Ölkədə yoluxma sayı ən pik həddini yaşayır. Hər gün artan templə davam edən statistika insanları təlaşlandırır. Payız fəslində isə bu dalğanın daha kəskin olacağı, xüsusilə Azərbaycanın pandemiya ilə mübarizədə ən çətin dövrünü yaşayacağı ehtimal edilir. Vaksinasiyanın sürətlə getdiyi bir vaxtda yoluxmaların pik həddi insanlarda vaksinə qarşı inamsızlıq yaradır. Xüsusilə, Çin istehsalı “Sinovac” şirkətinin “Coronavac” vaksininin faydasız olduğunu, xəstəliklə mübarizədə heç bir rol oynamadığını iddia edənlər də var. Ümumiyyətlə, Azərbaycanda vaksinlərin qoruma faizi hesablanırmı? Peyvəndlər haqqında tədqiqat varmı?
“Hər biri qoruyucudur”
Türkiyənin Hacettepe Universiteti Xəstəxanasının Anesteziologiya və reanimasiya şöbəsinin həkimi Turanə Rəsulova deyir ki, dünya elmi təsdiqləyir ki, peyvəndlərin hər biri qoruyucudur: “Bu, birmənalı şəkildə belədir. Peyvənd olunan və olunmayan eyni sayda şəxs virusun mövcud olduğu ortama düşsə, peyvənd olunmayanların böyük əksəriyyəti xəstələnəcək və onların içində ağırlaşma və ölüm hallarına daha çox rast gəlinəcək. Peyvənd olunanlarda isə yoluxma da, ağırlaşma ehtimalı da ciddi şəkildə azalır”.
“Dünya 4-cü dozanı müzakirə edir”
Həkimin sözlərinə görə, peyvəndin effektivliyi heç kim üçün sual doğurmamalıdır: “Əslində, bu gün bütün dünya 3-cü və 4-cü peyvənd dozasını nə vaxt qəbul etməli olduğumuzu müzakirə edir. Peyvəndin effektivliyi artıq kimsə üçün sual doğurmur. Çalışdığım xəstəxanada həkimlər 4-cü doza peyvəndini vurdurdu”.
Əgər 2-ci dozadan 2 ay keçibsə…
Peyvəndlərin müqayisəsinə gəldikdə isə həkim deyir ki, “BioNTech/Pfizer”in nəticələri “Sinovac”a görə bir qədər daha yaxşıdır: “Amma əgər 2-ci dozadan 3 ay keçibsə və 3-cü doza yenə “Sinovac” vurulursa, qoruyuculuq 3 dəfə artır. Çünki zamanla qazandığımız immunitet zəifləməyə başlayır və 3-cü doza ilə immunitetimizi dəstəkləməliyik. Bu, “Biontech” də ola bilər, “Sinovac” da, digərləri də. Əsas məsələ tezliklə 2-ci dozaları bitirib payız-qış gəlmədən 3-cü doza vaksinasiya olunmaqdır”.
“Bir doza peyvənd alanlar xəstəlikdən qorunmur”
Həkim-infeksionist Mərdan Əliyev deyir ki, yoluxmanın çox olmasının səbəbi peyvəndlərin yararsızlığı deyil: “Vaksinlərlə bağlı dünyada araşdırma aparılıb və nəticələrə görə biz də peyvənd almışıq. Son olaraq, “delta” ştammı ilə bağlı da “Pfizer” və “Sinovac” araşdırılıb və məlum olub ki, bütün peyvəndlərin “delta” ştammına effektivliyi var. Deyirlər, 6 milyon peyvənd olunub. Bu belə deyil. Bizdə 2,5 milyon insan iki doza peyvənd alıb. Bir doza peyvənd alanlar və peyvəndsizlər xəstəlikdən qorunmur. Belə çıxır ki, 2,5 milyondan başqa digərləri risk qrupundadır. Bir doza peyvənd eyni effekti vermir. İkinci dozadan hələ 20-25 gün sonra peyvənd qorumağa başlayır”.
“Peyvənd ağ ciyərlərdə problemin qarşısını alır”
“Sinovac” peyvəndi ilə bağlı yaranan inamsızlığa gəldikdə isə, həkim deyir ki, peyvəndin məqsədi virusa yoluxanda xəstəliyi yüngül keçirməkdir: “Peyvənd vurdurmaq o demək deyil ki, virusa yoluxmayacaqsan. Virusa yoluxanda əgər 2 doza peyvəndin varsa, yüngül keçirir və sağalırsan. Mən öz təcrübəmdə də bunu müşahidə edirəm. İki doza peyvənd alanlarda ağırlaşmalar olmur. Yoluxanda bir neçə gün, hətta bir həftə qızdırma ola bilər, amma peyvənd olunubsansa,
ağ ciyərlərdə ciddi dəyişiklik, problem yaranmır. Xəstəxana şəraiti tələb olunmur və ölümcül olmur. Hətta virusa yoluxan şəxsin yanaşı xəstəliyi olsa belə, peyvənd vurdurubsa, ağır keçirmir”.
“6 aydan bir növbəti peyvəndin vurulması şərtdir”
Həkim vurğuladı ki, peyvəndlər ölüm hallarının qarşısını alır: “Sinovac”la bağlı araşdırmada da göstərilib ki, ağırlaşmalardan 100 faiz, pnevmoniyalardan isə 90 faiz qoruyur. “Sinovac”ın effektivliyi 91,25 faiz civarındadır. Çin istehsalı olan vaksinin digərlərindən fərqinə gəldikdə isə, “Pfizer” və “Moderna” son texnologiya əsasında, “Sinovac” ənənəvi üsulla hazırlanıb. “Sinovac” şirkətinin “CoronaVac” vaksini inaktiv peyvənddir. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir. Peyvəndin əsas üstün cəhətlərindən biri standart soyuducuda 2-8 dərəcədə saxlanıla bilməsidir. “Oxford-AstraZeneca” peyvəndi də eyni cür saxlanılma imkanında olsa da, digər bir peyvənd olan “Moderna”nı mənfi 20, “Pfizer” peyvəndini isə mənfi 70 dərəcədə saxlamaq tələb olunur. “Sinovac”ın effektivliyi 2 dozadan sonra olur. Bununla yanaşı, 6 aydan bir növbəti peyvəndin vurulması şərtdir”.
95 faiz effektli
Azərbaycanda tətbiq olunan digər peyvəndlərlə bağlı araşdırmalara gəldikdə isə “BioNTech/Pfizer”in COVID-19 xəstəliyini keçirməyən insanlarda infeksiyanın qarşısını almaqda 95 faiz effektiv olduğu qeyd edilir. Aktiv tərkib hissəsi dustinginameran maddəsidir. Peyvənddən sonra iynə vurulan yerdə yüngül ağrı, zəiflik və başağrısı ola bilər ki, bu da təbii prosesdir.
Tərkibində koronovirus olmayan peyvənd
Azərbaycanda tətbiq olunan digər vaksin Rusiya istehsalı “Sputnik V”dir. Qonşu ölkədə ərsəyə gətirilən vektor peyvəndinin effektivliyi 90 faizdən yuxarı qiymətləndirilir. Peyvəndin tərkibində koronavirus yoxdur və özündə insan adenovirus zərrələrinin hissələrini daşıyır, hansı ki, onlarda koronavirusun zərf proteini – S-in zülalları var, onlar da immunitet yaradır.
Genetik cəhətdən dəyişdirilmiş virus
“AstraZeneca” vaksini “Vaccitech” şirkəti ilə birlikdə Oksford Universiteti tərəfindən hazırlanıb. Oksford peyvəndi şimpanzeləri yoluxdurmaq üçün istifadə olunan genetik cəhətdən dəyişdirilmiş ümumi soyuqdəymə virusundan hazırlanıb. Aparılan genişmiqyaslı sınaqlar göstərir ki, “AstraZeneca” vaksini COVID-19 simptomları inkişaf edən insanlarda xəstəliyi dayandırmaqda yüksək dərəcədə təsirlidir.
“Vaksinlər infeksiyanın inkişafına səbəb olmur”
Bəzi insanlar isə peyvəndin onları “xəstələndirdiyini” iddia edirlər. “Sağlam idim, peyvənddən sonra xəstələndim” kimi fikirlərlə bağlı mütəxəssislər vurğulayır ki, vaksinlər hüceyrələrə təsir edə və infeksiyanın inkişafına səbəb ola bilmirlər. Vaksinasiya nəticəsində xəstələndiyini iddia edən insanlar peyvənd vurulması nəticəsində deyil, peyvəndləmə prosesi zamanı yolda, nəqliyyatda, inyeksiya növbəsində və s. yoluxmuş ola bilərlər.
Aygün ƏZİZ