uyğun deyil. Bu cür yüklənmələr uşaqlarda refluks xəstəliyinə, qusma, öyümə problemlərinə, qəbizliyə və mədədə qastritə qədər gətirib çıxara bilər. Valideynlər uşağı, onun öz istəyinə uyğun miqdarda və özünün istədiyi vaxtda yedirtməlidirlər. Çünki tez-tez yedirtmə, aşırı qidalandırılma, rejim gözləməmə uşağın acmasına fürsət vermir və uşaqlar acmadığı üçün də ya yeməkdən imtina edir, ya da normal porsiyadan az yeyirlər. Hər bir halda, bunu uşağın seçiminə buraxmaq lazımdır. Mümkün qədər yemək aralıqlarını uşaqlarda uzun fasiləli etməyə çalışmalıyıq. Uşağın acıxmasına fürsət yaradın. Uşağın sağlamlıq durumu yerindədirsə, özü acıxanda istədiyi miqdarda yeməlidir. Əgər valideyn israrla şübhə edirsə ki, uşağı yeməkdən imtina edir, biz belə uşaqları ətraflı müayinə edirik. Uşağın sağlamlıq vəziyyətində, onun yeməməyinə səbəb ola biləcək hər hansı bir sağlamlıq problemi yoxdursa, deməli, bu uşaq özünə lazım olan qədər yeməlidir. Çox vaxt biz uşağın fiziki inkişafını qiymətləndirərək qərar veririk. Məsələn, uşağın çəkisi və boyu normal artırsa, o, yaşıdlarından geri qalmırsa, sağlamlığında da heç bir əskiklik yoxdursa, deməli, bu uşaq özünə lazım olan qədər yeyir. Ona görə, pediatrınıza güvənin, uşaq həkiminizə etibar edin. Əgər onlar deyirsə ki, uşaq sağlamdır, deməli, artıq yedirtməyə ehtiyac yoxdur”.
Aygün ƏZİZ