Düşünürük ki, bu sualın cavabı əsasən xanımlarımız üçün maraqlıdır. Əgər siz də sevdiyiniz kişini evliliyə həvəsləndirmək istəyirsinizsə, aşağıdakılara əməl etməyiniz mütləqdir.
– Kişilərin qadınlarda heç sevmədiyi xüsusiyyətlərdən birincisi artıq münasibətlərinin 4-5-ci aylarında qadının ona evliliklə bağlı mesaj ötürməsidir. Siz onu sevirsiniz, gələcək həyatınızı onunla birləşdirmək istəyirsiniz, bu, normal haldır, amma unutmayın ki, evlilik yalnız sizin deyil, tərəflərinin hər ikisinin birgə qəbul etməli olduğu qərardır. Ona evliliklə bağlı söz vurmaqdansa, sizi tanıması üçün şans verin. Əgər siz onun evlənmək, ailə qurmaq istədiyi xanımsınızsa, onsuz da gec-tez bu barədə fikrini özü sizə bildirəcək. Amma əmin olun ki, sizin bu barədə üstübağlı söhbətləriniz onu sizə yaxınlaşdırmaq əvəzinə, daha da uzaqlaşdıracaq.
– Kişilərin evlənmək istəməsinin əsas səbəblərindən biri də onların həyatlarını idarə edəcək, qaydaya sala biləcək bir insan arzulamalarıdır. Buna görə də onlar belə hesab edirlər ki, evlənəcəkləri qadın yalnız özünə baxımı ilə seçilməməli, həmçinin, həyat yoldaşının da qayğısına qalmağı bacarmalıdır. Bu zaman xanımın əsas etməli olduğu şey ona yaxşı həyat yoldaşı ola biləcəyini hiss etdirməkdir. Onun evdəki səliqə-səhmanı ilə maraqlanın. Hətta nə vaxtsa, onlara getmisinizsə, mətbəxə girib çirkli qabları yumaqdan belə çəkinməyin. Bununla siz ona necə səliqəli biri olduğunuzu və onun həyatını asanlaşdırmaq üçün çalışdığınızı sübut etmiş olacaqsınız.
– Kişilər üçün anaları dünyadakı ən fədakar, ən dözümlü qadındır. Onlar üçün ananın övladına sevgisi tamam başqa bir sehirdir. Buna görə də ona uşaqlara qarşı olan sevginizi göstərməyə çalışın. (əgər həqiqətən də belədirsə) Sizin üçün mükəmməl ana necə olmalıdır, övladını necə tərbiyə etməlidir? Bu haqda söhbət açmağa çalışın. Bir sözlə, ona gözəl ana ola biləcəyinizi sübut edin!
– Kişilərin qadınlarla bağlı ən böyük qorxularından biri də evləndikdən sonra onun əsl qeybətcil ev qadınına çevriləcəyidir. Amma siz ona hər sözünüzlə, hər hərəkətinizlə evlilikdən sonra dəyişilməyəcəyinizi bildirin. Evləndikdən sonra heç vaxt qonşunuz Fatmanisə xalaya çevrilməyəcəyinizə onu inandırın.
– Əziz xanımlar, qəbul edin ki, bəzən hətta ən xırda səbəbləri belə böyük mübahisələrə çevirə bilirsiniz. Bu xasiyyətinizi ya birdəfəlik dəyişməyə çalışın, ya da heç olmasa sevgili olduğunuz müddətdə bunu ona bildirməyin. Sizin müəyyən xırda mübahisələriniz, qısqanclıqlarınız ən başda kişiyə şirin görünə bilər. Amma bu xırdalıqlar get-gedə böyüdükcə siz onun üçün dözülməz qadın obrazına, sizinlə birlikdə təsəvvür etdiyi gələcək ailə həyatı isə kabusa çevriləcək. Buna görə də çalışın ki, xırda qısqanclıqlar elə onun gözündə sizin özünəməxsusuluğunuz kimi qalsın.