Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 150 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Bu qəzetin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Bu gün yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, medianın fəaliyyətinin genişləndirilməsi və inkişafının təmin edilməsinə dair qəbul edilmiş qərarlar Ulu Öndərin ölkə jurnalistikasına verdiyi yüksək dəyərin sübutudur. Heydər Əliyev qələm sahiblərinin əməyini qeyri-adi, zəhmətli, hünər və fədakarlıq tələb edən əmək kimi ifadə edirdi, jurnalistlərə hər zaman xüsusi münasibət bəsləyirdi. Bunun məntiqi nəticəsidir ki, Ulu Öndər dəfələrlə keçirilən sorğularda “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.
Fənar Qənbərova
YAP Laçın rayon təşkilatının fəalı
Laçın rayon Ədalət Məmmədov adına Zabux kənd orta məktibində müəllim