Reklam ticarətin mühərrikidir. Bu gün də dəbdə olan şüar o qədər çeynənib ki, hamı bunu bilir – ticarətdən uzaq olanlar da, heç əsl reklamın nə olduğunu bilməyənlər də. Buna baxmayaraq, hiyləgər sahibkarların bu devizi həyatımıza möhkəm girdi və sadə insan reklamlara inanmağa davam edir.
Əslində, əksər hallarda reklam qanuni bir fırıldaqdır. Obrazlı desək, reklamla sizə arıq bir yabını köhlən bir ayğır kimi “sırımaq” mümkündür.
Təəssüf ki, bunlar reklam biznesinin qanunlarıdır. Ancaq bu sahədə hər şey o qədər də sadə deyil. Bəzən elə bir reklam gözünə sataşır ki, nəinki bu malı almaq, əksinə, ondan imtina etmək istəyirsən.
Bəlkə də, kimsə hansısa cümləni şişirtdiyimizi düşünür, amma “polislərin” dediyi kimi, təkzibolunmaz maddi sübutlar göz qabağındadır.
Beləliklə, gəlin paytaxtımızın bəzi küçələrində gəzək və bəzi sahibkarlarımızın potensial müştəriləri öz torlarına (sözün yaxşı mənasında) necə cəlb etməyə çalışdıqlarına heyran olaq.
Mobil telefon və aksesuar satışı mağazasında bir reklam yerləşdirilib. Mərhum satirik Mixail Zadornovun dediyi kimi: “Hazırsınızmı?” Yaxşı, hazırsınızsa, onda tanış olun: “Adaptir alana nalusnik hediyye”.
Bu reklam elanı mobil telefon mağazalarının birinin pəncərəsində yer alıb. Ortada latın-rus-Azərbaycan-Türkiyə türkcələrinin bir növ sıx qarışığı var. Və təəccüblüdür ki, bu dillərin heç birində söhbətin nədən getdiyi hər kəsə tam aydın deyil.
Belə bir Sovet filmi var: “Kin-dza-dza”. Belə ki, bu filmdən olan “çatlanlar” “ku-ku” ifadələri ilə danışsalar da, düşüncələrini və istəklərini sözügedən reklamdan daha açıq şəkildə ifadə edirlər.
“Nalusnik” kimi bir “neologizm”in müştəriləri cəlb edəcəyini düşünmürəm. Üstəlik, söhbətin hansı keyfiyyətli maldan getdiyi tam aydın deyilsə.
Ancaq “adaptirlar, nalusniklər” kimi xırda şeylər planetar miqyaslı problemlə müqayisədə heç nə deyil. Söhbət koronavirusdan gedir. Və burada da bizim “sənətkarlarımız” bu problemə o qədər məharətlə yanaşdılar ki, COVID-19 virusu Azərbaycan dilini bilsəydi, utandığından özü-özünü məhv edərdi.
Bu fotoya baxın. Mən başa düşürəm və bilirəm ki, “immunitet” (toxunulmazlıq) sözünün latın kökləri var, amma bunun Azərbaycan dilində belə bir çirkinliklə təhrif edilməsi (“umlite”) başadüşülən deyil. Bəlkə də, deyilişdə qulağa oxşarlıq gəlir, amma yenə də sözlərdə fərq var.
Və desert olaraq. Bu yazıdan narazı olanlara, hiddətlənənlərə əsəb gərginliyini aradan qaldırmaq üçün yerli stilistlər təsirli bir üsul təklif edirlər: “kulatka”. Həm də ucuz, cəmi 10 manat. Həm də saçınızı qırxacaqlar…