GEYİM

Cənubi Qafqazda qadınlar geyimi və makiyajı necə seçir?

Baxış sayı: 1. 610

Dünyanın hər yerində qadınların çoxunun səhəri belə başlayır: makiyaj, geyim, saç düzümü… və evdən çıxmaq. Tək fərq odur ki, bir ölkədə xüsusi günlər üçün nəzərdə tutulmuş geyim və makiyaj digərində gündəlik sayılır.

Qərbdə isə qadınların çoxu gündəlik həyatda daha çox idman geyimlərinə üstünlük verir.

Suriyada qadınların geyimi əsasən mühafizəkar olsa da, onlar hər zaman makiyajda – qara sürmə, çəhrayı-qırmızı dodaq boyası ilə olmağa çalışır. İndoneziyada isti olduğu üçün qadınlar kosmetikadan az istifadə edirlər.

Sinqapurda isə əsasən təbii tonları seçən qadınların bəziləri çox qısa ətəklər geyinir, başqa bir qismi isə qapalılığa üstünlük verir.

Bəs Azərbaycan, Ermənistan və Gürcüstanda vəziyyət necədir?

Cənubi Qafqazda qadınların geyim və makiyaj adət-ənənələrini araşdırmaq üçün onlara gündəlik geyim və makiyajları barədə danışmağı və bizə selfie göndərməklərini xahiş etmişdik.

Bu layihə BBC-nin 100 Qadın mövsümü çərçivəsində hazırlanıb.

Azərbaycan

Mələk Ukeymə Ağazadə: Geyim seçimini bədən quruluşuma və trendə görə seçirəm. Geyimdə şıqlığa önəm verirəm, lakin gəzmək və əyləncədə rahatlıq ön planda olur. Bəyənərək aldığım hər geyimdə özümü gözəl hiss edirəm.

Hazırlaşmaq müddətim ortalama yarım saatdır. Geyimə nə qədər xərcləndiyimi deyə bilməyəcəyəm. Çünki ailəmlə birgə ildə iki dəfə mövsüm alış-verişinə gedirik. Çox bəyəndiyim bir şey olmadığı müddətcə buradan (Azərbaycan) bir şey almıram.

Kosmetik vasitələrim barmaqla sayılacaq qədərdir, ona görə demək olar ki, çox cüzi məbləğ xərcləyirəm – sadəcə bitəndə alıram. Amma ətirlər mənim üçün önəmlidir və qış və yay ətirlərim var. Onlar bitmədən belə alıram. Makiyajdan çox ətirlərə xərcləyirəm: ətirlərə ildə 800, kosmetikaya isə 100-150 manat.

Gülər Nuriyeva: Mənim üçün gündəlik geyim rahat bir cins şalvar, rahat kofta və idman ayaqqabısından ibarətdir. İşdə geyim qaydası olduğu üçün klassik geyimlərdən istifadə etməyə çalışıram. Gəzmək və əyləncəyə, yerindən asılı olaraq casual (rahat, təsadüfi, gündəlik) və ya gecə üslubunda geyinə bilərəm.

Geyim seçərkən ilk kriteriyam rahatlıqdır. Mən geyimdiyim geyimdə rahat olmalıyam, klassik geyimdə özümü narahat hiss edirəm. Mənə ən yaxın üslüb casual-dır. Hər səhər hazırlaşmağa maksimum 15 dəqiqə sərf edirəm. Ayda kosmetikaya maksimum 20-30, geyimə isə 150-200 manat xərcləyirəm.

Ermənistan

Maria Karapetyan: Qışda boyunlu çorabla don geyinməyi xoşlayıram. Rahat gündəlik don və çəkmədə hərəkətlərimdə özümü çox azad hiss edirəm. Əgər şalvar geyinsəm, cins və sərt materialdan olan şalvardan yox, yumşaq parçadan olanlara üstünlük verirəm. Hər mövsüm üçün hər gün sevə-sevə geyimdiyim xüsusi sevimli paltarlarım var, buna görə də geyimləri seçmək bir neçə dəqiqəmi alır.

Makiyaja çox az- maxsimum 5 dəqiqə həsr edirəm. Az sayda, amma keyfiyyətli kosmetik vasitə almağa çalışıram və onlardan adətən uzun müddətə istifadə edirəm. Adətən hər bir neçə aydan bir kosmetik vasitələr alıram və onlara çıxan xərcimin hesabını bilmirəm.

Gürcüstan

Tamuna Koridze: Gündəlik geyimim mürəkkəb deyil, amma makiyajı və hündür ayaqqabıları xüsusi qeyd etməliyəm.Mən zərif qadın donlarını xoşlayıram, belə özümü daha rahat hiss edirəm. Həmçinin geyimimi tamamlamaq üçün ona uyğun zərgərlik əşyası istifadə etməyi xoşlayıram. Eyni zamanda, hər zaman rənglərin balansını qorumağa çalışıram.

Adətən geyinib-keçinməyimə 20 dəqiqə sərf edirəm. Geyimə və kosmetik vasitələrə nə qədər pul xərclədiyimi deyə bilməyəcəm, çünki bu, çox da böyük məbləğ deyil.

Svetlana Daloglanyan: Bu geyimimi axşamüstü dostlarımla görüş üçün seçmişəm. Belə geyimdə özümü rahat hiss edirəm. Ümumi olaraq paltarlarımı seçməyə və geyinməyə 15 dəqiqəm gedir, makiyaja isə təxminən 20 dəqiqə sərf edirəm. İldə geyimə və kosmetikaya təxminən 3500 dollar xərcləyirəm. (BBC)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir