Məlumdur ki, Türkiyədə qadına, uşağa və küçə heyvanlarına qarşı zorakılıq, xüsusilə cinsi zorakılıq lap çoxdur. Mətbuatın bütün bu hadisələri işıqlandırması, ölkənin sənətçilərinin, əhalinin bu məsələdə sosial həssaslığı hadisələrin qabardılmasına təkan verir. Orada insanların dövlətdən baş verən cinayətlərlə bağlı ədalətli hökm tələb etmələrinə demək olar ki, hər gün rast gəlirik.
Məsələ ailədaxili zorakılığa gəldikdə isə, rəfiqəm, “Burada qadınlar bizim kimi deyil. Söyüşkəndirlər, ipə-sapa yatmırlar, etiraz edir, öz haqlarını tələb edirlər. Ona görə də daha çox zorakılığa məruz qalırlar” – demişdi. Düşünürəm ki, həqiqətən də bizim qadınlarımız güzəştə getməyə, ailəni mühafizə etməyə, kişiyə boyun əyməyə daha meyilli, ailədə kişinin üstünlüyünü qəbul etmiş insanlardır. Bizim cəmiyyətdə “kişini əsəbiləşdirmək olmaz” düşüncəsi artıq həzm olunub.
Elə biri mən özüm. Dəfələrlə psixoloji zorakılığa məruz qalsam da, susub səsimi çıxartmamışdım. İndi düşünürəm ki, işdir, əgər bu qədər səbrli, yaxud qorxaq olmasam, yaşadıqlarım qarşısında şüvən qoparsaydım, söyüş söyüb “həyasızlıq” etsəydim, yəqin, indi torpaq altında başım bədənimdən ayrı yatırdım.
Biz Azərbaycanda qadınların fiziki, psixoloji zorakılığa məruz qalmaları hallarının çox olduğunu deyə bilmərik. Ən azından alışdığımız sovet mədəniyyəti, musiqi, teatr, kino ilə vəhdətdə böyüməyimiz, daha sonra Ümummilli lider Heydər Əliyevin hakimiyyəti zamanında onun uşaqlara, sənətçilərə göstərdiyi qayğı və diqqət, cəmiyyətə əks etdirdiyi uşaq sevgisi həqiqətən humanist bir ruh halının formalaşmasına təkan vermişdi.
Ölkəmizdə məişət zorakılığının nisbətən az olmasının səbəblərdən biri də, qadınlarımıza ailədə itaət və xidmət etməyin lap uşaq vaxtlarından öyrədilməsi ilə bağlıdır. Nənələr, analar da cəmiyyətdəki cinsiyyətlərarası bu qeyri-bərabərliyi mühafizə edən əsas qüvvələrdir.
Beşinci əsrdə yaşamış qədim Çin filosofu Konfutsinin dediyi kimi, “Qadınlar uşaqlıqda atalarına, evləndikləri zaman ərlərinə, yaşlandıqda isə oğullarına xidmət və itaət etmək məcburiyyətindədirlər”. Sanki o, bu fikri Azərbaycan qadınları üçün deyib.
Bir çox mədəniyyətlərdə tarix boyu qadının həyat qayəsi və tərzi bu cür şərtləndirilib. Zaman-zaman zorakı üsullarla da olsa, ailələr gənc qızlarına bu qaydanı mənimsətməyə çalışılır. Əksər qadınlarımızda özünümüdafiə sistemi uşaqlıqdan ailə daxilində, böyüklərin təsir ilə zədələnir. Buna görə də, əri, atası tərəfindən zorakılığa məruz qalan, çətin həyat şərtlərinə dözməyən qadınlar qeyri-adekvat yollara baş vurur, ya intihar edir, ya evdən qaçırlar. Televiziyalarımızdakı sosial yönümlü verilişlərə çıxan, ailə-məişət problemlərini ictimailəşdirən onlarla insan buna örnəkdir.
Digər tərəfdən, patriarxal gücün təsiriylə tərbiyə alan, böyüyən qadınlar, təzyiq gördüyünə görə evdən qaçan, üzərinə yüklənən məsuliyyətləri icra etməkdən imtina edən qadınların ən böyük düşməninə çevriril, onlara nifrətlə baxır, qınayırlar. Amma özlərinin hansı gücün psixoloji təsiri altında qaldıqlarının fərqində deyillər.
Patriarxal quruluş, cinsi ayrı-seçkilik, kişi üstünlüyü, bir cinsin doğulduğu andan öldüyü ana qədər digər cinsə itaət və xidmət etmək məcburiyyətində olması deməkdir. Bu məqamda qadınlar özərinə sual verməlidir ki, niyə ömürlərini həyatlarında olan kişilərə xidmət edərək keçirirlər? Qadınlar niyə bu könüllü məcburiyyəti həyatlarının sonunacan çiyinlərində daşıyırlar?
Kişilər də eyni formada həyatlarındakı qadınlardan nə qədər xidmət və nə qədər itaət gözlədiklərini sorğulamalıdırlar: “Qadın niyə mənə itaət etməlidir?”, “Qadın niyə mənə xidmət etməlidir?”
Cəmiyyətimizdə təhsil səviyyəsi aşağı olan, köhnə qayda-qanunlarla formalaşan kişilər üçün bu sualın standart bir cavabı var: “Çünki o, qadındır”.
Mənə isə məhz qadınların bu suala verdikləri cavablar maraqlıdır. Yəqin bu suala hər qadın fərqli cavab verəcək. Bəziləri də, “Pah, başqa neynəməliyəm ki?!” deyəcək.
İnsanların bu suala verdiyi cavablardan onların psixologiyasının hansı düşüncə tərzinin tikanlı sərhədləri ilə əhatə olunduğunu, fikirlərinin, həyatı yaşama, dərketmə mexanizmlərinin necə şərtləndirildiyini, qorxularının, çarəsizliklərinin nələrlə bağlı olduğunu anlamaq mümkündür.
İndi daş dövrü deyil, nə mağara var, nə də ayı. Nə də artıq heç kim heç kimi asanlıqla toydanca xalı-xalçaya büküb qaçıra bilməz. Amma cəmiyyətimizdəki bəzi qadınlar hələ də evin yaxınlığındakı marketə düşmək üçün həyat yoldaşlarından, atalarından icazə almalı olurlar. Qadına aid müəyyən ehtiyaclarını qarşılamaq üçün hələ də ərlərindən pul istəyir, öz tələbatlarını ödəmək üçün belə işləyə bilmirlər. Hələ də diplomu olan milyonlarla qadın öz iqtisadi azadlığını təmin edə bilməyib: etməsinə əri, valideynləri tərəfindən icazə verilməyib. Milyonlarla qadın işdən yorğun-arğın qayıdıb bütün ev işlərini icra etmək məcburiyyətindədir ki, işlədiyinə və ev işlərini çatdıra bilmədiyinə görə evdə söz-söhbət çıxmasın.
Beləcə, cəmiyyətdə müəyyən mənalarda həm işdə, həm evdə uzun müddət təzyiq altında qalan qadınlar bir tərəfdən də uşaqları üzərindəki məsuliyyətlərini icra edirlər. Cəmiyyətin oturuşmuş patriarxal düşüncə tərzinin onları saldığı bu labirintin içində sağa-sola vurnuxa-vurnuxa həyatlarını keçirir, birinin anası, birinin gəlini, birinin arvadı, birinin qızı olaraq həyatlarını yaşayırlar. Onlardan gözlənən də budur: itaət və xidmət.