Gunay Malikqizi

Cəhənnəmdən gələn zəng – GÜNAY MALİKQIZI YAZIR

Baxış sayı: 1. 186
Qəribədir, amma özünü başqa qadınlara yaxşı “satan” kişilər öz halal arvadlarının səsini eşidəndə, elə bil, o dünyadan mesaj alırlar.

Bakı Nəqliyyat Agentliyinin cərimə mesajına üzlərini turşutduqları ifadə ilə xəttin o tərəfindəki, vaxtilə sevgi sözləri həsr etdikləri qadınlarına reaksiya verirlər.

Bütün qəzəbini bir araya gətirərək “ALO” deyən o səslər, əslində, minlərlə qadının qırılan taleyinin səsidir.

O qadınların paramparça olan xəyalları kef məclislərinin içkilərdə boğulur.

O qadınların səsi “vur-çatlasın mahnılar”ın ucbatından eşidilmir.

Eşidilməsə də, görünməsə də, o həyatlar var. Və yaşanır…

Əslində, bu həqiqətləri dilləndirməyə bilərdik.

Çünki kənarda başqa qadınlara pul xərcləyib, evə çörək pulunu minnətlə verən kişilər həmişə olub.

Bütün günü işləyib yorulduğunu hər saniyə xatırladaraq, evdə öz uşağına, arvadına yoxluqdan şikayətlənən kəslər başqa bir yerdə, hansısa məclisdə, bəlkə də, sabah onu xatırlamayacaq birinə yaxşıca pul xərcləyirlər, xərcləyiblər və yəqin ki, xərcləyəcəklər.

Söhbət xərclənən pulda deyil, heç “vnimaniya”da da deyil, söhbət xərclənən həyatlardadır.

Bu problemin də iki tərəfi var: qadın və kişi.

Kişi qadınları sevir. Arvadını isə sevməsə də olar. Bəli, olar. Çünki o, artıq arvadıdır.

Qadın ərini sevir. Əri onu sevməsə də olar. Olar. Çünki o, artıq əridir.

Bunu mən demirəm. İnsanlar yaşayırlar.

Biz bir çoxumuz bunu görürük, bilirik, bəlkə də, kiminsə arxasınca pıçıldaşırıq da…

Neyləyə bilərik? Başqa bir qadın üçün nə kişi, nə də qadın ailə dağıtmaq istəyəcək.

Yazandan sonra mənə də maraqlı gəldi. Başqa qadın, yəni kim?

Bu suala cavab tapacaq qədər böyüməmişəm. Amma o qadınlar “başqa”dırlarsa, onlardan hər cür xəyanət gözləmək olar. Bəlkə də onların xəyanəti elə də ağrıtmaz. Amma sənin olduğunu düşündüyün birinin elədikləri…

Vallah, o “başqa” qadınlar, o qadınları həyatımıza salan kişilərdən daha yaxşıdırlar.

Niyə bundan yazdım? Son zamanlar üç günlük əcnəbilərə bir ömürlük arvadlarını “tərcih edən” kəslərin evdən gələn telefon zənginə verdikləri reaksiya məni bu ritorik suallarla zəngin yazını yazmağa vadar etdi.

Bu yazı xəyanətin ağır yükünü çiyinlərində daşıyan qadınların probleminin həlli olmadı. Heç ola da bilməz.

Amma bu yazı ilə qadınına xəyanəti özünə baş ucalığı hesab edən kişilərin qıraqdan nə qədər balaca, cılız göründüklərini ifadə edə bildim.

Cılızlıq isə heç də yaxşı deyil…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir