Məşhur rus müğənnisi, SSRİ xalq artisti Alla Puqaçovanın dünyaca məşhur “Million alıx roz” mahnısının mövzusunun real həyatdan götürüldüyü məlum olub. Üstəlik, öz yoxsul evini satıb sevgilisinə milyon qızıl gül alan şəxsin kimliyi də açıqlanıb.
“Gencaile.az” “Publika.az”-a istinadən xəbər verir ki, bu rəssam Niko Pirosmani imiş.
Gürcü rəssamı Niko Pirosmani (Niko Pirosmanaşvili) dövrünün populyar sənətkarı olsa da, kasıb yaşayırmış. O, rəssamlığı özü öyrənib və qısa müddət ərzində fitri istedadını ortaya qoyub. Lakin rəssamın bütün dünyada tanınması onun ölümündən sonra baş verib. Hətta onun özünü tanımayanlar belə, Niko Pirosmaninin hansısa qadını dəli kimi sevməsi haqda eşidiblər.
Bugünlərdə məlum olub ki, Niko bir dəfə bütün əmlakını sataraq, Tbilisi mağazalarından sevdiyi qadına qızıl güllər alıb. Pirosmaninin ilham aldığı qadın isə öz dövründə heç onun qədər belə tanınmayıb.
Bununla bağlı bir sənədli fakt da var: – qadın Tbilisiyə 1905-ci ildə gəlib. Elə həmin ərəfədə qəzetlərdə Paris miniatür teatrı “Bel Vyu”nun müğənni, rəqqasə və aktrisası Marqarita de Sevrin Gürcüstanın paytaxtında konsert verəcəyi haqda anonslar dərc olunub.
Habelə şəhər küçələrində də “Yenilik! Marqarita de Sevr” Tbilisidə…” mətnli afişalar peyda olub. Qadının fotosunu ilk dəfə afişada görən Niko Pirosmani ona ilk baxışdan aşiq olub. Onun məşhur “Aktrisa Marqarita” portreti də elə həmin günlərə təsadüf edir.
Niko bütün əmlakını sataraq, onu pula çevirib və həmin pulları Tbilisinin mağazalarında satılan bütün güllərə, çiçəklərə xərcləyib. Bundan sonra isə gülləri 9 arabaya dolduraraq Marqarita de Sevrə göndərib.
Belə rəvayət edilir ki, sonsuz gül-çiçək “dənizini” görən qadın sevincindən rəssamın yanına gəlib və onu öpüb. Lakin tarixçilər onların nə vaxtsa görüşdüklərini təsdiqləmirlər. Araşdırmaçılar da deyir ki, Niko ilə Marqarita heç zaman yaxın təmasda olmayıb. Rəssam şəhərin bütün güllərini sevgilisinə göndərdikdən sonra dostları ilə əylənməyə gedib.
Bütün bunlar onu göstərir ki, “Million alıx roz” mahnısı həmin sevgi hekayəsinin bir hissəsidir. Lakin real sevgi hekayəsi ilə mahnının məzmunu arasında fərqlər də var.
Əlbəttə ki, gülləri heç kim saymayıb. Bu səbəbdən də onların sayının milyonlarla olduğunu heç kim bilmir.
Üstəlik, arabaların hamısındakı güllər heç də qızılgül olmayıb. Onların arasında digər gül növləri də olub.
Aktrisa da sevgisi uğrunda hər şeyə hazır olan bu fədakar rəssama biganə qalmayıb. O, Nikoya dəvətnamə göndərib. Lakin rəssam bunu vaxtında dəyərləndirməyib.
Rəssam Marqaritanın qaldığı yerə gələndə aktrisa artıq şəhərdə deyildi. Deyilənə görə Marqarita varlı bir insana ərə gedib.
Araşdırmaçı Paustovski sonralar yazırdı: “Marqarita röya kimi idi. Onun ürəyi hər kəsə bağlı idi. Onun gözəlliyi insanlara lazım idi.
Lakin insanlar qadının gözılliyindən istifadə edirdilər. O, bunu çox sonralar başa düşdü”.
Rəssamın ölümündən 50 il sonra – 1968-ci ildə, Luvrda Niko Pirosmaninin şəkillərindən ibarət sərgi açıldı. Sərgidə iştirak edənlərin sözlərinə görə, rəssamın yaratdığı “Aktrisa Marqarita” portretinin qarşısında qoca bir qadın dayanaraq gözlərini bir neçə dəqiqə portretə zilləyib.
O, xeyli fikrə dalıb. Şahidlər bildirirlər ki, bu qadın rəssamın bir zamanlar vurulduğu Marqarita de Sevr olub.